Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Elm və iradə ilə formalaşan güclü Azərbaycan
06.11.2025 15:26
  • A-
  • A
  • A+

Elm və iradə ilə formalaşan güclü Azərbaycan

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley mərasimində Prezident İlham Əliyevin çıxışı təkcə elm adamları üçün deyil, bütövlükdə cəmiyyətimiz üçün strateji yol xəritəsi kimi səsləndi. Bu çıxışda Prezident elmin, intellektin, texnologiyanın və milli ideologiyanın bir-birini tamamlayan zəncir halında inkişafını Azərbaycanın gələcək uğurlarının əsas dayağı kimi qiymətləndirdi.

Dövlət başçısının nitqi bir daha göstərdi ki, Azərbaycan müasir dövrdə yalnız enerji resurslarına deyil, bilik, elm və intellektual kapitala əsaslanan inkişaf modelinə keçid edir. Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Azərbaycan alimləri bundan sonra da ölkəmizin uğurlu inkişafına öz töhfələrini verməlidirlər. Elm və tədqiqat bu gün artıq təkcə akademik müstəvi deyil, milli təhlükəsizlik və iqtisadi sabitliyin ayrılmaz hissəsinə çevrilib. Dövlətin həyata keçirdiyi islahatlar, elmi institutların yenilənməsi, gənc alimlərin xarici təcrübə proqramlarına cəlb olunması, laboratoriyaların modernləşdirilməsi – bütün bunlar müasir Azərbaycan elminin qlobal səviyyəyə inteqrasiyasını təmin edir.

Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsində də elmin, təhsilin və alimlərin rolu xüsusi yer tuturdu. O, hər zaman Azərbaycan alimlərini dəstəkləmək üçün öz səylərini əsirgəmirdi. 1970–1980-ci illərdə ölkədə həyata keçirilən sənayeləşmə, kənd təsərrüfatı və texnoloji inkişaf proqramları da məhz elmi əsaslara söykənirdi. Heydər Əliyev üçün elm sadəcə bir sahə deyil, dövlətin düşünən beyninin simvolu idi. Məhz bu baxış sayəsində Azərbaycan SSR dövründə regionun ən qabaqcıl elmi mərkəzlərindən birinə çevrildi. Prezident İlham Əliyev haqlı olaraq qeyd etdi ki, Ulu Öndərin qətiyyəti, iradəsi və xalqa olan sarsılmaz bağlılığı bizi böyük bəlalardan xilas etmişdir. 1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanın dağılmaq təhlükəsindən xilas olması, dövlətçiliyin bərpası və elmin dirçəlişinin başlanğıcı oldu. Elm, təhsil və mədəniyyət sahəsində sabitlik yaranmadan heç bir inkişaf mümkün deyildi. Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət həmin strateji xəttin müasir davamıdır — elmin dövlətin ideoloji və iqtisadi dayağına çevrilməsi siyasətidir.

Son on il ərzində Azərbaycan elminə ayrılan vəsaitin iki dəfədən çox artması, dövlətin bu sahəyə münasibətinin ən real göstəricisidir. Artıq elmi müəssisələrin fəaliyyətinə yalnız büdcə dəstəyi ilə deyil, dövlət-sifariş mexanizmləri, qrantlar və innovasiya fondları vasitəsilə dəstək göstərilir. Prezident İlham Əliyevin sözləri ilə desək, “tükənməz sərvət intellektual potensialdır, amma o halda ki, buna sərmayə qoyulsun.” Bu sərmayə təkcə maliyyə deyil, siyasi iradə, idarəetmə bacarığı və milli prioritetlərin düzgün müəyyənləşdirilməsidir. Müasir dünya artıq “bilik iqtisadiyyatı” mərhələsinə qədəm qoyub. Texnoloji tərəqqi və elmi innovasiyalar qlobal rəqabət mühitini müəyyənləşdirir. Buna görə də Prezident İlham Əliyev çıxışında texnoloji inkişafın bizim üçün əsas prioritet olmalı olduğunu xüsusi vurğuladı. Süni intellekt, biotexnologiya, rəqəmsal kənd təsərrüfatı, alternativ enerji və kibertəhlükəsizlik kimi istiqamətlər Azərbaycan elminin yeni hədəfləri kimi müəyyənləşdirilməlidir. Prezidentin rəhbərliyi ilə ölkədə artıq “Ağıllı şəhər”, “Ağıllı kənd” konsepsiyaları, “Azerspace” peykləri, texnoparklar və innovasiya mərkəzləri kimi layihələr həyata keçirilir ki, bunlar birbaşa elmi potensiala əsaslanır. Elmi inkişafla yanaşı, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi parlaq Qələbə də dövlətin strateji düşüncə və texnoloji imkanlarının nəticəsi idi. Prezident İlham Əliyev haqlı olaraq bildirdi ki, bizim qədər parlaq, tam və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb. Bu Qələbə yalnız döyüş meydanında deyil, informasiya, diplomatiya, texnologiya və strateji idarəetmə səviyyəsində qazanılmışdı. Müasir hərbi planlaşdırmada elmin rolu – süni peyklərdən tutmuş kəşfiyyat texnologiyalarına qədər – həlledici idi. Deməli, Azərbaycan elmi təkcə sülh dövründə deyil, müharibə və böhran dövrlərində də dövlətin dayağına çevrilə bilir.

Qeyd etməliyəm ki, bu gün Azərbaycan elminin qarşısında duran əsas vəzifə - biliklərin milli maraqlara yönəldilməsi, gənc alimlərin intellektual kapitalının qorunması və elmin dövlət siyasətinə çevrilməsidir. Prezident İlham Əliyevin çıxışı, əslində, yeni ideoloji mərhələnin başlanğıcıdır. Elm artıq sadəcə akademik institutların işi deyil, dövlətin gələcək strategiyasının mərkəzi elementidir. Azərbaycan alimləri bu çağırışlara cavab verməyə qadirdir. Ulu Öndərin müəyyən etdiyi milli inkişaf modeli, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi iradə və gənc nəslin elmi potensialı bir araya gəldikdə, ölkəmizin qarşısında yeni intibah dövrü açılır. Bu gün Azərbaycan elmi və dövlət siyasəti bir-birini tamamlayan iki sütun kimi inkişaf edir. Hər iki sütunun əsasında Heydər Əliyev idealları və İlham Əliyevin müasir dövrə uyğunlaşdırdığı strateji kurs dayanır. Elmə sərmayə qoymaq gələcəyə sərmayə qoymaqdır. Bu gələcək isə artıq formalaşır - və inanıram ki, gələcəkdə Azərbaycan alimlərinin rolu daha da həlledici olacaq.

Fərid MUSTAFAYEV, YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: