Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.12.2025 14:35
  • A-
  • A
  • A+

“Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” beynəlxalq konfransı öz işinə başlayıb

“Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” beynəlxalq konfransı öz işinə başlayıb

Dekabrın 4-də görkəmli kimyaçı alim, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunan “Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” adlı beynəlxalq konfrans öz işinə başlayıb.

Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkil etdiyi konfrans görkəmli kimyaçı alim, Azərbaycan elminin inkişafında müstəsna xidmətləri olan akademikin elmi irsinin tədqiqi və müasir perspektivlər fonunda yenidən qiymətləndirilməsinə həsr olunub.

Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət ediblər. Ümummilli Liderin və görkəmli oftalmoloq-alimin məzarları önünə əklil və gül dəstələri qoyulub, onların əziz xatirələri dərin ehtiramla yad edilib.

Sonra akademik Yusif Məmmədəliyevin məzarı ziyarət edilib, xatirəsi ehtiramla yad olunub.

AMEA-nın Rəyasət Heyətinin binasında keçirilən açılış mərasimindən öncə akademik Yusif Məmmədəliyevin həyat və fəaliyyətinə həsr olunmuş fotosərgiyə baxış keçirilib.

Konfransın rəsmi açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra akademik Yusif Məmmədəliyevə dair video nümayiş olunub.

Mərasimin rəsmi açılış hissəsində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, Yusif Məmmədəliyevin elmi irsi bu gün kimya sənayesində, elmi-tədqiqat müəssisələrində və ali təhsil proqramlarında geniş şəkildə tətbiq olunur.

Elm və Təhsil Nazirliyinin elmin populyarlaşdırılması, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, geniş tədqiqatçı kütləsinin dəstəklənməsi istiqamətində ardıcıl addımlar atdığını vurğulayan Emin Əmrullayev qeyd edib ki, bu çərçivədə akademik Yusif Məmmədəliyevin 120 illiyi münasibətlə elm və təhsil müəssisələrində ölkə ictimaiyyətinə, alimlərə və tələbələrə onun həyat və elmi fəaliyyəti barədə ətraflı məlumat verən tədbirlər təşkil olunur, tələbələrə müvafiq mövzular üzrə tədqiqat tapşırıqları verilir.

O, Yusif Məmmədəliyev adına müxtəlif tədqiqat qrantlarının, təqaüdlərin və gənc alimləri dəstəkləyən digər alətlərin hazırlanmasının həmin irsin davamlı şəkildə yaşadılmasına mühüm töhfə olacağını qeyd edib.

Nazirin sözlərinə görə, gələcək dövrlərdə həm Azərbaycandan, həm də xarici ölkələrdən olan gənc alimlər üçün təqaüdlərin və müxtəlif fellowship proqramlarının təsis edilməsi Yusif Məmmədəliyev adının yeni nəslə daha düzgün formada çatdırılmasına, eləcə də dünya səviyyəsində istiqamətverici elmi təşəbbüslərin formalaşmasına şərait yaradacaq.

Emin Əmrullayev vurğulayıb ki, növbəti ildən başlayaraq Yusif Məmmədəliyev adına kimya olimpiadasının keçirilməsi planlaşdırılır. Olimpiada həm Azərbaycan, həm də region ölkələrinin şagirdlərini əhatə edəcək və bu, olduqca vacib təşəbbüsdür.

Sonra çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli 2025-ci ilin Azərbaycan elmi ictimaiyyəti üçün bir çox tarixi faktlarla əlamətdar olduğunu söyləyib. Akademik İsa Həbibbəyli bildirib ki, cari il ərzində cənab Prezidentin Sərəncamı ilə Azərbaycan təbabətinin əfsanələrindən biri olan akademik Mustafa Topçubaşovun 130 illiyi təntənəli şəkildə keçirilib. Həmçinin diqqətə çatdırıb ki, noyabrın 3-də Prezident İlham Əliyevin iştirakı ilə Milli Elmlər Akademiyasının 80 illik yubileyi yüksək səviyyədə qeyd olunub, dövlətimizin başçısı yubiley yığıncağındakı proqram xarakterli nitqində Azərbaycan elmi və alimlərinin gələcək fəaliyyətinin yol xəritəsini müəyyənləşdirib.

