Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

06.04.2016 11:19
  • A-
  • A
  • A+

Sərgidə I Şah İsmayıla həsr olunmuş sənət əsərləri nümayiş etdiriləcək

Sərgidə I Şah İsmayıla həsr olunmuş sənət əsərləri nümayiş etdiriləcək

AMEA Milli Azərbaycan Tarixi Muzeyində açılacaq “I Şah İsmayıl – sərkərdə və hökmdar” sərgisində 130-dək tarixi eksponatla yanaşı, Azərbaycan və Türkiyə rəssamlarının, heykəltəraşlarının əl işləri də nümayiş olunacaq.

Türkiyəli usta-rəssam Efe Unçu tərəfindən hazırlanmış iki əsər ilk dəfə nümayiş olunacaq. Onlardan biri “Çaldıran döyüşü” mövzusunda işlənmiş fayans boşqabdır. Boşqabın üzərində orta əsr Osmanlı miniatürləri üslubunda işlənmiş Çaldıran döyüşündən bir səhnə təsvir edilib.

E.Unçunun ikinci əsəri “Halic üslubunda yazı” adlanır. Fayans boşqab üzərində usta-rəssam orta əsrlər dövründə Osmanlı dövlətində yayılmış və təkcə bədii deyil, həm də fəlsəfi məna daşıyan haliç üslubunda təsvir-yazı verib.

Sərgidə, həmçinin dünya muzeylərində qorunan və Şah İsmayıl dövrünə aid eksponatların yeddi mulyajı, 100-dək fotoşəkil də nümayiş olunacaq.

Qeyd edək ki, “ XVI əsr Səfəvi döyüşçüsü” suvenir fiquru xüsusi maraq doğurur. Prezident İlham Əliyevin Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyəsi olan bu fiqur olduqca dəqiq işlənib, orta əsr Azərbaycan döyüşçüsünün silah və ləvazimatlarını olduğu kimi əks etdirir. Fiqur öz oxu ətrafında fırlanan podium üzərində nümayiş olunur.

Sərgidə, eyni zamanda, gənc heykəltəraş İslam Həsənəlizadənin müəllifi olduğu və modern üslubda işlədiyi “Atlı qızılbaş”, “Şah İsmayıl ilə Əli Malkuçoğlu arasında döyüş” kiçik heykəlləri, rəssam Seyran İmanovun orta əsr Təbriz miniatür üslubunda çəkdiyi “Çaldıran döyüşü” əsəri təqdim edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: