Martın 11-də AMEA Geologiya və Geofizika İnstitutunda elmi şuranın növbəti iclası keçirilib.
Tədbiri müəssisənin elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov açıb və iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
Sonra institutun Qaz-kondensat yataqlarının işlənilməsi və istismarı şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Zöhhak Abbasov və SOCAR-ın "Neftqazelmitədqiqatlayihə" İnstitutunun Birgə işlənilən yataqlar üzrə məlumatlar bazası və modelləşdirmə şöbəsinin rəis müavini, texnika elmləri namizədi, dosent Natiq Həmidov tərəfindən birgə hazırlanmış “Tükənmə rejimində işləyən qaz-kondensat yataqlarının son işlənilmə mərhələsində yaranan çətinliklər və onların aradan qaldırılma yolları” mövzusunda məruzə dinlənilib.
Tədbirdə, həmçinin qrant layihələrinin yerinə yetirilməsinin gedişatı ilə bağlı müzakirələr aparılıb. “Neft məhsullarının neft şlamlarından ayrılması prosesinin intensivləşdirilməsi və texnoloji rejimin təyin edilməsi”, “Ehtiyatları çətin çıxarıla bilən yataqların işlənilməsinin innovasion kompleks texniki-texnoloji üsullarının yaradılması və proqram təminatı”, “Yüksək radon konsentrasiyası müşahidə olunmuş Şamaxı-İsmayıllı və Şəki-Zaqatala zonalarında radonun həcmi aktivliyinin təbiətinin tədqiqi, radon qazının insan səhhətinə təsirinin qiymətləndirilməsi və bu təsirin aradan qaldırılması üçün tədbirlərin işlənib hazırlanması” və s. layihələrin icrası barədə geniş məlumat verilib.
Tədbirdə institutun strukturunda qismən dəyişiklik edilməsi, kadr və digər məsələlər ətrafında müzakirələr aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.