2025-ci ildə Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri və ilk Baş naziri Fətəli xan İsgəndər xan oğlu Xoyskinin 150 illiyi tamam olur. O, 1875-ci il dekabrın 7-də anadan olub. Moskva Dövlət Universitetinin hüquq fakultəsini birinci dərəcəli diplomla bitirərək, Tiflis Məhkəmə Palatası sədrinin əmrilə Gəncə Dairə Məhkəməsində çalışmağa başlayıb. 1907-ci ildə Gəncə Quberniyasından 2-ci Dövlət Dumasına deputat seçilərək, Dumanın müsəlman fraksiyasına daxil olub.
1917-ci ilin noyabr ayında Zaqafqaziya komissarlığı, 1918-ci ilin fevralında isə Zaqafqaziya Seymi yarandıqda, 44 müsəlman-türk fraksiyasının üzvlərindən biri də Fətəli xan olub. Zaqafqaziya Seymi dağıldıqdan sonra mayın 27-də müsəlman-türk fraksiyası Tiflisdə bir araya gələrək Azərbaycan Milli Şurasını yaradır. Mayın 28-də Milli Şuranın ilk iclasında Azərbaycan Cumhuriyyətinin müstəqilliyi bəyan olunaraq, müstəqil dövlətin ilk baş naziri vəzifəsinə Fətəli xan Xoyski seçilib.
Bu dövrdə Fətəli xan Xoyskinin başçılığı altında Azərbaycan hökumətinin ən mühüm işlərindən biri 1918-ci il iyulun 15-də Fövqəladə Təhqiqat Komissiyasının yaradılması olub. 1918-ci il sentyabrın 18-də Fətəli xan Xoyskinin imzası ilə “Azərbaycan Respublikası hökumətinin məlumatı” elan edilib. Məlumatda belə qeyd edilirdi: “Respublikanın mərkəzi Bakı şəhərinə daxil olmuş Azərbaycan hökuməti şəhərin və ətrafının bütün əhalisinə elan edir ki, milliyyətindən, dinindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün vətəndaşlara bərabər münasibət olacaq və hökumət bütün vətəndaşların həyatını, hüquqlarını və əmlakını bərabər surətdə müdafiə edəcək”.
Prezident İlham Əliyevin Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncamında qeyd edilir: “Fətəli xan Xoyski XX əsrin əvvəllərindən milli-mədəni intibahını yaşayan Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti naminə hərəkatda üzərinə götürdüyü çətin vəzifəni şərəflə yerinə yetirmiş fədakar ziyalılar nəslinin parlaq nümayəndəsidir. Geniş dünyagörüşlü, cəsarətli, vətənpərvər şəxsiyyət və böyük siyasi xadim kimi o, daim Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin ön cərgələrində mövqe tutmuş, tarixi İstiqlal Bəyannaməsini imzalayanlardan biri olmuşdur”.
Fətəli xan Xoyskinin rəhbərlik etdiyi hökumət kabinetləri Azərbaycan Xalq Cümhuriyyətinin ilk addımlarını atdığı vaxtdan etibarən demokratik dövlət idarəçiliyinin təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirmiş, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və hərbi quruculuq sahələrində mühüm nailiyyətlər qazanmış, Azərbaycanın müstəqilliyinin xarici dövlətlər tərəfindən tanınması və diplomatik münasibətlərinin yaradılması işinə layiqli töhfələr vermişdir.
Dahi lider Heydər Əliyev Tbilisi Nəbatat bağında Fətəli xan Xoyskinin abidəsinin açılışı mərasimində nitqində vurğulamışdı: “1918-ci ildə Cənubi Qafqazda - Gürcüstanda, Azərbaycanda, Ermənistanda çox böyük ictimai-siyasi proseslər gedən vaxt, bizim xalqlarımız - gürcü və Azərbaycan xalqları öz milli azadlıqları uğrunda mübarizə apardığı, öz müstəqil dövlətçiliyini qurmaq əzmində olduğu zaman bu böyük hadisələr, bu siyasi proseslər məhz burada, Gürcüstan torpağında, Tbilisidə baş vermişdir və Azərbaycanın görkəmli şəxsiyyətləri, o cümlədən Fətəli xan Xoyski də burada Azərbaycanın müstəqilliyi üçün çalışmış və böyük xidmətlər göstərmişdir. O ağır və çətin dövrdə ilk Azərbaycan Demokratik Respublikasının baş naziri vəzifəsini Azərbaycanın görkəmli oğlu Fətəli xan Xoyski öz üzərinə götürmüş, bu vəzifəni layiqincə həyata keçirmiş və xalqımız qarşısında böyük xidmətlər göstərmişdir”.
Müstəqillik dövründə Bakı Dövlət Universitetinin tarixi haqqında araşdırmalardan o da məlum olur ki, Fətəli xan Xoyskinin təklifini ən çox müdafiə edənlərdən biri də AXC-nin ilk maarif naziri Nəsib bəy Yusifbəyli olmuşdur. Həmid bəy Şahtaxtinski də məhz Fətəli xan Xoyskinin tapşırığı ilə 1919-cu ilin əvvəllərində Tiflisə gələrək Zaqafqaziya Universitetinin Bakıya köçürülməsi haqqında Azərbaycan hökumətinin təkliflərini universitetə təqdim etmişdir.
Ümumilikdə “Zülmət səltənətində işıq” olan bu parlaq şəxsiyyət əslində öz xalqının yolunda ömrünü şam kimi əridən dan ulduzu idi. Sonrakı gələn nəsillərə bu ulduzun işığı bələdçilik edəcəkdi. Moskva Dövlət Universitetinin məzunu Fətəli xan Xoyski qazandığı biliklərini müstəqilliyini təzəcə elan etmiş doğma Azərbaycanda təhsil alacaq gəncliyə öyrətmək eşqi, arzusu ilə yaşamışdı.
Azərbaycan tarixində müstəqillik uğrunda mübarizənin simvolu olan Fətəli Xan Xoyskinin ictimai-siyasi irsinin təbliği mühüm hadisədir.
Günel MƏLİKLİ, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.