Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Prezident İlham Əliyev tərəfindən alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə müəyyən edilmiş Dövlət Proqramı ölkəmizi dünyada bu istiqamətdə zəngin potensiala malik bir dövlətə çevirəcək”
15.10.2025 16:40
  • A-
  • A
  • A+

“Prezident İlham Əliyev tərəfindən alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə müəyyən edilmiş Dövlət Proqramı ölkəmizi dünyada bu istiqamətdə zəngin potensiala malik bir dövlətə çevirəcək”

Azərbaycanda COP29  tədbiri çərçivəsində və ondan sonrakı dövrdə “yaşıl iqtisadi zona”, “yaşıl enerji”, “yaşıl energetika”, “yaşıl texnologiya”, “yaşıl transformasiya” kimi anlayışlar artıq elmi istiqamətlər olmaqdan daha çox reallığın ifadəsinə çevrilmişdir.

Bu sözləri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli oktyabrın 15-də Bakıda “Enerji, qida, ətraf mühit və iqlim təhlükəsizliyi sahəsində çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Akademik İsa Həbibbəyli tədbirin əhəmiyyətinə toxunub, belə bir nüfuzlu beynəlxalq konfransın məhz Azərbaycanda keçirilməsini tamamilə məntiqi və real addım kimi qiymətləndirib. O, konfransın mövzusunun ötən il Azərbaycanın yüksək səviyyədə ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) proqramının əsas müddəaları ilə səsləşdiyini qeyd edib. Həmçinin bugünkü tədbirin COP29-un ideya və məqsədlərinin elmi müstəvidə davam etdirilməsinə xidmət etdiyini vurğulayıb.

Akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin iradəsi, himayəsi və iştirakı ilə COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsinin dövlətimizin yaşıl iqtisadiyyata keçid strategiyasına, milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunmasına, iqlim dəyişmələrinin qarşısının alınması işinə verdiyi töhfənin məntiqi nəticəsi olduğunu bildirib. Onun sözlərinə görə, COP29 Azərbaycanda cəmiyyət həyatının müxtəlif sahələrinə, ictimai həyata, iqtisadiyyata təsir etdiyi kimi, elmi təfəkkürdə də yeniliklər yaradıb. Dünyamiqyaslı beynəlxalq  COP29 tədbiri ölkəmizin tarixinə, qlobal mənada dünya elm tarixinə yazılmış önəmli səhifədir.

AMEA rəhbəri Naxçıvan,  Qarabağ və Şərqi Zəngəzur bölgələrində dövlətimizin başçısı tərəfindən elan edilmiş “yaşıl enerji” zonalarının öz fəaliyyətini uğurla davam etdirdiyini söyləyib.

Akademik İsa Həbibbəyli Azərbaycanda “yaşıl energetika”nın inkişaf etdirilməsi üçün mühüm Dövlət Proqramlarının həyata keçirildiyini vurğulayıb. O, alternativ enerji mənbələrindən istifadə üzrə Azərbaycanın təkcə Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrində deyil, dünyada qabaqcıl yerlərdən birini tutduğunu bildirib. Qeyd edib ki, alternativ və bərpa olunan enerji  mənbələrindən istifadəyə Azərbaycanın daxili imkanları ilə yanaşı, dövlət siyasətinin tərkib hissəsi kimi xarici investisiyanın da geniş şəkildə cəlb olunması ölkəmizdə bu sahənin surətlə inkişafına təkan verəcək. Yaxın zamanlarda Azərbaycan dünyada neft-qaz ixracatçısı olmaqla bərabər, alternativ enerji mənbələrinin də ixracatçısı olacaq.

Onun sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə müəyyən edilmiş Dövlət Proqramı ölkəmizi dünyada bu istiqamətdə zəngin potensiala malik bir dövlətə çevirəcək.

AMEA prezidenti əlavə edib ki, müxtəlif mədəniyyətlərin və qitələrin qovşağında yerləşən Azərbaycanda ən müxtəlif çeşidli enerji mənbələrinin istismarı, istehsalı, ixracı ilə yanaşı, bu sahələrin öyrənilməsi, tədqiqi və elmi cəhətdən əsaslandırılması ilə də məşğul olunub. Ölkəmizdə alternativ enerji mənbələrini, ekoloji problemləri, qida, ətraf mühit və iqlim təhlükəsizliyini öyrənən böyük elmi məktəblər formalaşıb, həyatını bu sahələrin inkişafına həsr etmiş gökəmli alimlər yetişib və bu istiqamətdə tədqiqatlar davam etdirilməkdədir. Elm və Təhsil Nazirliyinin bir sıra elmi-tədqiqat müəssisələrində yarım əsrdən çoxdur ki, bu problemlər öyrənilir, inkişaf etdirilir və Azərbaycan reallıqlarının elmi cəhətdən əsaslandırılması şəklində ictimaiyyətə təqdim olunur.

Çıxışının sonunda akademik İsa Həbibbəyli 14 ölkədən 140-dan çox alimin qatıldığı  beynəlxalq konfransın Azərbaycan təcrübəsinin daha dərindən öyrənilməsinə, səmərəli elmi əməkdaşlıq əlaqələrinin qurulmasına, ortaq layihələrin və yeni ideyaların meydana çıxmasına təkan verəcəyinə əminliyini bildirib, tədbirin işinə uğurlar arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: