Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

09.09.2025 15:24
  • A-
  • A
  • A+

Pakistanlı alim Əlyazmalar İnstitutunun qonağı olub

Pakistanlı alim Əlyazmalar İnstitutunun qonağı olub

Pakistanın Ravalpindi vilayətinin E.Qordon adına Dövlət Kollecinin Fars dili və ədəbiyyatı kafedrasının sabiq müdiri, Lahor Universitetinin professoru, şərqşünas alim, fars ədəbiyyatı doktoru Arif Nouşahi (A.Naushahi) AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olub.

Qonağı institutun direktoru akademik Teymur Kərimli və elmi işlər üzrə direktor müavini, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri fil.ü.f.d., dosent Əkrəm Bağırov qəbul edib. Görüşdə qonağa institutun tarixi, beynəlxalq əlaqələri, burada mühafizə olunan əlyazmalar və yerinə yetirilən tədqiqat işləri, o cümlədən elmi-tədqiqat müəssisəmizin UNESCO-nun “Dünya Yaddaşı” Proqramına daxil edilən 5 unikal əlyazması barədə ətraflı məlumat verilib.

Görüş əsnasında prof. A.Nouşahi akademik T.Kərimliyə müəllifi olduğu farsdilli əlyazma əsərlərinin kataloqlarından bir neçəsini və “İbn Sina: həyatı və əsərləri haqqında qısa tədqiqat” kitabını təqdim edib. Akademik T.Kərimli isə öz növbəsində qonağa “Azərbaycan Multidissiplinar əlyazması: Xəzinədən incilər” kitabının ingiliscə versiyasını hədiyyə edib.

Daha sonra pakistanlı alim institutun Ekspozisiya zalı, burada sərgilənən qədim və nadir əlyazma nümunələri, Azərbaycan Demokratik Respublikasının Parlamenti və H.Z.Tağıyev guşələri ilə tanış olub, elmi-tədqiqat müəssisəsinin fondlarını ziyarət edib.

Sonda professor Arif Nouşahi Əlyazmalar institutunun xatirə kitabına ürək sözlərini yazıb. Görüş iştirakçılarının xatirə şəkli çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: