Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Elm-mədəniyyət mərkəzindən beynəlxalq idman mərkəzinə doğru
25.06.2025 10:04
  • A-
  • A
  • A+

Elm-mədəniyyət mərkəzindən beynəlxalq idman mərkəzinə doğru

“Siz bilirsiniz ki, mən dəfələrlə Gəncədə olmuşam, sizin yanınıza gəlmişəm, sizinlə bir yerdə olmuşam. Müxtəlif məsələləri bir yerdə müzakirə edib həll etmişik. Sizə səmimi deyə bilərəm ki, budəfəki gəlişim məni çox sevindirir. Mən görəndə ki, Gəncə yeniləşir, abadlaşır, yeni müəssisələr yaradılır, yeni iş yerləri açılır, insanların əhvali-ruhiyyəsi yüksəlir, bu, məni çox sevindirir. Mən çox şadam ki, bu gözəl gündə sizinlə bir yerdəyəm və sizi əmin etmək istəyirəm ki, bundan sonra da biz daim bir yerdə olacağıq”.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu sözləri 2003-cü ilin 5 oktyabrnda baş nazir vəzifəsində çalışarkən Gəncəyə səfəri zamanı şəhər sakinləri ilə görüşündə demişdir.

O gündən bizi 22 il ayırsa da, Prezident İlham Əliyevin 9 aprel 2024-cü ildə Gəncə şəhərinə 19-cu səfəri bu illər boyunca nəinki Gəncədə, ölkə miqyasında reallaşmış, həyata vəsiqə qazanmış mühüm nailiyyətlər, müqəddəs tarixi zəfərlər, böyük uğurlarla yadda qaldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 yanvar 2012-ci ildə Gəncə Dövlət Filarmoniyasının təməlqoyma mərasimindən sonra şəhər sakinləri ilə görüşərkən söylədiyi: "Gəncə böyük incəsənət mərkəzinə çevrilməlidir. Burada beynəlxalq tədbirlər, festivallar keçiriləcəkdir. Bu, Gəncənin mədəni həyatı üçün çox böyük əhəmiyyət kəsb edir. Bu vaxta qədər, yenə də deyirəm, burada çox iş görülüb. Bu gün böyük zavod açılır, hərtərəfli inkişaf gedir" fikirlərindən qısa zaman sonra Gəncə beynəlxalq, yerli elmi-mədəni və ictimai tədbirlərin keçirildiyi məkana çevirildi. Xüsusilə Prezident İlham Əliyevin himayədarlığı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərinin, üzvlərinin dəfələrlə Gəncədə olmaları, burada beynəlxalq konfranslarda iştirak etmələri, bu kimi saysız-hesabsız tədbirlər bütün bunlara bariz nümunədir.

Möhtərəm Prezidentimiz 2003-cü ildən bu günədək Gəncənin ədəbi-mədəni həyatının çiçəklənməsi üçün olduqca mühüm, tarixi ilklərə imza atıb. Bu ilklər sırasında Gəncənin Şərq girişində dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsinin yenidən qurulmuş, genişləndirilmiş, yaşıllaşdırılmış ərazisi, Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş əzəmətli Nizami Gəncəvi Muzeyi, Gəncə şəhərinin girişində tarixi dolğunluğu özündə əks etdirən bənzərsiz tarixi abidə kompleksi - Qala Qapıları Arxeologiya və Etnoqrafiya Muzeyi, Gəncə şəhərinin Qərb girişində Heydər Əliyev Mərkəzi və Heydər Əliyev Park Kompleksi bu şəhərin müasir görünüşünün, inkişafının möhtərəm Prezidentimizin şah əsəri olduğunun təzahürüdür. Gəncə şəhərini mühüm incəsənət mərkəzinə çevirməyi qarşıya məqsəd qoyan cənab İlham Əliyev bu sahədə inamlı və əmin addımlarla yüksək amala, məqsədə nail oldu.

İmamzadə dini kompleksinin təmir və bərpadan sonra din, mədəniyyət və elm mərkəzi kimi tarixi görünüşü və müasir standartları ilə istifadəyə verilməsi, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə Cavad Xana ucaldılan tarixi Türbə, Məhsəti Gəncəvi Mərkəzinin inşa edilib şəhər sakinlərinin, mədəniyyətsevərlərin istifadəsinə verilməsi, Comərd Qəssab türbəsinin bərpa edilərək qapılarının ziyarətçilərinin üzünə açılması, Gəncə Dövlət Filarmoniyasının, Gəncə Dövlət Dram Teatrıının, ən müasir standartlara cavab verən təhsil ocaqlarının, xəstəxanaların, digər ictimai-iaşə obyektlərin istifadəyə verilməsi milii-mənəvi dəyərlərimizin yaşadılmasına yönələn uğurlu siyasətin mühüm tərkib hissəsidir.

