Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik İradə Hüseynova: “Yaşıl gələcəyə doğru inamla irəliləmək üçün mühəndislərin, aqrar və biotibbi mütəxəssislərin vahid elmi platformada birləşməsi mütləqdir”
15.10.2025 17:05
  • A-
  • A
  • A+

Akademik İradə Hüseynova: “Yaşıl gələcəyə doğru inamla irəliləmək üçün mühəndislərin, aqrar və biotibbi mütəxəssislərin vahid elmi platformada birləşməsi mütləqdir”

“Yaşıl enerji”, “ərzaq və qida təhlükəsizliyi”, “bio- və ekoloji təhlükəsizlik”, “sağlam ətraf mühit” və s. kimi sahələrdə mövcud problemlərin həlli yalnız texnologiya və kapitalın deyil, həm də bilik və elmi inteqrasiyanın nəticəsində mümkün ola bilər.

Bu sözləri AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru akademik İradə Hüseynova oktyabrın 15-də Bakıda “Enerji, qida, ətraf mühit və iqlim təhlükəsizliyi sahəsində çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Akademik İradə Hüseynova bildirib ki, konfransın əsas məqsədi elmi tərəfdaşlıq üçün strateji planların hazırlanması, gələcək tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi, “yaşıl enerji” və təmiz mühitə keçidə xidmət edən innovativ həllərin paylaşılması, həmçinin cəmiyyətin və iqtisadiyyatın dayanıqlılığını təmin edən yeni elmi ideyaların meydana çıxmasıdır.

“Burada səslənəcək fikirlər və təqdim olunacaq nəticələr beynəlxalq əməkdaşlığa, birgə layihələrin və regional innovasiya mərkəzlərinin yaradılmasına təkan verəcək. Elm yalnız texnoloji deyil, həm də mənəvi dəyər daşıyır. Bioloji, enerji, ərzaq və iqlim təhlükəsizliyi istiqamətində həllər tapmaq bəşəri məqsədlərə xidmət edən ən ali elmi missiyadır”, – deyə alim əlavə edib.

AMEA-nın vitse-prezidenti konfransın proqramında mühüm məqamlardan birinin sonuncu gün böyük alim və ictimai-siyasi xadim, akademik Cəlal Əliyevin xatirəsinə həsr olunmuş növbəti “Cəlal Əliyev qiraətləri”nin keçirilməsi olduğunu bildirib. O, “Cəlal Əliyev qiraətləri”nin beynəlxalq tədbirin elmi və mənəvi dəyərini daha da artıracağını vurğulayıb.

Konfransın həm də Azərbaycan elmi tarixində mühüm hadisə olan – AMEA-nın 80 illiyinə həsr olunduğunu vurğulayan akademik İradə Hüseynova bu elm ocağının yubileyinin yüksək səviyyədə keçirilməsinin ölkəmizdə elmin təşkili, idarə olunması və inkişafında, eləcə də milli intellektual potensialımızın formalaşmasında AMEA-nın əvəzsiz rolunu bir daha təsdiqlədiyini bildirib.

Akademik İradə Hüseynova beynəlxalq konfransın 14 ölkədən 140-dan çox məruzə müəllifinin iştirakı ilə qlobal elmi əməkdaşlığın mühüm platformasına çevrildiyini söyləyib: “Əgər biz yaşıl gələcəyə doğru inamla irəliləmək istəyiriksə, multidissiplinar mühitdə, komanda halında çalışan alimlərin, mühəndislərin, aqrar və biotibbi mütəxəssislərin vahid elmi platformada birləşməsi mütləqdir”.

Vitse-prezident diqqətə çatdırıb ki, dünyanın müxtəlif ölkələrində aparılan tədqiqatlar süni intellekt, maşın öyrənməsi, bioinformatika, sintetik biologiya və nanotexnologiyaların enerji, ərzaq və iqlim sabitliyinin təmin olunmasında getdikcə daha mühüm rol oynadığını göstərir.

O, Azərbaycanda son illər dövlətin dəstəyi ilə bioiqtisadiyyat, “yaşıl texnologiyalar” və biotexnoloji tədqiqatlar sahəsində əldə olunmuş mühüm elmi və praktiki nailiyyətlərdən də bəhs edərək bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda formalaşdırılan “yaşıl bölgə” modeli enerji və ekoloji təhlükəsizliyin təminində unikal yanaşma kimi beynəlxalq maraq doğurur. Hazırda ölkə üzrə aqrobiotexnologiya, torpaq və su ehtiyatlarının idarə olunması, eləcə də iqlim modelləşdirməsində süni intellektə əsaslanan yeni metodoloji yanaşmalar formalaşmaqdadır.

Konfransın elmi fikir mübadiləsi, yeni tərəfdaşlıqlar və dayanıqlı inkişaf baxımından mühüm mərhələyə çevriləcəyinə inamını ifadə edən akademik İradə Hüseynova, bütün iştirakçılara səmərəli müzakirələr və yeni elmi nailiyyətlər arzulayıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: