Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

13.01.2014 00:00
  • A-
  • A
  • A+

Muğamşünaslıq üzrə elmi mərkəzin yaradılması müzakirə olunmuşdur

Muğamşünaslıq üzrə elmi mərkəzin yaradılması müzakirə olunmuşdur
AMEA Rəyasət Heyətində keçirilmiş yığıncaqda muğam sənətinin elmi şəkildə tədqiq olunub öyrədilməsi, nəşri və təbliği məsələləri müzakirə olunmuşdur.AMEA prezidenti, akademik Akif Əlizadə muğamşünaslıq elminin əhəmiyyətindən, əhatə dairəsinin genişliyindən, bu problemlərlə məşğul olan müxtəlif elm sahələrində çalışan alimlərin fəaliyyətinin əlaqələndirilməsi zərurətindən söhbət açmışdır. AMEA prezidenti muğamşünaslıq üzrə mövcud olan potensialı bir mərkəzdə cəmləşdirmək üçün qarşıda duran vəzifələri nəzərə çatdırmışdır. Akademik Akif Əlizadə muğam sənətinin həm ictimai və humanitar elmlər işığında, həm də dəqiq və təbiət elmlərinin inteqrasiyası ətrafında tədqiq etməyin vacibliyini qeyd etmişdir.AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ölkəmizdə muğam sənətinə dair problemlərin tədqiqi ilə tarixi, fəlsəfi, filoloji, pedoqoji və muğamşünaslıq istiqamətlərində məşğul olunduğunu qeyd etmişdir. Akademik ölkəmizdə heç bir qurumda muğam sənətinin tədqiq edilib öyrənilməsi ilə məşğul olan ayrıca bir mərkəz, yaxud şöbənin mövcud olmadığını söyləmişdir. Bunun muğam sənəti üzrə tədqiqatların pərakəndə şəkildə aparılması, sistemli və ardıcıl olmaması, əlaqələndirilməməsi ilə nəticələndiyini vurğulamışdır. Bu baxımdan AMEA-da muğam sənətini öyrənən xüsusi bir quruma ehtiyac yarandığını bildirən İsa Həbibbəyli müasir dövrün tələblərinə uyğun olaraq Memarlıq və İncəsənət İnstitutunda Muğamşünaslıq mərkəzinin, yaxud şöbəsinin yaradılmasını təklif etmişdir. AMEA Memarlıq və İncəsənət İnstitutunda muğam sənəti ilə məşğul olan bir neçə elmlər doktoru və fəlsəfə doktorunun fəaliyyət göstərməsi, iki doktorantın tədqiqat aparması akademiyada belə bir qurumun yaradılmasına əsas verir.Memarlıq və İncəsənət İnstitutunun direktoru, professor Ertegin Salamzadə, şöbə müdiri, AMEA-nın müxbir üzvü Zemfira Səfərova, Xalq musiqisi şöbəsinin müdiri, sənətşünaslıq üzrə elmlər doktoru Sevil Fərhadova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sürəyya Ağayeva, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutundan fəlsəfə üzrə elmlər doktorları Zümrüd Quluzadə, Adil Əsədov və başqaları çıxış edərək muğamşünaslıq elminin vəzifələrindən, muğam sənətini dərindən, ətraflı və sistemli şəkildə tədqiq edib öyrənməyin və ümumiləşdirməyin əhəmiyyətindən söz açmışlar. Memarlıq və İncəsənət İnstitutunda muğamşünaslıq üzrə yeni şöbənin yaradılmasının zəruriliyi qeyd etmişlər.Yeni yaranacaq quruma ilkin olaraq “Azərbaycan muğamşünaslığı” adlı məqalələr toplusunu hazırlayıb çap üçün təqdim etmək tövsiyə olunmuşdur.Məlumatı AMEA Rəyasət Heyəti Mərkəzi Aparatı İctimaiyyətlə əlaqələr şöbəsi yaymışdır.© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: