Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.11.2025 11:16
  • A-
  • A
  • A+

Fizika İnstitutunun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Fizika İnstitutunun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

AR Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda bu müəssisənin 80 illik yubileyi münasibətilə tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Fizika İnstitutunun fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə institutun baş direktoru akademik Arif Həşimov açaraq əməkdaşları yubiley münasibətilə təbrik edib, Fizika İnstitutunun 80 illik fəaliyyəti haqqında geniş məlumat verib.

Sonra AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxış edərək Akademiyanın yaranma tarixi və Fizika İnstitutunun Azərbaycan elminin formalaşması və inkişafındakı rolu barədə danışıb. Akademik Fizika İnstitutunun apardığı elmi tədqiqatların və onların tətbiqinin təkcə keçmiş SSRİ miqyasında deyil, o cümlədən dünya miqyasında yüksək qiymətləndirildiyini vurğulayıb. Akademik çıxışında Nobel mükafatı laureatı Jores Alfyorovun fikrinə istinad edərək akademik Həsən Abdullayevin Azərbaycanda fizika elminin inkişafına və ümumilikdə elmin təşkilinə verdiyi böyük töhfəni nəzərə alaraq, bu nəhəng elm fədaisinin Nobel mükafatına layiq olduğunu bildirib. Akademik İsa Həbibbəyli qeyd edib ki, Azərbaycanda yarımkeçiricilər fizikası və onların əsasında müxtəlif sahələri əhatə edən tətbiqi nailiyyətlərin qazanılması Fizika İnstitutunun keçdiyi uzun, şərəfli yolda qazandığı nailliyət və sərvətdir. İnstitut bu gün də nailliyyətləri ilə Azərbaycan elmində avanqard rolunu oynayır.

AR Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə çıxışında akademik Həsən Abdullayevin Fizika İnstitutunun yaranmasında misilsiz rolundan və onun yaratdığı məktəbdən ətraflı məlumat verib. O bildirib ki, akademik Həsən Abdullayevin geniş bilik və erudisiyası Azərbaycan fizika elminin yaranmasına və inkişafına təkan verib və sevindirici haldır ki, bu ənənə qoyulmuş etibarlı mənbəyə söykənərək bu gün də Azərbaycan elminin inkişafına töhfə verir.

AR Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov Fizika İnstitutunu 80 illik yubiley münasibətilə təbrik edərək xoş arzularını bildirib. “Bu, sadəcə olaraq 80 illik tarix deyil, həmçinin bir hesabatdır. Fizika İnstitutunun fəaliyyəti fizika elminin geniş sahələrini əhatə edir. Qazanılmış uğur bir irsdir və Azərbaycan elminin dünya miqyasında tanınmasında bir töhfədir”, - deyə alim söyləyib.

AR Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov ötən illərdə Fizika İnstitutunda GRİD Mərkəzinin yaradılması sahəsində aparılan işlərə dəstək verməyə çalışdığını bildirib.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev tədbir iştirakçılarını 80 illik yubiley münasibətilə təbrik edib. Bakı Dövlət Universiteti ilə Fizika İnstitutu arasında ənənəvi əməkdaşlığın mövcud olduğunu söyləyib. Tərəflər arasında imzalanmış Anlaşma Memorandumu buna bariz nümunədir və sənəddə elmi kadrların yetişdirilməsi, birgə elmi seminar və konfransların təşkili, tələbələrin Fizika İnstitutunun laboratoriyalarında elmi tədqiqatlarda iştirakı əksini tapıb. 

Milli Aviasiya Akademiyasının prorektoru Ədalət Səmədov Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Paşayevin təbriklərini Fizika İnstitutunun kollektivinə çatdırıb. Milli Aviasiya Akademiyasının fizika bölməsində hazırda Fizika İnstitutunda yetişmiş xeyli sayda əməkdaşın çalışdığını bildirib. Bu gün də fizika elminin müvafiq istiqamətlərində uğurlu birgə əməkdaşlığın mövcud olduğunu diqqətə çatdırıb. 

Sumqayıt Dövlət Universitetinin rektoru v.i.e., AMEA-nın müxbir üzvü Əminağa Sadıqov elmi fəaliyyəti ərzində Fizika İnstitutu ilə multidissiplinar tədqiqatlara qoşulduğunu, bu əməkdaşlığın elmi tədqiqatçı kimi formalaşmasında xüsusi rol oynadığını deyib.

Bakı Dövlət Universitetinin kafedra müdiri akademik Abel Məhərrəmov çıxışında Fizika İnstitutunun kollektivini təbrik edib. Akademik Fizika İnstitutunun Azərbaycan elminin yaranmasında və formalaşmasında müstəsna yer tutuduğunu qeyd edib. Fizika elminin müxtəlif sahələri üzrə aparılan tədqiqatların elmin digər sahələrinin də inkişafına öz təsirini göstərdiyini bildirib.

Tədbirin sonunda ölkə daxilindən və xaricdən onlayn formatda 10-dan artıq elmi-tədqiqat və ali təhsil müəssisəsini təmsil edən alimlərin təbrik nitqləri səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: