Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

10.12.2025 12:57
  • A-
  • A
  • A+

Dahi lider Heydər Əliyevin idarəetmə fəlsəfəsində psixoloji amillər - sürətli inkişaf strategiyası

Dahi lider Heydər Əliyevin idarəetmə fəlsəfəsində psixoloji amillər - sürətli inkişaf strategiyası

“Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir”.

Azərbaycan Respublikasının

Prezidenti İlham Əliyev

Xalqımız Azərbaycanın ən gərgin anlarını yaşadığı bir vaxtda Heydər Əliyevin hadisələrə yanaşma tərzinə və proseslərin hansı sonluqla nəticələnəcəyi barəsində söylədiyi fikirlərə daim böyük ehtiyac hiss etmişdir. Xalqımızda Heydər Əliyevə daim böyük inamın olması bu görkəmli şəxsiyyətin fenomenallığı və bərabərsizliyi ilə bağlıdır.

Ötən əsrin sonlarında ölkəmizdə anarxiyanın miqyasının genişlənməsi siyasi, sosial-iqtisadi və mənəvi-psixoloji baxımdan böhranın dərinləşməsinə, cəbhədə ardıcıl hərbi uğursuzluqlara, ən dəhşətli isə xalqın vətəndaş müharibəsi təhlükəsi ilə qarşılaşmasına aparıb çıxartdı.

Həmin vaxt isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasının 17 noyabr 1990-cı il tarixli iclasında Azərbaycan Demokratik Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan MR-nın bayrağı kimi qəbul olunması haqqında qərar verilməsi məhz Heydər Əliyevin siyasi iradəsi və təşəbbüsü sayəsində mümkün olmuşdu.

Belə bir şəraitdə Azərbaycan xalqı, onun qabaqcıl dairələri, ziyalılar, elm, mədəniyyət xadimləri yaranmış böhranlı vəziyyətdən çıxış yolunu, ölkənin etibarlı gələcəyini dünya şöhrətli dövlət xadimi Heydər Əliyevin simasında görür və bütün ümidlərini bu görkəmli şəxsiyyətlə bağlayırdı. Bu məqsədlə, Azərbaycanın vətənpərvər ziyalıları 16 oktyabr 1992-ci il tarixli “Səs” qəzetində Heydər Əliyevə müraciət edərək respublikadakı vəziyyətin ağırlığını və hakimiyyətin apardığı naşı, avantürüst siyasətin nəticəsində ölkəmizin məntiqi olaraq ağır təhlükələrlə qarşılaşdığını böyük həyəcanla ifadə etdilər. Onlar ölkəni düşdüyü bəlalardan xilas edə biləcək və özündə xalqımızın bütün tələblərini birləşdirəcək siyasi partiyanın yaradılmasının zəruri olduğunu bildirməklə bu siyasi qüruma məhz Heydər Əliyevin rəhbərlik etməsini təkid etdilər. Müraciətdə yaradılacaq Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə qadir olan yeganə mütləq liderin məhz Heydər Əliyevin olduğu açıq şəkildə bəyan edildi.

Ulu Öndər Heydər Əliyev respublikada hakimiyyətə qayıtdıqdan sonra ötən illər ərzində təxribatların qarşısı alındı, özbaşınalığa son qoydu, ordu quruculuğunda təxirəsalınmaz tədbirlər həyata keçirildi. 

1994-cü ilin sentyabrın 20-də Azərbaycanın “Gülüstan” sarayında ABŞ, Böyük Britaniya, Rusiya, Norveç, Türkiyə və Səudiyyə Ərəbistan dövlətləri ilə Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və Günəşli” yatağının dəriliklərində yerləşən hissəsinin birgə işlənilməsi haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə həmin ölkələrin neft şirkətləri arasında sazişin imzalanmasını yuxarıda deyilənlərin məntiqi nəticəsi kimi göstərmək olar.

Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf konsepsiyasının özəyini 3 mərhələdə həyata keçirilməsi nəzərdə tutulan islahatlar təşkil edirdi: birinci mərhələdə güclü dövlət tənzimlənməsi ilə böhrandan çıxmaq, ikinci mərhələdə iqtisadiyyatın sabitliyini təmin etmək, üçüncü mərhələdə isə iqtisadiyyatın dirçəlişinə nail olmaq gərəkdi.

Ölkəmizin əldə etdiyi nailiyyətlər məhz bütün şüurlu ömrünü Vətənə xidmətə həsr edən Ulu Öndər Heydər Əliyevin şərəfli adı ilə bağlıdır. Onun 2003-cü ilin oktyabrında xalqımıza ünvanladığı müraciətdə deyilirdi: “...bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezident kimi mənim həyat amalım yalnız sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 mart 2008-ci il tarixli Sərəncamında belə deyilir: 1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlişindən etibarən respublikamızın həyatında geniş vüsət alan ictimai-siyasi proseslər və iqtisadi islahatlar müsbətə doğru radikal dəyişikliklərə təkan vermişdir.

Heydər Əliyev həmin dövrdə özünün dövlət idarəçiliyi strateji proqramında mədəni və mənəvi intibahı həmişə iqtisadiyyatda və sənayedəki uğurlarla əlaqələndirərək, vahid məcrada həyata keçirmişdir. 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir”.

XX əsrin sonunda Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi daim azadlıq və müstəqilllik arzuları ilə yaşayan və qədim dövlətçilik ənənələrinə malik olan xalqımızın həyatında çox böyük əhəmiyyətli tarixi hadisəyə çevrildi. Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunması, milli dövlətçilik ənənələrinin qorunub saxlanılması istiqamətində atdığı addımlar, yenicə müstəqillik qazanmış xalqımızın həyatında mühüm tarixi əhəmiyyət daşıyırdı.

Ulu Öndər Heydər Əliyevin siyasi varisi cənab Prezident İlham Əliyev yaradan, quran, birləşdirən, həmçinin dünyada baş verən proseslərə milli maraqlara xidmət edən siyasətlə təsir göstərən, siyasi iradəyə malik Liderdir. Prezident seçildiyi ilk gündən İlham Əliyev praqma­tik dövlət xadimi kimi iqtisadiyyatın bütün sferalar üzrə inkişafına nail olmağın zəruriliyini bəyan edərək, ölkənin neft gəlirlərindən asılılığının aradan qaldırıl­ması və qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində mühüm addım­lar atdı.

Ümummilli Lider Heydər Əliyev bugünkü güclü, qüdrətli Azərbaycanı öz zehni, düşüncəsi, müdrikliyi ilə yaradıb inkişaf etdirib, bütün dünyaya tanıdıb. Məhz elə buna görə də dahi şəxsiyyətin adı hazırda, sözün həqiqi mənasında, müasir müstəqil Azərbaycan dövlətinin rəmzi kimi səslənir. Heydər Əliyevin qeyri-adi intellekti bütün xalqa xidmət edirdi.

Günel MƏLİKLİ, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: