Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.07.2025 18:20
  • A-
  • A
  • A+

İctimai Elmlər Bölməsinin Elmi şurasının iclasında süni intellektə dair məruzə dinlənilib

İctimai Elmlər Bölməsinin Elmi şurasının iclasında süni intellektə dair məruzə dinlənilib

İyulun 4-də AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının növbəti iclası keçirilib.

İclası AMEA-nın vitse-prezidenti v.i.e., İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri akademik Gövhər Baxşəliyeva açaraq tədbirin gündəliyini iştirakçıların diqqətinə çatdırıb.

Akademik Gövhər Baxşəliyeva iclasda “Süni intellektin aktual etik problemləri” mövzusunda məruzənin dinləniləcəyini bildirib.

Daha sonra AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə məruzəsini təqdim edib.

Professor İlham Məmmədzadə bildirib ki, ölkə başçısının “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyasının təsdiq edilməsi haqqında” 19 mart 2025-ci il tarixli Sərəncamı ölkəmizin inkişafında xüsusi önəm kəsb edir.

Məruzəçi bildirib ki, süni intellekt fəlsəfəsi mövzusuna bir neçə məqalə və kitabın nəşri ilə ifadə olunmuş marağımız, təbii ki, bizi şüur fəlsəfəsi və süni intellekt haqqında biliklərin şüurumuz barəsində yeni bir şey öyrənməyə, etikada yeni bilik əldə etməyə imkan verə biləcəyi xüsusunda düşüncələrə gətirib çıxarıb. Onun sözlərinə görə, belə bir anlayış formalaşıb ki, bu məsələnin aktuallığı yalnız fəlsəfə sahəsi ilə məhdudlaşmır və bundan başqa şüur fəlsəfəsi olmadan fəlsəfə və elmi məhz nəyin vahidi bir tam halında (bunun isə, əlbəttə, ziddiyyətsiz olmadığını bəzən unudan təkcə filosoflar deyil) birləşdirdiyini aydınlaşdırmaq və başa düşmək mümkün deyil. Alim vurğulayıb ki, varlıq, ontologiya və etika problemləri şüurun mahiyyəti barədə düşüncələr, şüur və beyin haqqında biliklər olmadan filosofun onları necə dərk etdiyi nəzərə alınmadan konseptual surətdə ifadə oluna bilməz: “Şüur fəlsəfəsi, həmçinin müasir elm fəlsəfəsi və fəlsəfə tarixinin, fənlərarası tədqiqatların, gələcəyin elm və təhsili haqqında təsəvvürlərin necə olmağının, onların (həmçinin, şüur və biliyin və s.) bir-birini necə keçdiyinin, qarşılıqlı münasibət və təsirdə bulunduğunun dərkinə gətirib çıxarır. Əlbəttə, bu çıxışda həmin problematikaya yalnız girişdən və hətta, artıq bizim ön sözümüzdən bəhs edilir və bu qeyd, fikrimizcə, əhəmiyyət kəsb edir. Fəlsəfə və elmdə, təhsildə, o cümlədən, bir çox müasir elmi məktəb və cərəyanların irsi və yaradıcılığında şüurun və etikanın bu cür təhlili baxımından çox şeyə yenidən nəzər salmağın vaxtı çatmışdır”.

Alim onu da bildirib ki, şüur fəlsəfəsi aktual olub, onun barəsində neyrofiziologiya, biologiya və neyroanatomiyanın və i.a. müvafiq empirik məlumatlar verməməsindən çıxış edərək, şüurun beyində mövcudluğunu inkar edənlər də düşünürlər. Məsələn, bu kontentə tanınmış Avstraliya-Amerika filosofu D.Dennet əsaslanır və belə hesab edir ki, buna rəğmən, şüur informasiya axınlarının beyindən nitq sisteminə, yəni dildə ifadə olunmaqlığa necə keçdiyini izah edən və ya izah etməli olan proseslərin məzmunu deməkdir. Hərçənd, onun özü xəbardarlıq edirdi ki, bununla belə, dilin rolunu şişirtmək olmaz. Bu barədə o, özünün izah olunmuş şüur kitabında yazır (Dennet D.C. Consciousness Explained / London. Penguin Books, 1993, 511 s. - s. 434). O, həmçinin qeyd edirdi ki, onun əsərlərinə “..əzəli “Kontent və şüur” layihəsinin inkişafı kimi baxmaq lazımdır (V.V. Vasiliev, Deniel Dennett. İnsan və filosof / Fəlsəfə məsələləri, 2024, № 8, s. 19). Digər müəlliflər, məsələn, həmin T.M.Ryabuşkin, şüurlu təcrübə ola biləcək təcrübəyə xüsusi əhəmiyyət verir. D.İ.Dubrov­ski subyektiv reallıq ilə beyin prosesləri arasında əlaqə hadisələrinin xarakteri haqqında mühakimə yürüdür və hesab edir ki, informasiya yanaşması bu əlaqani izah etməyə və əsaslandırmağa imkan verəcəkdir (D.İ.Dubrovski. Şüurun neyroelmi tədqiqatlarının ümumi süni intellektin yaradılması ücũn əhəmiyyəti (metodoloji məsələlər) / “Fəlsəfə məsələləri”, 2022. № 2, s. 83-84). Beləliklə, bəziləri, hətta, Dennet kimi, şüurun beyində yerləşdiyini inkar etdikdə belə, buna baxmayaraq bizim kimí, hesab edir ki, bu, şüur haqqında düşüncələri aradan qaldırmır, əksinə, şərtləndirir. Etikada belə biliklər yeni yanaşma tələb edir, bunu bioetik yanaşma da adlandırmaq olar.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb. Elmi şura üzvləri məruzəni yüksək dəyərləndirib, “Elm” qəzetində çapını tövsiyə ediblər.

İclasda, o cümlədən bir sıra elmi-təşkilati və kadr məsələləri də müzakirə olunub.

AMEA-nın İEB-nin elmi tədqiqat müəssisələrinin 2025-ci il üzrə yarımillik elmi təşkilati hesabatları müzakirə olunub. Bölmənin elmi tədqiqat müəssisələrində həyata keçirilən tədbirlər, elmi tədqiqat işləri, eləcə də statistik göstəricilərdən söz açılıb. Diqqətə çatdırılıb ki, cari ildə İctimai Elmlər Bölməsinin elmi tədqiqat müəssisələri üzrə 2025-ci ilin birinci yarısı üçün çap olunan kitabların sayı 23 (1-i xaricdə), monoqrafiyaların sayı 37 (5-i xaricdə), 449 məqalədən (107-si xaricdə), 329 tezisdən (110-u xaricdə) impakt faktorlu (Web of Science və Scopus) jurnallarında çap olunan məqalələrin sayı 20-dir. Eləcə də, 2025-ci ilnin birinci yarısı üçün keçirilən respublika səviyyəli tədbirlərin sayı 68, beynəlxalq səviyyəli konfransların sayı 10-dur. Bölmənin elmi tədqiqat müəssisələri üzrə xarici ezamiyyələrin sayı 70-dir. Cari ilin birinci yarım ili üçün elmi tədqiqat müəssisələrində fəlsəfə doktoru hazırlığı üzrə müdafiə edənlərin sayı 4, elmlər doktoru hazırlığı üzrə müdafiə edənlərin sayı 3-dür.

Sonra “AMEA-da ekspe­disiya­ların təşkili üzrə Komissiyanın yaradılması haqqında” 23 aprel 2024-cü il tarixli 13/8 saylı qərara dəyişiklik edilməsi, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda daxili imkanlar hesabına və mövcud ştat vahidi əsasında Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin bazasında İdentiklik, multikulturalizm və azərbaycançılıq fəlsəfəsi, eləcə də İnformasiya cəmiyyəti və rəqəmsal inkişaf fəlsəfəsi şöbəsinin bazasında Rəqəmsal inkişaf və süni intellektin fəlsəfi problemləri şöbələrinin yaradılması haqqında məsələlər müzakirə olunub, AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.

İclasda tarix elmləri doktoru Elçin Qarayevin AMEA-nın Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin baş elmi işçi vəzifəsinə təsdiq edilməsi məsələsinə də baxılıb.

Daha sonra akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Beynəlxalq münasibətlər” ixtisası üzrə (590101) II il əyani doktorantı Əli Əliyevin hərbi çağırışa çağrıldığı üçün təhsilində möhlət verilməsi haqqında  məsələsi müzakirə olunub.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: