Pakistanın Müsəlman İnstitutunun (Muslim Institute) elmi tədqiqatçısı Muhammed Azeem ölkəmizdə keçirilən Nəsimi festivalı çərçivəsində AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Pakistan mərkəzində olub. İnstitutun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri fil.e.d., prof. Bədirxan Əhmədov mərkəzin fəaliyyəti ilə bağlı qonağa ətraflı məlumat verib.
Ədəbiyyat İnstitutunun direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli qonağa Pakistan Ədəbiyyatının araşdırılması ilə bağlı həyata keçirilən işlərdən bəhs edib. Ədəbiyyat İnstitunun Pakistanın Ədəbiyyat Akademiyası və Müsəlman İnstitutu və Lahor Universiteti ilə birlikdə bir sıra elmi konfrans, sessiyalar təşkil etdiklərini diqqətə çatdırıb. Pakistanın görkəmli şairi Məhəmməd İqbal haqqında institutun əməkdaşı fil.e.d. Bəsirə Əzizəliyevanın tədqiqat apardığını və eləcə də bu mövzuda monoqrafiyasının, həmçinin İqbalın əsərlərinin tərcümə edilərək kitab halında institut tərəfindən nəşr edildiyini bildirib. Pakistanın sufi şairi Sultan Bahonun əsərlərinin institut tərəfindən çapa hazırlandığını nəzərə çatdırıb.
Muhammed Azeem çıxışında Ədəbiyyat İnstitutu ilə qarşılıqlı əməkdaşlığın, birgə fəaliyyətin əhəmiyyətindən danışıb. Müsəlman İnstitutunun ikitərəfli əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb.
Görüşdə Bakı Dövlət Universitetinin urdu dili müəllimi Eldost İbrahimov və Ədəbiyyat İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Nigar İsayeva da çıxış ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.