Lənkəran şəhər Heydər Əliyev mərkəzində AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş “Qarabağda yazılan Zəfər dastanı” adlı tədbir keçirilib.
Tədbirin açılışında Lənkəran şəhər Heydər Əliyev mərkəzinin direktoru Reyhanə Sadıxova çıxış edərək Azərbaycanın tarixi Zəfərinin əhəmiyyətindən, Vətən müharibəsinin qələbə ilə nəticələnməsini şərtləndirən əsas amillərdən danışıb. Bildirilib ki, xalqımızın birliyi və həmrəyliyi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı, şəhidlərimizin canı və qanı, qazilərimizin şücaəti bahasına əldə edilən bu Qələbə ölkəmizin beynəlxalq mövqeyini daha da gücləndirib, hərbi-siyasi qüdrətini və milli iradəsini bütün dünyaya nümayiş etdirib. Bu tarixi hadisə, eyni zamanda, milli kimliyimizin, mənəvi dəyərlərimizin təbliği baxımından da mühüm əhəmiyyət daşıyır.
Lənkəran Regional Elmi Mərkəzinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev “Zəfəri şərtləndirən amillər” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Zəfər anlayışının tarixi və ictimai-siyasi proseslərlə qarşılıqlı əlaqəsi diqqətə çatdırılıb. Qeyd olunub ki, Vətən müharibəsi dövründə milli birlik, mübarizə əzmi, qələbə ruhunu zənginləşdirib.
Tədbirdə Gənclərin İnkişafı və Karyera mərkəzinin Lənkəran üzrə rəhbəri Famil Məmmədov və I Qarabağ müharibəsi veteranı Saleh Dostiyevin “Zəfər 44 gündə” mövzusunda məruzəsi ilə davam edib. Məruzələrdə 44 günlük Vətən müharibəsinin həqiqətlərin dünyaya çatdırılmasına verdiyi töhfələrdən danışılıb.
Tədbir çərçivəsində Lənkəran Tibb Kollecinin və uşaq musiqi məktəbi şagirdlərinin ifasında mahnı və şeirlər səsləndirilib.
Sonda xatirə şəkli çəkilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.