Bakı Avrasiya Universitetində AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi katibi, filologiya elmləri doktoru Aynel Məşədiyeva və Turan Dövlətləri Birləşmiş Konfederasiyasının (TURKKON) xarici təşkilatlanma üzrə sədr müavini Mesut Gülaçtının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Tədbirdə BAU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Sevda Rzayeva, Nəzəri dilçilik və türk dilləri kafedrasının müdiri, dosent Zəminə Rüstəmbəyli, kafedranın əməkdaşı, dosent Kəmalə Ələkbərova, eləcə də Filologiya fakültəsinin dekanı, dosent Salman Süleymanov iştirak ediblər.
Görüş zamanı Türk dünyasına daxil olan ölkələr arasında elmi, mədəni və təhsil sahələrində əməkdaşlıq perspektivləri, mövcud əlaqələrin daha da möhkəmləndirilməsi, birgə tədbirlərin təşkili və qarşılıqlı layihələrin həyata keçirilməsi kimi mühüm məsələlər müzakirə olunub. Qonaqlara institutun əsas fəaliyyət istiqamətləri, həyata keçirilən elmi-tədqiqat işləri və bu sahədə görülən yeniliklərlə bağlı ətraflı məlumat təqdim edilib. Tərəfdaşlığın genişləndirilməsinin hər iki tərəf üçün əhəmiyyətli və faydalı olacağı xüsusi vurğulanıb.
Bununla yanaşı, Bakı-Avrasiya Universitetinin Filologiya fakültəsinin tələbələrinə TURKKON-un fəaliyyəti, məqsədləri və regional əməkdaşlıqda oynadığı rol haqqında geniş məlumat verilib.
Tədbirin sonunda TURKKON-da Azərbaycanı təmsil edən və Mədəniyyət, Təhsil və Akademik Əməkdaşlıq üzrə Başqanı, filologiya elmləri doktoru Aynel Məşədiyeva, Xarici Mətbuat və Media Əlaqələri Bölməsi üzrə Başqan Müavini Turan Ədalət, Xarici Təşkilatlanma və Diaspora Fəaliyyətləri Bölməsi üzrə Başqan müavini Pərvin Mehdiyev - Azərbaycan TURKKON quruluşuna göstərdikləri dəyərli xidmətlərinə görə təltif plaketləri ilə mükafatlandırılıblar.
Turan Dövlətləri Birləşmiş Konfederasiyasının (TURKKON) xarici təşkilatlanma üzrə sədr müavini Mesut Gülaçtı BAU rəhbərliyinə hədiyyələri təqdim etmişdi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.