Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  AMEA PREZİDENTİNİN GÖRÜŞLƏRİ

09.11.2025 12:20
  • A-
  • A
  • A+

Akademik İsa Həbibbəyli Honkonq Kore Akademiyasının nümayəndələri ilə görüşüb

Akademik İsa Həbibbəyli Honkonq Kore Akademiyasının nümayəndələri ilə görüşüb

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Akademiyanın 80 illik yubileyi çərçivəsində ölkəmizdə səfərdə olan Çin Xalq Respublikasının Honkonq Kore Akademiyasının İcra şurasının üzvü professor Li Lei, Baş katibliyin icraçı müavini prof. Raymond J.Wu, İdarə Heyətinin üzvü professor Yingsan Geng və Katibliyin asistenti Liu Lianzhi ilə görüşüb.

AMEA-nın Rəyasət Heyətində baş tutan görüşdə çıxış edən akademik İsa Həbibbəyli qonaqları salamlayıb, Honkonq Kore Akademiyası ilə artıq bir neçə ildir ki, sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirib. Qeyd edib ki, Akademiyanın 80 illik yubileyində iştirak onlar üçün də faydalı olub və AMEA-nın yığıncağında iştirak edən 20-yə yaxın ölkənin akademik qurumları ilə əməkdaşlıq imkanları yaranıb.

Birgə əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu deyən akademik İsa Həbibbəyli Honkonq Kore Akademiyasının təklifləri ilə tanış olduğunu, Humanitar və İctimai Elmlər, eləcə də süni intellekt istiqamətində əməkdalıq edilə biləcəyini söyləyib. Diqqətə çatdırıb ki, təkliflərin birgə müzakirəsindən sonra yekunda AMEA ilə Honkonq Kore Akademiyası arasında 2026-cı ildə əməkdaşlıq müqaviləsinin imzalanması baş tuta bilər.

Sonra çıxış edən Çin Xalq Respublikasının Honkonq Kore Akademiyasının İcra şurasının üzvü professor Li Lei AMEA-nın 80 illik yubiley yığıncağına dəvətə görə minnətdarlığını bildirib və tarixi anlara şahidlik etdiklərini söyləyib. Həmçinin səfər zamanı bir çox ölkənin Elmlər Akademiyaları və akademik qurumları ilə əməkdaşlıq əlaqələrinin qurulmasına dair müzakirələr aparıblar. Bir sıra tarixi məkanları ziyarət etdiyini deyən professor Li Lei özündə Azərbaycanın tarixinin Çindən qədim olması fikrinin yarandığını bildirib.

AMEA ilə əməkdaşlıqdan məmnunluğunu dilə gətirən Li Lei qeyd edib ki, biz yaxşı dost, tərəfdaşıq və bütün sahələrdə Azərbaycan alimləri ilə əməkdaşlıqda maraqlıyıq. Professor AMEA ilə Honkonq Kore Akademiyası arasında əməkdaşlıq müqaviləsinin imzalanmasını dəstəklədiklərini deyib və yekun sazişin üzərində işləyəcəklərini vurğulayıb.

 

Çıxışlardan sonra qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: