İyulun 10-da Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunda bu müəssisənin 80 illik yubileyinə həsr olunan “Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının torpaq və su resursları: problemlər və perspektivlər” mövzusunda elmi-praktiki konfrans işə başlayıb.
İki gün davam edəcək tədbirin əsas məqsədi işğaldan azad olunmuş ərazilərin torpaq və su ehtiyatlarının öyrənilməsi, qorunması və səmərəli istifadəsi ilə bağlı problemlərin elmi əsaslarla müzakirəsi və perspektiv istiqamətlərin müəyyənləşdirilməsidir.
Konfrans ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunun nəzdində fəaliyyət göstərən Torpaq Muzeyinin yenidənqurmadan sonra açılışı ilə başlayıb.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ardınca Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elmi-praktiki konfransı giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq tədbirin müasir Azərbaycanın inkişaf strategiyasına, dövlətimizin məqsədyönlü siyasətinin həyata keçirilməsinə töhfə vermək baxımından mühüm elmi və strateji əhəmiyyət daşıdığını vurğulayıb.
O, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu hüquqi dövlət quruculuğu siyasətinin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayaraq, ölkə başçısının “dəmir yumruğu” ilə tarixi zəfərin qazanıldığı, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edildiyi müasir dövrdə Azərbaycanın özünün yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib. Akademik İsa Həbibbəyli qeyd edib ki, bugünkü konfrans torpaqşünas alimlərin və aqrokimyaçı mütəxəssislərin müstəqil Azərbaycanın davamlı inkişafına töhfə verə biləcək məqsədyönlü təşəbbüslərini, səmərəli təkliflərini və onların reallaşdırılması yollarını ortaya qoyacaq.
Akademik İsa Həbibbəyli işğaldan azad olunmuş ərazilərdə torpaq və su ehtiyatlarının elmi əsaslarla öyrənilməsinin və qiymətləndirilməsinin ölkəmizin gələcək inkişafı üçün mühüm rol oynadığını deyib. O, Torpaqşünaslıq və Aqrokimya İnstitutu tərəfindən işğaldan azad edilmiş Qarabağ ərazisində kəhrizlərin üzə çıxarılması, bərpa olunması və istismara verilməsi istiqamətində mühüm layihələrin həyata keçirildiyini söyləyib. Həmçinin Azərbaycanın eroziyaya uğramış və eroziya təhlükəsi olan torpaqlarının bərpa olunması istiqamətində institutun mütəxəssisləri tərəfindən mühüm elmi tədqiqatların aparıldığını, əməli işlərin görüldüyünü bildirib.
AMEA-nın prezidenti bildirib ki, zəngin torpaq ehtiyatlarına malik olan ölkəmizdə əkinçilik mədəniyyətinin, kənd təsərrüfatının və ümumilikdə aqrar sahənin inkişaf etdirilməsi, müasir dövrün rəqabətədavamlı texnologiyalarından istifadə əsasında Azərbaycanın dünya bazarındakı mövqeyinin gücləndirilməsi və ərzaq təhlükəsizliyinin təmin edilməsinə töhfə verilməsi mühüm prioritetlərdəndir: “Bu gün keçirilən konfrans həmin strateji hədəflərin reallaşdırılması istiqamətində mühüm elmi müzakirələrin aparılmasına və praktiki qərarların qəbuluna zəmin yaradacaqdır”.
Akademik İsa Həbibbəyli Torpaqşünaslıq və Aqrokimya İnstitutunun 80 illik yubileyinə həsr olunmuş konfransı müvafiq sahədə əldə olunan mühüm elmi nailiyyətlərin geniş ictimaiyyət qarşısında təqdim olunması baxımından uğurlu bir hesabat tədbiri kimi də yüksək qiymətləndirib.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Elmi müəssisələrlə iş şöbəsinin müdiri Mübariz Hacıbəyov çıxışında hazırda Azərbaycanın iqtisadi rayonlarında yenidən təşkiletmə işlərinin aparıldığını, yeni iqtisadi rayonlar arasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının xüsusi yer tutduğunu bildirib. O vurğulayıb ki, elmi ictimaiyyətin qarşısında əsas vəzifə bu rayonlarda genişmiqyaslı elmi-tədqiqat işlərinin aparılmasıdır.
İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev müəssisənin 80 illik fəaliyyətinə nəzər salaraq əldə olunan elmi nailiyyətlərdən, strateji əhəmiyyət daşıyan tədqiqat işlərindən danışıb. O, işğaldan azad olunan ərazilərdə torpaq və su ehtiyatları ilə bağlı aparılan elmi tədqiqatlardan bəhs edib. Əlövsət Quliyev, həmçinin institutun beynəlxalq əlaqələrindən, laboratoriya bazasının gücləndirilməsindən və iqlim dəyişikliklərinin torpaq sistemlərinə təsirini araşdıran layihələrdən danışıb. Direktor qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında torpaq və su ehtiyatlarının tədqiqi məsələsi institutun əsas prioritet istiqamətlərindəndir.
AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova Torpaq Muzeyinin yaradılması və burada nümunələrin toplanması istiqamətində görülən işləri yüksək qiymətləndirib və torpaqşünaslıq elminin inkişafında görkəmli alimlərin rolunu qeyd edib.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışında institutun Azərbaycan torpaqlarının meliorasiyası və xəritələşdirilməsi sahəsindəki nailiyyətlərini vurğulayıb. O, institutun torpaq təsnifatlarının metodikasının hazırlanması, torpaqların deqradasiyasına qarşı mübarizə və digər sahələrdə mühüm xidmətlərini xüsusi qeyd edib. Çıxışının sonunda Anar Cəfərov institutun direktoru adına 80 illik yubiley münasibətilə xüsusi hazırlanmış təşəkkür plaketini təqdim edib.
Konfransda AMEA-nın müxbir üzvü Amin İsmayılov “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının torpaq ehtiyatlarından səmərəli istifadənin elmi əsasları” mövzusunda məruzə ilə çıxış edib.
Onlayn formatda çıxış edən aqrar elmlər doktoru, professor Amin Babayev isə “Qarabağda orqanik (ekoloji) kənd təsərrüfatının inkişaf etdirilməsinin aqroekoloji aspektləri” mövzusunu təqdim edib.
Konfransda, həmçinin SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri Ruhəngiz Heydərova, Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru a.e.ü.f.d., dosent Faiq Xudayev və Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev və başqaları çıxış ediblər.
Daha sonra konfrans öz işini bölmə iclasları ilə davam etdirib. Bölmə iclaslarında “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında dağ-meşə torpaqlarının morfogenetik diaqnostikası”, “Su ehtiyatlarının idarə edilməsində rəqəmsal texnologiyaların rolu”, “Su mənbələrində aerokosmik monitorinq sistemi”, “Qlobal iqlim dəyişikliyi kontekstində Şərqi Zəngəzurda torpaq və ekoloji sistemlərin mühafizəsi”, “Mühit faktorlarının canlı orqanizmə təsiri” və digər mövzularda məruzələr dinlənilib.
Qeyd edək ki, tədbir 11 iyul tarixində başa çatacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.