Bolqarıstanın Yepiskop Konstantin Preslavski adına Şumen Universitetinin doktorantı, Almaniyanın Azad Berlin Universitetinin tədqiqatçısı Salih Sevarski AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olub.
Qonağı institutun elmi işlər üzrə direktor müavini, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri fil.ü.f.d., dosent Əkrəm Bağırov qarşılayıb. Görüşdə həmçinin institutun elmi katibi tarix ü.f.d., dosent Aynur Hacıqədirli və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fəridə Həsənova iştirak ediblər.
Görüş zamanı Əkrəm Bağırov qonağa Əlyazmalar İnstitutunun tarixi, burada mühafizə olunan əlyazmalar, institutda aparılan elmi-tədqiqat işləri barədə geniş məlumat verib.
Salih Sevarski öz elmi fəaliyyətindən bəhs edərək bildirib ki, hazırda Konstantin Preslavski adına Şumen Universitetinin Türk dilləri kafedrasının Osmanlı bölümü üzrə “Haydarinin şeirinə analitik yanaşma” mövzusunda tədqiqat aparır. Araşdırmalar zamanı Haydari poeziyasında Füzuli və Nəsiminin təxmis ənənələri ilə səsləşən cizgilər aşkar olunub ki, bu da Balkanlarda klassik Azərbaycan poeziyasının təsirini öyrənmək baxımından əhəmiyyətlidir.
O, Bolqarıstanda Füzuli və Nəsimi yaradıcılığına dair mənbələrin azlığının tədqiqat işində müəyyən çətinliklər yaratdığını qeyd edib. Bildirib ki, Bakıya səfərinin əsas məqsədi Füzulişünas və Nəsimişünas alimlərlə görüşərək yeni məlumat toplamaq, onların bilik və təcrübəsindən yararlanmaq və klassik Azərbaycan poeziyasının seçilmiş nümunələrini bolqar dilinə tərcümə etməkdir.
Söhbət zamanı hər iki tərəf əlyazmaların tədqiqi sahəsində Azərbaycan və Bolqarıstan mütəxəssislərinin ortaq fəaliyyətinin zəruriliyindən söz açıb, birlikdə görülə biləcək işləri müzakirə ediblər. S.Sevarski göstərilən etimada və diqqətə görə institut rəhbərliyinə öz dərin minnətdarlığını bildirib.
Daha sonra qonağa institutun Ekspozisiya zalında sərgilənən qədim və nadir əlyazma nümunələri, elmi-tədqiqat müəssisəsinin fondunda mühafizə olunan yazılı abidələr, nadir eksponatlar, UNESCO-nun “Dünya yaddaşı” Beynəlxalq Reyestrinə daxil edilən əlyazma nüsxələri, o cümlədən həmin siyahıya salınan Xurşidbanu Natəvanın “Gül dəftəri” illüstrasiyalı şeirlər albomu və s. barədə ətraflı məlumat verilib. Bolqarıstan əsilli tədqiqatçı eyni zamanda Ekspozisiya zalındakı Ümummilli Lider Heydər Əliyev, Azərbaycan Demokratik Respublikasının Parlamenti və böyük mesenat H.Z.Tağıyev guşələri ilə də tanış olub.
Sonda Salih Sevarski Əlyazmalar İnstitutunun xatirə kitabına ürək sözlərini yazıb. Görüş iştirakçılarının xatirə şəkli çəkilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.