Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunda İran İslam Respublikasının Təbriz Universitetinin Kənd Təsərrüfatı fakültəsinin professoru, Su mühəndisliyi kafedrasının (Hidroinformatika bölməsi) tanınmış alimi Dr. Məhəmməd Tağı Səttari ilə görüş keçirilib.
Görüşdə qonaqları institutun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev, icraçı direktor v.i.e. b.ü.f.d., dos. Gülçöhrə Hüseynova və institutun əməkdaşları qarşılayıblar.
Dr. Məhəmməd Tağı Səttari çıxışında öz elmi fəaliyyəti barədə məlumat verib və Google Scholar bazasında yerləşən məqalələrini təqdim edib. Alim əsasən su ehtiyatlarının idarə olunması, hidroloji proseslərin modelləşdirilməsi və süni intellekt metodlarının tətbiqi mövzularına toxunub. O, həmçinin yağıntı məlumatlarının emalı, çay axınlarının və buxarlanma proseslərinin proqnozlaşdırılması, yeraltı suların keyfiyyətinin qiymətləndirilməsi sahəsində apardığı araşdırmaların nəticələrini paylaşaraq, praktik tövsiyələr verib.
Görüş zamanı institut əməkdaşları ilə elmi müzakirələr aparılıb, qarşılıqlı sual-cavab sessiyaları keçirilib və gələcəkdə əməkdaşlıq imkanları nəzərdən keçirilib. Alim və institut nümayəndələri, xüsusilə hidroinformatika sahəsində birgə tədqiqatların aparılmasının əhəmiyyətini vurğulayıblar.
Səmərəli elmi müzakirələr və fikir mübadiləsi ilə yadda qalan görüş, həm Azərbaycan, həm də İran İslam Respublikasının alimləri arasında elmi əlaqələrin gücləndirilməsi üçün yeni perspektivlər açıb.
Qonaq, həmçinin yenidən qurulmuş və zənginləşdirilmiş Torpaq Muzeyinə baş çəkib. Muzeydə nümayiş olunan, Azərbaycanın torpaq müxtəlifliyini və zəngin aqrar potensialını əks etdirən eksponatlar qonağın böyük marağına səbəb olub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.