Oktyabrın 6-da AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda “Etika” və “Sosial psixologiya” şöbələrinin “Donald Tramp və İlham Əliyev: Azərbaycan-ABŞ münasibətlərinin siyasi-psixoloji aspektləri” mövzusunda elmi seminarı keçirilib.
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru f.e.d., professor İlham Məmmədzadə çıxışında Azərbaycan-ABŞ münasibətlərinin siyasi-psixoloji aspektləri mövzusu ilə bağlı öz fikirlərini bölüşüb.
O, Prezident İlham Əliyevin müsahibəsində Azərbaycan-ABŞ münasibətlərinin siyasi-psixoloji aspektlərinin həm fəlsəfi, həm ideoloji aspektlərinin təhlil olunduğunu bildirib. Qeyd edib ki, ABŞ Prezidentinin dövlətimizin başçısına “Siz böyük lidersiniz” kimi yüksək qiymət verməsi həm Prezident İlham Əliyevə, həm də Azərbaycan xalqına verilən dəyərin bariz göstəricisidir: “Bütün bunlar Prezident İlham Əliyevin peşəkar, uzaqgörən və praqmatik siyasətinin nəticəsi kimi dəyərləndirilməlidir. Dünyanın ən böyük və nüfuzlu dövləti, supergücü ilə münasibətlərin qurulması Azərbaycan Prezidenti İlham Əliyevin uzun illər apardığı uğurlu xarici siyasəti, gərgin və uzaqgörən fəaliyyəti nəticəsində baş verib.
Sonra Sosial psixologiya şöbəsinin müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, gənc alim Günel Məlikli Prezident İlham Əliyevin müdrikliyi və uzaqgörənliyi, nəyi nə vaxt və necə həll etmək məharətinin sülhün və ədalətin bərqərar olmasına gətirib çıxardığını bildirib. Dövlət başçısının güclü intuisiyası, mühakimə qabiliyyəti və iti zəkasının hər bir vəziyyətdə optimal qərar qəbul etməyə imkan verdiyini və Müzəffər Ali Baş Komandan İlham Əliyevin heç bir dövlətin edə bilmədiyini qısa zaman ərzində həyata keçirdiyini söyləyib. Günel Məlikli Prezident Donald Trampın Azərbaycan Prezidentinin fəaliyyətinə dəyərli sözlərlə verdiyi qiyməti Ağ Evin rəmzi açarını hədiyyə etməsi ilə bir daha təsdiqlədiyini vurğulayıb.
“Bununla Prezident İlham Əliyev Donald Trampın qızıl açar bağışladığı nadir insanlardan biri oldu. Donald Trampın Azərbaycan Respublikasının Prezidenti barədə söylədiyi fikirlər, ilk növbədə, İlham Əliyevin güclü və nüfuzlu siyasətçi obrazını bir daha təsdiq edir. ABŞ görüşlərində əldə edilən qələbələr Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazılmış böyük Zəfərimizin, suverenliyimizin tam bərpasının məntiqi nəticəsidir”, - deyə Günel Məlikli vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.