AMEA Rəyasət Heyəti aparatının İkinci xüsusi şöbəsində Akademiyanın institut və təşkilatlarının Mülki Müdafiə (MM) qərargah rəislərinin iştirakı ilə növbəti seminar-məşğələ keçirilib.
Tədbirdə İkinci xüsusi şöbənin rəisi Eldar Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda Vaşinqtonda keçirilən IV Nüvə Təhlükəsizliyi Sammitində iştirakının, regionda nüvə təhlükəsizliyi barədə çıxışının, ABŞ-ın yüksək vəzifəli rəsmi şəxsləri ilə keçirdiyi görüşlərin, apardığı danışıqların mühüm nəticələr verəcəyinə əminliyini bildirib.
Şöbə rəisi gündəlikdəki məsələləri seminar-məşğələ iştirakçılarının diqqətinə çatdırıb.
Sonra AMEA Radiasiya Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Rəvan Mehdiyeva "Azərbaycanın radioekoloji durumu və Azərbaycan Respublikası Prezidentinin Nüvə Təhlükəsizliyi Sammitində regionda nüvə təhlükəsizliyi barədə çıxışı" mövzusunda məruzə ilə çıxış edib. Təbii və süni radionuklidlərin xüsusiyyətlərindən danışan məruzəçi radioekoloji durumun təbii və süni mənşəli radionuklidlərin atmosfer, litosfer və hidrosferdə paylanması, onların canlılara və ətraf mühitə təsirinin qiymətləndirilməsi üzrə elmi-tədqiqat işlərinin nəticəsində müəyyən edildiyini bildirib: “Ölkəmiz nüvə texnologiyaları və nüvə energetik sistemlərinə malik olmadığı üçün radioekoloji durum təbii şüa mənbələri ilə xarakterizə olunur”.
Rəvan Mehdiyeva ölkənin regionlarında və əsas texnogen faktorlar yaradan istehsal sahələrində təbii şüa mənbələrinin miqdarı, radioaktivliyi və onların yaratdığı şüa intensivlikləri ilə bağlı institutda aparılmış tədqiqatların nəticələrini iştirakçıların nəzərinə çatdırıb.
Azərbaycanın radioekoloji vəziyyətinə təsir edən əsas faktorların müəyyənləşdirilərək qiymətləndirildiyini söyləyən R.Mehdiyeva bu istiqamətdə tədqiqat işlərinin aparıldığını, mövcud problemlər və növbəti araşdırmalara dair müxtəlif təkliflərin irəli sürüldüyünü qeyd edib.
IV Nüvə Təhlükəsizliyi Sammitindən söz açan direktor müavini bildirib ki, Azərbaycan Respublikası Prezidentinin bu tədbirə dəvət edilməsi ölkə başçımızın məqsədyönlü daxili və xarici siyasəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdə qazandığı dövlətçilik nüfuzundan, onun iqtisadi inkişafına verilən qiymətdən xəbər verir: “Bu, Azərbaycanın beynəlxalq aləmdə təhlükəsizliyə verdiyi töhfənin qiymətləndirilməsidir".
Ölkədə nüvə və radioaktiv materialların qeydiyyatı, saxlanılması, istifadəsinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin norma, qayda və standartlarına uyğun şəkildə həyata keçirildiyini vurğulayan R.Mehdiyeva Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin yarandığını və beynəlxalq tələblərə müvafiq infrastruktur kimi formalaşdığını diqqətə çatdırıb.
Ölkə başçısının sammitdəki çıxışını xatırladan natiq Prezident İlham Əliyevin BMT başda olmaqla, sammitdə edilən bütün tərəqqi çağırışlarının həllini tapacağına və həyat təhlükəsizliyinin təmin ediləcəyinə əminliyini ifadə etdiyini xüsusi qeyd edib.
Seminar-məşğələdə mart ayında elmi müəssisələrdə keçirilən mülki müdafiə məşqləri barədə rəhbər heyətin məlumatları dinlənilib.
Sonda Akademiyanın institut və təşkilatlarında beşillik MM planlarının hazırlanmasına dair tövsiyələr verilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.