Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.11.2026 10:23
  • A-
  • A
  • A+

Zəfər Günü münasibətilə AMEA-nın Gəncə Bölməsində dəyirmi masa təşkil olunub

Zəfər Günü münasibətilə AMEA-nın Gəncə Bölməsində dəyirmi masa təşkil olunub

8 Noyabr – Zəfər Günü münasibətilə AMEA-nın Gəncə Bölməsində dəyirmi masa keçirilib.

Tədbir Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi və YAP Gəncə şəhər 2 saylı ərazi partiya təşkilatı tərəfindən təşkil edilib.

İştirakçılar əvvəlcə İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın raket hücumlarının qurbanı olmuş günahsız insanların əziz xatirəsini əbədiləşdirmək və müharibənin acı reallıqlarını gələcək nəsillərə çatdırmaq məqsədilə salınmış Gəncə Memorial Kompleksini ziyarət ediblər.  Alimlər və gənc tədqiqatçılar kompleksin xatirə lövhəsi qarşısına tər güllər düzüblər. 

AMEA-nın Gəncə Bölməsinin müşavirə salonunda keçirilən tədbir Dövlət Himnimizin səsləndirilməsi və müstəqil Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin və Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən Şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Tədbiri açan AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev dəyirmi masanın iştirakçılarını bu şərəfli bayram münasibətilə təbrik edib.

O, Zəfər Gününü Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli dövlət və ordu quruculuğu strategiyasının təntənəsi kimi dəyərləndirərək, vurğulayıb ki, cənab Prezidentin rəhbərliyi ilə millətimizin həmrəyliyi və Azərbaycan əsgərinin misilsiz igidliyi sayəsində vətən torpaqlarımızın bütövlüyü tam bərqərar olub.

Akademik Fuad Əliyev bu tədbiri millətimiz üçün çox qürurlu və əziz tarixi an olan Zəfər Gününün mahiyyətinin daha dərindən anlanılması üçün vacib elmi toplantı kimi xarakterizə edib. O, vətən naminə canlarını əsirgəməyən igidlərimizin xatirəsinin daim əziz tutulduğunu, Bölmə tərəfindən Gəncənin şəhidlərinə həsr olunan kitab buraxıldığını da xatırladıb.

Sonra dəyirmi masanın məruzələri dinlənilib.

AMEA-nın Gəncə Bölməsinin sədr müavini fil.ü.f.d., dosent Əlimuxtar Muxtarov “Dəmir Yumruğun 44 gündə yazdığı Zəfər dastanı”, YAP Gəncə şəhəri 2 saylı Ərazi Partiya təşkilatının sədri Vüsal Eminbəyli “Tarixi Zəfərin hərbi və diplomatik əsasları”, AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin şöbə müdiri, fil.ü.f.d. Təranə Verdiyeva “44 gün: döyüş meydanından dünya ictimaiyyətinə”, AMEA-nın Gəncə Bölməsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Simuzər Qafarlı ”8 Noyabr Zəfərinin Lev Qumilyovun passionarlıq nəzəriyyəsi əsasında təhlili”, AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin böyük elmi işçisi  Sevinc Mirzəyeva “Zəfərdən doğuran söz: Qarabağ həqiqətlərinin Azərbaycan ədəbiyyatında bədii təcəssümü”, Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun kiçik elmi işçisi Yasin Alməmmədov “8 Noyabr Zəfəri Azərbaycan dövlətçiliyinin gücünün, milli birliyin və tarixi ədalətin təntənəsidir”, Bölmənin Diyarşünaslıq İnstitutunun böyük laborantı Nüşabə Abbasova “8 Noyabr Zəfərinin gənc nəslin milli özünüdərk və vətəndaşlıq mövqeyinin formalaşmasında rolu” mövzularında çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: