Ölkəmiz son illərdə iqlim diplomatiyası və qlobal tərəfdaşlıq istiqamətində mühüm əlaqələrin qurulmasında fəal rol oynayıb. Bu fəaliyyət nəticəsində Azərbaycan artıq dünyada etibarlı tərəfdaş və məsuliyyətli dövlət kimi tanınır. Prezident İlham Əliyev beynəlxalq ictimaiyyət tərəfindən qlobal miqyasda nüfuzlu lider kimi qəbul olunur. Bu proses bizim üçün ciddi sınaq idi və Azərbaycan bu sınaqdan layiqli şəkildə, yüksək nəticələrlə çıxmağı bacardı.
Bu sözləri AMEA-da “COP29: Qlobal və milli çağırışlar, elmin vəzifələri” kitabının təqdimat mərasimində Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev deyib.
Muxtar Babayev bildirib ki, “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 beynəlxalq tədbirləri təkcə siyasi və iqtisadi deyil, həm də elmi və mənəvi sahələrdə yeni düşüncə tərzi formalaşdırır. Cari ilin noyabr ayınadək Azərbaycan bu mötəbər tədbirin sədri kimi fəaliyyətini davam etdirəcək.
Prezidentin nümayəndəsi qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyası COP29 prosesində fəal iştirak edib və bu istiqamətdə ölkənin elmi potensialının səfərbər olunması mühüm əhəmiyyət kəsb edir.
Muxtar Babayev vurğulayıb ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunmuş Təşkilat Komitəsi son iki il ərzində 62 ölkəyə səfər edib. Bu, təkcə böyük bir missiya deyil, həm də Azərbaycanın beynəlxalq arenada qazandığı dəyərli təcrübənin göstəricisidir.
Muxtar Babayev xatırladıb ki, Prezident İlham Əliyev hələ 2022-ci ildə Xəzəryanı Dövlətlərin Zirvə Toplantısında və bu yaxınlarda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edərək Xəzər dənizinin ekoloji vəziyyətinin pisləşməsi və səviyyəsinin azalması ilə bağlı problemləri gündəmə gətirib. Prezident bu problemin qarşısının alınması üçün sahilyanı dövlətlərin birgə səylərinə ehtiyac olduğunu vurğulayıb.
Onun sözlərinə görə, Xəzər dənizində 1995-ci ildən müşahidə olunan dayazlaşma prosesi son illərdə daha da sürətlənib və artıq gəmiçilik, kənd təsərrüfatı, balıqçılıq və digər sahələrə ciddi təsir göstərməkdədir. Bu məsələ COP29 çərçivəsində geniş müzakirə olunub və bu il Braziliyada keçiriləcək COP30 tədbirində də əsas müzakirə mövzularından birinə çevriləcək.
Prezidentin nümayəndəsi beynəlxalq təşkilatların və elmi institutların Xəzər regionunda ekoloji təhlükələrin dərin tədqiqinə və adaptasiya tədbirlərinin həyata keçirilməsinə yaxından cəlb edilməsinin vacibliyini vurğulayıb. Əlavə edib ki, COP30-un əsas prioritetləri biomüxtəlifliyin qorunması, azsaylı xalqların hüquqlarının müdafiəsi və iqlimlə bağlı etik kodekslərin formalaşdırılmasıdır. Torpaqların deqradasiyası, flora və faunaya təsirlər, insan sağlamlığına mənfi nəticələr kimi iqlim riskləri qlobal gündəmdə qalmaqdadır.
Çıxışının sonunda Prezidentin nümayəndəsi qeyd edib ki, qarşıdakı illərdə iqlim dəyişmələrinin nəticələrinin dəqiq qiymətləndirilməsi, risklərin modelləşdirilməsi və elmi əsaslı həllərin işlənməsi istiqamətində alimlərin iştirakı xüsusi əhəmiyyət daşıyır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.