AMEA rəhbəri bu gün isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dünyaşöhrətli kimyaçı alim, akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinin qeyd edildiyini söyləyib. Qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, bu gün isə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlətimizin elm siyasəti və qayğısı nəticəsində Azərbaycan alimləri öz yaradıcı fəaliyyətləri ilə ölkəmizin inkişafına töhfə verirlər. Akademik İsa Həbibbəyli Azərbaycan elminə, alimlərinə, onun tarixi şəxsiyyətlərinin irsinə, elmi nəsillərin yetişdirilməsi ənənəsinin davam etdirilməsinə daim göstərdiyi diqqətə görə konfrans iştirakçıları adından Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Akademik Yusif Məmmədəliyevin elmi irsinin daim ölkəmizin rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini deyən akademik İsa Həbibbəyli Ümummilli Lider Heydər Əliyevin alimin heykəlinin açılışında iştirak edərək geniş nitqlə çıxış etdiyini, Prezident İlham Əliyevin isə akademikin 120 illik yubileyi ilə bağlı Sərəncamında onu Azərbaycan elminin yetirdiyi parlaq sima və Azərbaycanda neft kimyasının bünövrəsini yaratmış alim kimi səciyyələndirdiyini vurğulayıb. Həmçinin qeyd edib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva 2005-ci ildə akademik Yusif Məmmədəliyevin 100 illik yubileyi ilə bağlı UNESCO-da keçirilən tədbirdə “Yusif Məmmədəliyev sanki bir ömürdə bir neçə həyat yaşayıb”, - deyərək onun elmi fəaliyyətini yüksək qiymətləndirib.

“Yusif Məmmədəliyev Azərbaycanın elm tarixinə neft kimya məktəbinin banisi olaraq düşüb. Yusif Məmmədəliyev ilk dəfə neft qazlarının xlorlaşması, alınan halogenli birləşmələrin müxtəlif sahələrdə istifadəsi, halogenləşmə prosesləri ilə bağlı mühüm tədqiqatlar aparıb. Yüksək oktanlı aviasiya yanacağını kəşf edib ki, bu da SSRİ-nin İkinci Dünya müharibəsində qələbə əldə etməsində tarixi rol oynayıb. Həmçinin neft kimyası və neft emalında alkilləşmə ilə bağlı mühüm elmi nailiyyətlər əldə etmişdir. Bundan əlavə, Yusif Məmmədəliyev Naftalan neftinin sirlərini açmış, onun mahiyyətini elmi əsaslarla işləmişdir ki, insanlarımız bu gün də görkəmli alimimizin nailiyyəti əsasında Naftalan Sağlamlıq Mərkəzində müalicə olunurlar”, - deyə akademik İsa Həbibbəyli diqqətə çatdırıb.

Akademik Yusif Məmmədəliyevin ölkəmizdə humanitar və ictimai elmlərin, Azərbaycan dilinin, ədəbiyyatının, tarixinin, mədəniyyətinin də inkişafında müstəsna xidmətləri olduğunu söyləyən akademik İsa Həbibbəyli bildirib ki, görkəmli alim AMEA-nın prezidenti kimi daim bu sahələrdə tədqiqatların aparılması və genişləndirilməsinə rəhbərlik edib. Həmin dövrdə Əlyazmalar Fondu, Şamaxı Astrofizika Rəsədxanası yaradılıb, Qobustan abidələrinə, “Kitabi-Dədə Qorqud” dastanına dair mühüm tədqiqatlar aparılıb.

AMEA rəhbəri akademik Yusif Məmmədəliyevin ölkəmizdə elmlə təhsilin inteqrasiyasına da daim diqqət yetirdiyini, Bakı Dövlət Universitetinin rektoru olduğu illərdə daim elmi nailiyyətlərin təcrübədə sınaqdan keçirilməsinə çalışdığını söyləyib.

Akademik İsa Həbibbəyli bildirib ki, həm akademik Yusif Məmmədəliyevin, həm də akademik Mustafa Topçubaşovun elmi nailiyyətləri həmin dövrdə Nobel mükafatına namizəd kimi irəli sürülsə də, sovet rəhbərliyinin bu mükafata soyuq münasibəti bunun qarşısını alıb.

Akademik İsa Həbibbəyli sonda akademik Yusif Məmmədəliyevin elmi irsinin, tarixi nailiyyətlərinin, ixtiralarının, həyat fəaliyyətinin zəngin olduğunu, bu gün də bu sahədə gənc kadrların hazırlanmasına, onların gələcək fəaliyyətinə stimul verdiyini söyləyib, konfransın işinə uğurlar arzulayıb.

Daha sonra çıxış edən Milli Məclis sədrinin müavini akademik Rafael Hüseynov Yusif Məmmədəliyevin həyatı barədə maraqlı məqamları konfrans iştirakçılarının diqqətinə çatdırıb. Yusif Məmmədəliyevin mədəniyyətə bütün ruhu və varlığı ilə bağlı bir insan olduğunu deyən Rafael Hüseynov akademikin Bülbül, Səməd Vurğun, Üzeyir Hacıbəyli kimi böyük mədəniyyət xadimləri ilə yaxın, mehriban dostluq münasibətlərindən danışıb. Qeyd edib ki, bu yaxınlıq onun daxildən gələn incə hissiyyatının, mədəniyyətə olan sevgisinin göstəricisi idi.

Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev bildirib ki, Azərbaycanın ictimai və intellektual mühitində akademik Yusif Məmmədəliyevin timsalında onlarla, bəlkə də, yüzlərlə dünyaşöhrətli alim yetişir və Azərbaycan xalqı artıq dünyanın elm mərkəzlərindən birinə çevrilir. Azərbaycan xalqının elm və tərəqqi yolu ilə irəliləməsində akademik Yusif Məmmədəliyevin qoyduğu parlaq ideyaların xüsusi rolunu vurğulayan Şahin Mustafayev qeyd edib ki, bu yolda Beynəlxalq Türk Akademiyası həm Azərbaycan elminin, həm də Türk dünyasının, türk xalqlarının, türk dövlətlərinin elminin inkişafına öz töhfəsini verməyə hazırdır.

Konfrans iştirakçılarını salamlayan AMEA-nın müxbir üzvü, akademik Yusif Məmmədəliyevin qızı Sevda Məmmədəliyeva Ulu Öndər Heydər Əliyev tərəfindən alimin xidmətlərinin hər zaman yüksək dəyərləndirildiyini, bu gün də Prezident İlham Əliyev tərəfindən akademikin xatirəsi və irsinə daim həssas münasibət göstərildiyini xüsusi vurğulayıb. Sevda Məmmədəliyeva Yusif Məmmədəliyevin xatirəsinə göstərilən böyük ehtirama görə ölkə rəhbərliyinə dərin minnətdarlığını ifadə edib. Konfransın əhəmiyyətinə toxunan Sevda Məmmədəliyeva çıxışında yubiley konfransının bütün təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib. Qeyd edib ki, Yusif Məmmədəliyevin həyat yolu həm bir ideya, həm bir məktəb, həm də bir dəyər kimi yaşayır. Bu gün yüzlərlə alim, yüzlərlə təlim bu məktəbin davamçısıdır.

Konfrans çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Səlim bin Məhəmməd əl-Malik və UNESCO-nun baş direktorunun müavini Lidiya Britonun videomüraciəti dinlənilib.

Çıxışlardan sonra akademik Yusif Məmmədəliyevin həyat və elmi fəaliyyətinə həsr olunmuş sənədli film də nümayiş edilib.

Daha sonra bir sıra yerli və xarici alimlər “AMEA-nın Yusif Məmmədəliyev döş nişanı” və “AMEA-80” döş nişanı ilə təltif ediliblər.

Rəsmi açılış mərasimindən sonra konfrans öz işini panel müzakirələrlə davam etdirib. 

Konfransın birinci günündə dünyanın müxtəlif elm mərkəzlərini təmsil edən tanınmış alimlərin iştirakı ilə “Yusif Məmmədəliyevin elmi, pedaqoji və təşkilati fəaliyyəti: Azərbaycan və dünya elminin inkişafına verilmiş töhfə”, “Kimya elmində müasir çağırışlar: varislik və innovasiyalar” və “Elmi irs və gələcəyin üfüqləri” mövzularında panel sessiyaları keçirilib.

Qeyd edək ki, konfrans öz işini sabah da davam etdirəcək.

Konfransın ikinci günündə Naxçıvanda akademikin abidəsinə, həmçinin Yusif Məmmədəliyevin ev-muzeyinə ziyarət nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: