Tanınmış dilçi alim, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının üzvü, Türk dünyası araşdırmaları Uluslararası Elmlər Akademiyasının akademik üzvü Sayalı Sadıqovanın 65 yaşı tamam olur.
Alim 45 ildir dilçiliyin müxtəlif sahələri ilə bağlı tədqiqat aparır. Məhsuldar elmi yaradıcılığı və ictimai fəaliyyəti ilə seçilən professor Sayalı Sadıqova 1960-cı ildə Qərbi Azərbaycanın Göyçə mahalında, Krasnoselo rayonunun Cil kəndində ziyalı ailəsində anadan olmuşdur. 1967-ci ildə Cil kənd orta məktəbində birinci sinfə getmiş, 1977-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir. Həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin (APİ) Filologiya fakültəsinə daxil olmuşdur. Təhsil aldığı illərdə İnstitut Tələbə Həmkarlar təşkilatının sədri, Tələbə Elmi Cəmiyyətinin sədr müavini olmuşdur. 1981-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.
1981-1984-cü illərdə “Azərbaycan dili” ixtisası üzrə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin aspirantı olmuşdur. Elmi fəaliyyətə 1984-cü ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda kiçik elmi işçi vəzifəsi ilə başlamışdır. 1986-cı ildə “Azərbaycan ədəbi dilində termin söz birləşmələri” mövzusunda namizədlik dissertasiyasını 26 yaşında müdafiə etmişdir. S.A.Sadıqova bu sahədəki fəaliyyətini davam etdirmək məqsədi ilə 1994-1997-ci illərdə Nəsimi adına Dilçilik İnstitutunda əyani doktoranturaya qəbul olmuşdur. 1997-ci ildə doktorluq işi müzakirə olunaraq müdafiəyə buraxılmış və yenidən Terminologiya şöbəsində elmi fəaliyyətini davam etdirmişdir. 1999-cu ildə “Azərbaycan dilində fizika-riyaziyyat terminologiyasının formalaşması və inkişafı” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
S.Sadıqova 2000-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Terminologiya şöbəsinin müdiridir. 2001-ci ildən AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavini və məsul katibi, 2012-ci ildən Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavinidir. Bu illərdə onun rəhbərliyi ilə Terminologiya Komissiyasının qərarı ilə 190-a qədər terminoloji lüğət nəşr olunmuşdur. 2002-ci ildən AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının xətti ilə nəşr olunan “Terminologiya məsələləri” toplusunun redaktorudur. S.Sadıqova uzun müddət Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının, Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirmə Şurasının üzvü olmuş, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Dilçilik üzrə Müdafiə Şurasının sədr müavini və Dilçilik İnstitutunda Elmi seminarın sədridir. 2008-ci ildə AAK tərəfindən ixtisas üzrə professor adı verilmişdir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dəvəti ilə İstanbul şəhərində 16 noyabr 2012-ci il tarixində ilk iclasında iştirak etmiş, Türk dillərinin vahid terminologiyasının yaradılması sahəsində Ekspertlər Komitəsinin və Ortak Terminoloji Kurulun üzvü seçilmişdir. Türk dillərinin ortaq əlifbasının qəbul edilməsi və prinsiplərinin hazırlanmasında iştirak etmişdir. 2013-cü ildə Türki kenesi Terminologiya Komitəsinin təşkilatçılığı ilə Qazaxıstanda yaranan Türki Akademiyasında Türk dillərinin Terminologiya məsələləri termin yaradıcılığı prosesi ilə bağlı toplantıda iştirak etmiş və Türki kenesi Terminologiya Komitəsinin üzvü seçilmişdir. 2017-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Dil Komissiyasına üzv kimi daxil edilmişdir.
Azərbaycan dilçilik elminin inkişafındakı xidmətlərinə görə professor S.A.Sadıqova 12 dekabr 2005-ci ildə AMEA-nın 60 illiyi və 29 oktyabr 2010-cu ildə anadan olmasının 50 illiyi, 2020-ci ildə anadan olmasının 60 illiyi ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri fərmanı ilə təltif edilmişdir. Elmi və təşkilati fəaliyyəti yüksək qiymətləndirilərək 2015-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. 2017-ci ildə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının qərarı ilə “İlin alimi”, Azərbaycan dilinin qorunmasının təmin edilməsindəki fəaliyyətinə, Vətənə və xalqa layiqli xidmətlərinə görə “İlin nüfuzlu ziyalısı” ali media mükafatına, 2018-ci ildə yaradıcılıq fəaliyyətinə görə KİV və Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə “Qızıl qələm” media mükafatına layiq görülmüşdür. 2023-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021) Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir. 2024-cü ildə Türk dünyası araşdırmaları Uluslararası Elmlər Akademiyasının akademik üzvü seçilmişdir. 2024-cü ildə Türk dünyası araşdırmaları Uluslararası Elmlər Akademiyasının “Qızıl Ulduz” medalı ilə təltif edilmişdir.
Dilçiliyin müxtəlif sahələrinə, xüsusilə, terminologiya, leksikologiya, dil tarixi, dil nəzəriyyəsi və dil əlaqələri ilə bağlı 26 monoqrafiyanın, 10 lüğətin, 450 məqalənin müəllifidir. Müəllifin “Azərbaycan dili terminologiyasının nəzəri problemləri”, “Azərbaycan dilində terminologiyanın təşəkkülü və inkişafı”, “Терминологические словосочетания в Азербайджанском литературном языке”, “Müasir Azərbaycan ədəbi dilində termin yaradıcılığı prosesi”, “Azərbaycan dilinin terminologiyası”, üç cildlik “Dilçiliyin nəzəri problemləri”, “Azərbaycan dilində terminologiyanın standartlaşdırma formaları”, “Müstəqillik illərində terminologiyanın inkişafı”, “Azərbaycan Xalq Cümhuriyyəti və milli ədəbi dilin inkişaf tarixi” , “Azərbaycan ədəbi dilinin zənginləşmə mənbələri və inkişafı”, “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası” əsərləri dilçilik elminə qiymətli töhfədir.
Filologiya elmləri doktoru, professor Sayalı Sadıqovanın dilçiliyin ən mühüm problemlərinə - terminologiya, leksikologiya, dil tarixi, onomastikaya aid əsərləri, dövlət dilinə aid mətbuat səhifələrində tez-tez dərc olunan məqalələri, kütləvi informasiya vasitələrində çıxışları respublikamızın elmi ictimaiyyəti tərəfindən maraqla qarşılanır. Azərbaycan dilçiliyinin müxtəlif sahələrinə həsr edilmiş çoxşaxəli yaradıcılığı, yenilikçi olması ilə diqqət mərkəzindədir. Görkəmli alimin pedaqoji və elmi fəaliyyəti, yazdığı sanballı əsərlər, yetişdirdiyi kadrlar fədakar alim fəaliyyətinin parlaq nümunəsidir. Şərəfli bir ömür yaşayan, məhsuldar elmi yaradıcılığı ilə Azərbaycan dilçiliyinə mühüm töhfələr verən professor Sayalı Sadıqovanın 65 illik ömür yolunu təbrik edirik.
Mahirə HÜSEYNOVA, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.