Ulu Öndər Heydər Əliyevin yolunu layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətini yüksək dəyərləndirmişdir. Akademiyanın yenidən qurulması, burada genişmiqyaslı islahatların həyata keçirilməsi və mühüm nəticələrin əldə olunması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı və yorulmaz fəaliyyəti ilə üzvi surətdə bağlıdır. Azərbaycan xalqının, elm və təhsil ictimaiyyətinin xoşbəxtliyi ondadır ki, 2003-cü ilin payızından etibarən ölkəmizə rəhbərlik edən Prezident İlham Əliyev də cəmiyyət həyatının bütün sahələri kimi, elm və təhsilin inkişafını daim diqqət mərkəzində saxlayır və bu sahələrin müasirləşdirilməsinə daha çox qayğı göstərir.
Prezident İlham Əliyev AMEA-nın 80 illik yubiley yığıncağındakı məruzəsində elmlə dövlətin birliyi, Azərbaycan dilinin qorunması, süni intellektin inkişafı və s. detallar diqqəti xüsusi cəlb edir. Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yəni dövlət, alimlər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər.
Azərbaycan Prezidenti İlham Əliyev yubiley təntənəsində Azərbaycan Milli Elmlər Akademiyasının inkişafında Ulu Öndər Heydər Əliyevin rolunu belə qiymətləndirmişdir: “Akademiya 80 il ərzində böyük yol keçmişdir, Azərbaycanda elmin inkişafında aparıcı rol oynamışdır. Bu illər ərzində biz müxtəlif ictimai-siyasi quruluşlarda yaşasaq da, Azərbaycan hər zaman öz elminin inkişafına böyük diqqət yetirirdi. Sirr deyil ki, Ulu Öndər Heydər Əliyev hər zaman Azərbaycan alimlərini dəstəkləmək üçün öz səylərini əsirgəmirdi. Hələ ötən əsrin 70-ci illərində onun rəhbərliyi ilə Akademiyanın fəaliyyəti təkmilləşdi, bir neçə yeni elmi-tədqiqat institutu yaradıldı, elmin inkişafına böyük vəsait ayrılırdı. Faktiki olaraq bu siyasət müstəqillik illərində də davam etdirilirdi. Ulu Öndərin təşəbbüsü ilə keçən əsrin 70-ci illərindən başlayaraq yüz minlərlə Azərbaycan gənci o vaxt Sovet İttifaqının aparıcı ali məktəblərinə göndərilmişdir və beləliklə, ölkəmizdə intellektual potensial daha da güclənmişdir. Eyni siyasəti biz müstəqillik illərində də aparırıq. Bu gün də on minlərlə Azərbaycan gənci artıq dünyanın aparıcı ali məktəblərinə ezam olunur. Onların böyük əksəriyyəti oxuyub Vətənə qayıdırlar və beləliklə, ölkəmizin inkişafına öz dəyərli töhfələrini verirlər. Müstəqilliyin ilk illəri çox ağır idi, faciəvi idi. O vaxt məhz Heydər Əliyevin qətiyyəti, iradəsi, xalqa olan bağlılığı bizi böyük bəlalardan qurtara bilmişdir. O da çox böyük göstəricidir ki, onun hakimiyyətə qayıdışından sonra Azərbaycan ziyalıları ilə, Azərbaycan ictimaiyyəti ilə ilk görüşü məhz 1993-cü ildə Milli Elmlər Akademiyasında olmuşdur.”
Dövlət başçısının qeyd etdiyi kimi, onun Prezidentliyi dövründə Azərbaycan elminin inkişafına göstərilən diqqət Ulu Öndərin siyasətinə uyğun şəkildə aparılmışdır. Akademiyanın maddi-texniki bazası möhkəmləndirilmişdir. O cümlədən yeni böyük elmi kitabxana inşa edilmiş, Milli Ensiklopediya üçün yeni bina tikilib istifadəyə verilmişdir. Elmi-tədqiqat institutlarının müasir avadanlıqlarla təchizi təmin edilmişdir. Elmin inkişafı üzrə Milli Strategiya, “Elm haqqında” Qanun və Dövlət Proqramı qəbul edilmişdir. Bütün başqa sahələrdə olduğu kimi, elm istiqamətində də Heydər Əliyev siyasəti uğurla davam etdirilir, yaşayır, yeni formalarla zənginləşir.
İlham Əliyevin Prezidentliyinin ilk illərindən başlayaraq inkişafının yeni mərhələsinə qədəm qoyan Azərbaycan Milli Elmlər Akademiyası fəaliyyətinin genişləndirilməsi, eləcə də, elmi tədqiqatların iqtisadiyyatla, ölkəmizin iqtisadi siyasəti ilə uzlaşdırılması diqqəti cəlb edir.
Cənab Prezident İlham Əliyevin nitqində elmin bundan sonra da inkişaf etdirilməsinin vacibliyi qeyd edilir: “Akademiyanın inkişafı Azərbaycanda elmin inkişafına birbaşa təsir göstərir. Əgər inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq, görərik ki, həmin ölkələrin uğurlarının təməlində ideya, fikir, innovasiya, elmi-texniki tərəqqi dayanır. Biz də ölkəmizdə müxtəlif istiqamətlərdə islahatlar apararkən müasirləşməyə üstünlük veririk. Müasir dövlətin qurulması elmin inkişafı olmadan mümkün deyildir.”
Azərbaycan Milli Elmlər Akademiyasının misilsiz xidmətləri demək olar ki, ölkənin bütün sahələrində tətbiq olunaraq böyük nailiyyətlər qazanılır.
Azərbaycan iqtisadiyyatı qarşısında dayanan çağırışlar elmin tərəqqisinə əsaslanır. Cənab Prezident haqlı olaraq çıxışında qeyd etmişdir: “Elm iqtisadiyyatla, sənaye ilə sıx bağlı olmalıdır. Burada bu kürsüdən dövlət strukturlarına da göstəriş vermək istəyirəm ki, Azərbaycan alimləri ilə daha sıx işləsinlər. Çünki bu gün bizim elmimizin praktik nəticələri olmalıdır. Təkcə elmi əsərlərdə yox, həyatda və iqtisadiyyatın sürətli inkişafını nəzərə alaraq, əlbəttə ki, burada əlaqələndirmə, uzlaşma yüksək səviyyədə olmalıdır. Əminəm ki, bu sözlərdən sonra bizim dövlət qurumlarımız Azərbaycan alimləri ilə daha fəal işləyəcəklər.”
Prezident İlham Əliyevin inkişaf strategiyasının, onun idarə etdiyi dövlətin yeni siyasətinin və prioritet təşkil edən milli layihələrin əsas mahiyyəti bundan ibarətdir: “Azərbaycan çox zəngin ölkədir. Bizim çox zəngin sərvətimiz vardır. Ancaq bizim ən böyük resursumuz insanların biliyidir, savadıdır. Öz imkanlarımızdan səmərəli istifadə edərək, maddi kapitalı insan kapitalına çevirməliyik və bunu edirik”.
Azərbaycanda elmin inkişafı haqqında qəbul edilən proqramın başlıca istiqamətlərini müəyyənləşdirir. Bu sıraya aşağıdakılar daxildir:
- elmi tədqiqatların prioritetlərinin müəyyənləşdirilməsi;
- struktur islahatlarının həyata keçirilməsi və idarəçiliyin təkmilləşdirilməsi;
- elmi infrastrukturun modernləşdirilməsi;
- elmin maliyyələşdirilməsinin optimallaşdırılması və elmi əməyin ödənilməsi;
- elm, təhsil və iqtisadiyyatın inteqrasiyasının dərinləşdirilməsi;
- AMEA-nın xarici əlaqələrinin inkişafı və s.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Elmlər Akademiyasının bütün sahələrinə göstərdiyi böyük qayğı hazırda Akademiyada gənc alimlərin daha da inkişaf etdirilməsinə böyük şərait yaradır.
Azərbaycan Milli Elmlər Akademiyasının bu illərdə elm sahələri arası inteqrasiyanın genişləndirilməsi sayəsində ictimai və humanitar elmi düşüncədə meyarların inkişafı, Bakı Elm Festivalı keçirilməsi, Rusiya, Fransa, Türkiyə, Polşa, Britaniya, Bolqarıstan, Almaniya, Çin, Koreya, Yaponiya, İsrail və başqa ölkələrin elmi qurumları ilə əlaqələrin, qarşılıqlı inteqrasiya proseslərinin genişlənməsi yeni elmi ideyaların meydana çıxmasına, dünya təcrübəsinin öyrənilməsinə, beynəlxalq laboratoriyaların yaradılmasına və birgə əməkdaşlığa geniş meydan açır.
Elmin ən mühüm nəticələrini əks etdirən əsərlərin impakt faktoru jurnallarında çap edilməsi dünya elmi ilə inteqrasiya şəraitində mühüm əhəmiyyətə malikdir.
Bu gün Azərbaycan Milli Elmlər Akademiyası yaradıcı alimləri birləşdirən, multimedia maarifləndirici resursların müasir kompleksi, tətbiq edilmiş bir sıra innovasiya strukturlarının köməyi ilə səmərəli idarə edilən maarifləndirici innovasiya müstəvisinə çevrilmişdir.
Prezident İlham Əliyevin dövlətçilik təfəkkürünü, idarəçilik səriştəsini səciyyələndirən əsas amillər inkişaf, tərəqqi, siyasi sabitlik, sosial rifah, firavan həyat və güclü müasir Azərbaycandır. Akademiya üzvləri Azərbaycan elminin inkişafı yolunda üzərinə düşdüyü vəzifələri həmişə şərəflə yerinə yetirmişlər.
AMEA kollektivi bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan bütün vəzifələri böyük səylə, şərəf və ləyaqətlə yerinə yetirmək üçün əzmlə çalışmaqda davam edir.
Günel Məlikli, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.