Cənab İlham Əliyevin 2003-cü ildən etibarən ardıcıl və məqsədyönlü, uzaqgörənliklə həyata keçirdiyi daxili və xarici siyasət hər bir Azərbaycan vətəndaşının, o cümlədən Gəncə şəhərinin, sakinlərinin həyatında özünü parlaq şəkildə nümayiş etdirir.

Cənab Prezidentin regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirdiyi ardıcıl və mərhələli proqramlar hər bir bölgəmizdə, o cümlədən Gəncə şəhərində müsbət dinamika göstərir.

Artıq Gəncə şəhəri möhtərəm Prezidentimizin yüksək diqqət və qayğısı ilə elm, sənaye, ədəbiyyat və mədəniyyət mərkəzindən idman şəhərinə, idman mərkəzinə çevirilib. Gəncə şəhərinin 2025-ci ildə MDB-nin idman paytaxtı seçilməsi Prezident İlham Əliyevin uğurlu siyasət mexanizminin nəticəsi, bəhrəsidir.

Cənab İlham Əliyev hələ Milli Olimpiya Komitəsinin prezidenti olduğu dövrdən Azərbaycanı dünyaya idman ölkəsi kmi tanıtmağı qarşısına məqsəd qoymuşdur ki, biz də keçən dövr ərzində bu tarixi siyasətin uğurlu nəticələrini görürük.

1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi idman sahəsində uğurlu inkişafın əsas mərhələsi oldu. Milli Olimpiya Komitəsinin prezidenti olduğu ilk dövrlərdən cənab İlham Əliyev ölkəmizdə idmanın bütün sahələrinin inkişafı, idmançılara yüksək səviyyədə qayğı və diqqəti, idman komplekslərinin müasir tələblərə cavab verəcək səviyyədə qurulması və ən əsası Olimpiya Oyunlarında idmançılarımızın uğurlu iştirakı üçün tarixi xidmətlər göstərmişdir. Məhz bu gərgin zəhmətin nəticəsidir ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi böyük nüfuz qazanmışdır.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 12 dekabr 2002-ci ildə Gəncədə ilk Olimpiya İdman Kompleksinin açılışında iştirak edərkən söylədiyi tarixi nitq bir daha isbat etdi ki, qazanılan uğurlar, nailiyyətlər təsadüfi xarakter daşımır.  Yenidən zaman fərqi ilə eyni məkanda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 31 oktyabr 2006-cı ildə Gəncə Olimpiya İdman Kompleksinin qapalı üzgüçülük hovuzunu istifadəyə verdilər.

Tarixi Ata vəsiyyəti ilə Azərbaycanımızın ərazi bütövlüyünü, suverenliyini bərpa edən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Gəncəyə qalib xalqın qalib Lideri kimi gəldi. Bu hər bir Azərbaycan vətəndaşı, o cümlədən gəncəlilər üçün də böyük qürur, xoşbəxtlikdir. Möhtərəm Prezidentimiz 19-cu səfərində açılışını etdiyi Gəncə İdman Sarayı və əsasını qoyduğu Gəncə şəhər stadionu bir daha Müzəffər Ali Baş Komandan İlham Əliyevin Gəncə ilə bağlı strateji planlarının anonsunu vermişdi. Cənab Prezidentimiz yaxın gələcəkdə 44 günlük Vətən müharibəsində sinəsini düşmənin xain raket hücumlarına sipər edən bu qədim, qəhrəman şəhəri də bölgənin, dünyanın ən nüfuzlu idman yarışlarının keçirləcəyi bir şəhərə çevirəcəkdir. Təsadüfi deyil ki, müasir şəraitinə, sahib olduğu imkanlara görə MDB məkanında ilk olan belə idman ocağı da məhz Gəncə şəhərində inşa edilmişdir ki, bu da Ali Baş Komandanın Nizami yurduna, sakinlərinə böyük qayğısının ən bariz təzahürlərindən biridir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 dekabr 2024-cü ildə ilin idman yekunlarına həsr olunmuş mərasimdə Gəncə ilə bağlı səsləndirdiyi fikirlər idman ictimaiyyəti ilə yanaşı, Nizami yurdunun sakinlərini də çox sevindirdi:  "Gəncə şəhəri MDB Oyunlarının mərkəzi olacaq. Gəncədə yeni stadion inşa edilir və Oyunlara qədər istismara verilməlidir. Eyni zamanda, bir neçə ay bundan əvvəl Gəncədə ölkəmizin böyük Olimpiya İdman Kompleksi açılıb. Hətta Bakı şəhərində bu boyda və bu qədər funksional standartlara cavab verən Olimpiya Kompleksi olmayıb. Üçüncü MDB Oyunlarında 7 min idmançının iştirakı gözlənilir. Əgər biz 2015-ci ilin Avropa Oyunları ilə müqayisə etsək, o vaxt təqribən 5000-5500 iştirakçı var idi. Gəncə şəhərində isə 7000 iştirakçını, onların komandalarını, heyətlərini qəbul etmək üçün əlbəttə ki, şərait yaradılmalıdır və müvafiq göstərişlər verildi".

Ötən hər gün bizi o möhtəşəm tədbirə yaxınlaşdırır. Azərbaycan Prezidentinin Nizami yurdunun gənc idmançılarına etimadı onların məsuliyyətini ikiqat artırır.

Bu gün Gəncə şəhərində çox böyük təmir-bərpa işləri aparılır, şəhər nəqliyyatı tamamilə yenilənir, tarixi binaların bərpası və digər infrastruktur layihələri icra edilir. Bütün qüvvələr və ehtiyat mənbələri səfərbərliyə alınıb ki, qədim Gəncə şəhəri MDB məkanını təmsil edəcək qonaqlara öz gözəlliyi, eyni zamanda, tarixi siması və müasirliyi ilə təqdim edilsin.

Prezident cənab İlham Əliyevin böyük etimadını doğruldan şəhər sakinləri böyük izdihamın əhatəsində eyni duyğu və düşüncə ilə 15 İyun - Milli Qurtuluş Günündə Ulu Öndərin adını daşıyan əzəmətli parkda Nizami Gəncəvi yurdunun ev sahibliyi edəcəyi idman yarışının rəsmi sertifikatını əldə etdi. Nizami yurduna rəsmi olaraq 2025-ci il üçün Müstəqil Dövlətlər Birliyinin İdman Paytaxtı olmasını özündə əks etdirən Sertifikatın təqdim edilməsinin 15 İyun - Milli Qurtuluş Günü ilə üst-üstə düşməsi heç də təsadüfi deyil. 1993-cü ilin iyununda Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhkükəsi ilə üz-üzə qaldığı bir dönəmdə Ulu Öndər Azərbaycana qayıtdıqdan sonra ilk səfər etdiyi şəhər Gəncə oldu ki, bununla da həmin gün xalqımızın tarixinə Milli Qurtuluş Günü kimi həkk edildi.

Təntənəli təqdimat mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin müdiri Elnur Məmmədov, MDB İcraiyyə Komitəsinin İctimai, sosial və humanitar sahələr üzrə əməkdaşlıq departamentinin direktor müavini Manuçehir Hojizadə, şəhər rəsmiləri, idarə və müəssisə rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak etdilər.

Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan böyük idman tədbirindəki çıxışlarda tədbirin 15 İyun - Milli Qurtuluş Günündə keçirilməsinin xüsusi rəmzi məna daşıdığı vurğulandı.

Beləliklə, Gəncə şəhərində bütün sahələrdə həyata keçirilən layihələr "Dahi Nizami Gəncəvinin vətəni olan Gəncə" kimi müdrik fikirləri ilə Gəncəni çox sevən möhtərəm Prezidentimiz İlham Əliyevin və "Gəncə Azərbaycanın döyünən ürəyidir" kəlamları ilə Gəncəyə mənəvi tellərlə çox bağlı olduğunu hər zaman vurğulayan Birinci vitse-prezident Mehriban Əliyevanın qədimliyini qorumaqla müasirləşən Gəncəni daim diqqət mərkəzində saxladıqlarının təzahürüdür.

Əlimuxtar MUXTAROV, AMEA Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini filologiya üzrə fəlsəfə doktoru, dosent

“Respublika” qəzeti

  • Paylaş: