Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Ülkər Talıbzadənin yeni kitabı haqqında
26.12.2025 10:18
  • A-
  • A
  • A+

Ülkər Talıbzadənin yeni kitabı haqqında

Bu yaxınlarda yeni bir kitab nəşr olunub və ictimaiyyətin nəzərinə çatdırılıb. Bu – Əməkdar Mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Ülkər Talıbzadənin “Akademik Zemfira Səfərova” adlı kitabıdır. Əsər ictimaiyyət tərəfindən çoxdan gözlənilən və arzu olunan bir elmi-tədqiqat işidir. Bu tədqiqat işinin müəyyən qədər gec işıq üzü görməsinin əsas səbəbi Ü.Talıbzadənin özünə qarşı hədsiz dərəcədə böyük tələbkarlıqla yanaşması və böyük məsuliyyət hissi ilə bağlıdır. Bu isə müəllifin peşəkarlığından irəli gələn və hər bir alim üçün vacib olan xüsusiyyətdir.

Kitabın mövzusu, demək olar ki, çox mürəkkəb və çətin mövzu olmuşdur. Çünki, adından göründüyü kimi, ölkəmizdə və eləcə də, ölkəmizdən kənarda tanınan görkəmli musiqişünas alim, bir çox dövlət mükafatlarına layiq görülmüş, sənətşünaslıq doktoru, professor, akademik Zemfira Səfərovaya həsr olunmuşdur. Zemfira xanım haqqında çox sözlər deyilib, çox fikirlər söylənilib, çox sayda məqalələr yazılıb – dahi bəstəkar Qara Qarayevdən başlayaraq, bir çox görkəmli musiqiçilər, elm xadimləri, çağdaş dövrün musiqişünas alimləri və başqaları – onun əsərlərinə, bütün yaradıcılığına, musiqi elmi sahəsindəki xidmətlərinə böyük qiymət vermiş, dərin fikirlər söyləmişlər. Eyni zamanda, Zemfira xanımın yaradıcığı çox genişdir, müraciət etdiyi mövzular müxtəlif və çox əhatəlidir. Bu baxımdan, belə bir alim haqqında yeni bir söz demək, onun bütün yaradıcılığını bir elmi-tədqiqat işi çərçivəsində bir yerə cəmləmək, təhlillər aparmaq və nəticələr çıxarmaq müəllif qarşısında duran çətin və məsuliyyətli bir iş idi. Ü.Talıbzadə bu işin öhdəsindən bacarıqla gəldi və çox samballı, alimin tam portretini yarada biləcək  bir elmi əsər ortaya qoydu.

Qeyd etmək lazımdır ki, mövzunun asanlaşdırıcı tərəfləri də var idi. Tam əminliklə demək olar ki, Ü.Talıbzadə Zemfira xanımın yetirməsidir. Ülkər xanım 45 ildən artıqdır ki, artıq hamımız üçün doğma məkana çevrilmiş AMEA Memarlıq və İncəsənət İnstitutunun “Musiqi tarixi və nəzəriyyəsi” şöbəsində işləyir və Zemfira xanımın rəhbərliyi altında fəaliyyət göstərir. Bəlkə də, Z.Səfərovanın iş həyatını Ülkər xanım qədər bilən çox az adam vardır. Ü.Talıbzadə elm aləminə baş vurmağı – mövzu seçmək, mövzu üzərində işləmək, metodoloji yanaşma seçmək, təhlillər və ümumiləşmələr aparmaq, nəticələr çıxarmaq və bu kimi məsələləri Zemfira xanımdan öyrənmişdir, desək yanılmarıq. Əlbəttə, bura Ülkər xanımın özünün istedadını, əməksevərliyi, bacarıq və səriştəliliyini də əlavə etmək lazımdır. Ü.Talıbzadə daim Z.Səfərovanın rəhbərliyi altında onunla yanaşı addımlamış, şöbənin bütün işlərinin ərsəyə gəlməsində böyük əməyi olmuş, bir çox əsərlərin elmi redaktoru və rəyçisi olmuşdur.

“Akademik Zemfira Səfərova” kitabı dörd fəsildən ibarətdir.

I fəsildə - Z.Səfərovanın yaradıcılığı müasir Azərbaycan musiqişünaslığı kontekstində - müəllif Zemfira xanımın həyatı, elmi və təşkilatı fəaliyyətinin əsas mərhələlərini və istiqamətlərini işıqlandırıb. Burada Zemfira xanımın çoxillik yaradıcığı boyu yazdığı əsərlər, məqalələr, konfrans və simpoziumlarda çıxışları, ictimai-təşkilatı fəaliyyəti mərhələli şəkildə öyrənilmiş, əsərlərin yaranması tarixi haqqında yığcam məlumatlar, həyatında baş verən mühüm hadisələr və s. öz əksini tapmışdır. Ü.Talıbzadə bu fəsildə Zemfira xanımın ayrı-ayrı kitablarından bəzi incə məqamları – onu, ilk növbədə, insan kimi – düzgün vətəndaş mövqeli bir insan kimi xarakterizə edə bilən fikirlərini sitat şəklində kitaba daxil etmişdir. Məsələn, “Ölməzlik” kitabından Zemfira xanıma məxsus, hamıya tanış olan cümlə - “...Mən Üzeyir bəyin musiqisinə elə bənd oldum ki, onun cazibə qüvvəsinin təsiri məni hələ də tərk etmir.” Belə bir dərin mənalı, Üzeyir bəyin yaradıcılığından doğan belə bir maraqlı və özünəməxsus fikri, yalnız Zemfira xanım məhz bu şəkildə deyə bilərdi. Və ya türk dilində olan “Bebeklerimiz makamla ağlar” kitabından götürülmüş sitatda “Karabağın və Şuşanın bağları, ormanları, akarsuları, temiz havasıyla o denli güzel bir doğas var ki... Derlər ki, oarada  doğan çocuqlar kundakta makamla ağlarlar” fikirləri. Bu cümlələrdə Ü.Hacıbəyliyə, Qarabağa, Şuşaya, onun təbiətinə, gözəlliklərinə, musiqimizə, muğamımıza nə qədər böyük sevgi və məhəbbət hiss olunur. Düşünürəm ki, “xalqımı sevirəm, səni sevirəm” demək olar, yazmaq da mümkündür. Lakin sən o sözlərdə sevgini hiss etməzsən. Zemfira xanımın yazılarında isə bu hiss çox güclüdür. Onun fikirlərində insanın ürəyinə toxunan sevgi notları var. Ü.Talıbzadə bu səpkili müxtəlif sitatlar gətirməklə, bu incə məqamları əsərə salmaqla kitabın daha oxunaqlı olmasını təmin edib.

Bu fəsildə müəllif Z.Səfərovanın müxtəlif məqalə və kitablarının adını çəkir və onlar haqqında çox tutumlu fikirlər söyləyir. Yeri gəlmişkən, bir məqam üzərində dayanmaq istərdik. Qeyd edək ki, Z.Səfərovanın bir sıra məqalə və kitabları maraq doğuran adları ilə diqqəti cəlb edir. O, öz əsərlərinə olduqca cəlbedici bədii adlar seçir. Məsələn: Dedim, Dedilər – bu ad Zemfira xanımın milli ruhundan, onun xalq poeziyasına yaxından bələd olmasından irəli gəlir. Məlum olduğu kimi, “Dedim-Dedi” xalq poeziyasına, eləcə də aşıq poeziyasına xas olan ən geniş yayılmış şeir şəkillərindən biridir. Z.Səfərova öz kitabının adında milli şeir formasını müasir məzmunlu strukturla qovuşdurmuşdur. Əslində, indiki dövrdə bu səpkili kitablara tez-tez rast gəlmək mümkündür: müəllifin fikirləri və onun haqqında deyilənlər. Lakin onların heç birində bu tutumlu bədii ada rast gəlinmir. Daha bir kitabın adı: Bilik, xeyirxahlıq, əbədilik” toxumları səpmək...” – bu adda hər bir söz böyük məna daşıyır və sanki gələcək nəsillərə bir çağırış, bir nəsihətdir: həm emosional çağırışdır, həm energetik çağırış, ideya çağırışı və s. Belə maraq doğuran adlardan biri də “Ardı yaşanılır...” kitabının adıdır. Bu kitabı Ü.Talıbzadə Azərbaycan memorial ədəbiyyatının gözəl nümunələrindən biri kimi dəyərləndirir.

II fəsil – “Z.Səfərovanın “Azərbaycanın musiqi elmi” tədqiqatında Azərbaycan musiqisinin nəzəri problemləri” – bu fəsildə müəllif əsərin əhəmiyyətini qeyd edərək onun əvəzsiz olduğunu söyləyir və “Z.Səfərovanın Azərbaycanın tarixi, musiqi elmi, mənbəşünaslığın ayrı-ayrı məsələləri ilə bağlı qızğın və dərin elmi axtarışları, ardıcıl tədqiqatlarının” nəticəsi olduğunu yazır. Həqiqətən, bu əsər mühüm tarixi-mədəni, eyni zamanda, siyasi-ictimai əhəmiyyət daşıyan bir elmi-tədqiqat işidir. Bu əsəri ilə Z.Səfərova ilk dəfə Ü.Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” əsərində adı çəkilən Səfiyyəddin Urməvi və Əbdulqadir Marağaini yenidən, bir Azərbaycanlı olaraq, xalqımıza qaytaran, onun dünyaya tanıdan, eyni zamanda, Fətullah Şirvanini, Mir Möhsün Nəvvabı xalqımızın məşhur şəxsiyyətləri sırasına daxil edən bir musiqişünas alimdir. 

III fəsildə - Üzeyir Hacıbəylinin musiqi və elmi irsinin tədqiqində Z.Səfərovanın rolu – Ü.Talıbzadə Üzeyir Hacıbəyli şəxsiyyətinin Z.Səfərovanın yaradıcılığında tutduğu mühüm yeri açıqlayır, 55 kitabından 16-sının məhz bəstəkarın irsinin tədqiqinə həsr olunduğunu söyləyir. Həqiqətən də, Ü.Hacıbəyli Zemfira xanımın yaradıcılığının ana mövzusudur, “leytmotividir”, desək, yanılmarıq. Bu mövzu alimi bütün həyatı boyu müşayiət etmişdir. Daha bir yarımfəsli isə Ülkər Talıbzadə “Üzeyir Hacıbəyovun yaradıcılığında nəzəri və estetik problemlər” adlı monoqrafiyanın təhlilinə həsr etmişdir və əsərin elmi mahiyyətini və əhəmiyyətini üzə çıxarmağa nail olmuşdur.

IV fəsil – Z.Səfərovanın tədqiqatlarında musiqişünaslığın aktual problemləri və şəxsiyyətlər”  adlanır. Burada Ü.Talıbzadə Z.Səfərovanın “Şərq musiqisinin peyğəmbəri” monoqrafiyası və Qara Qarayevin elmi-publisitik irsi ilə bağlı olan çoxsaylı məqalələrini təhlilə cəlb edib. Müəllif bu araşdırmasında Z.Səfərovanın bu iki böyük və fərqli şəxsiyyətlərin ayrı-ayrılıqda, dahiyanə obrazlarının yaradılmasında xidmətlərini, eyni zamanda, yaradıcılığının 2020-2025-ci illəri əhatə edən dövründə əldə etdiyi elmi nailiyyətləri açıb göstərmişdir.

“Akademik Zemfira Səfərova” kitabının ən maraqlı və dolğun hissələrindən biri, fikrimizcə, tədqiqatın Nəticə bölməsidir. Hər bir elmi-tədqiqat işinin ən əsas məqsədi  təhlillər aparmaqla ümumiləşdirmələr və konkret nəticələr əldə etməkdir, bununla da,  araşdırmanın elmi yeniliyini və dəyərini üzə çıxarmaqdır. Ülkər Talıbzadə Nəticələr bölməsində bu məqsədinə nail olmuşdur. Nəticələr bölməsində ayrı-ayrı başlıqlar altında Z.Səfərovanın elmə gətirdiyi “ilklər” – elmi yeniliklər öz əksini tapmışdır. İlk bölmə Üzeyirşünaslıq adlanır. Burada Elmi yaradıcılığına Üzeyir Hacıbəylinin yaradıcılığının tədqiqi ilə başlayan Zemfira Səfərovanın dahi Azə tədqiqatçısı, qızğın təbliğatçısı, mənəvi qoruyucusu kimi oxuculara təqdim olunmuşdur.  

Mənbəşünaslıq adlandırdığı bölmədə mənbəşünaslıq inkişafında böyük rolu olan Z.Səfərovanın bu sahədə gördüyü mühüm xidmətlər – qədim risalələrin tərcüməsi, transliterasiyası, tədqiqi, əbcəd hərfləri ilə yazılmış musiqi nümunələrinin açılması, nəşr olunması və s. kimi xidmətləri müəllif tərəfindən bir daha vurğulanmışdır.

Musiqi irsinin akademik nəşri adlanan bölmədə Z.Səfərovanın bu sahəsə yorulmaz əməyi – Leyli və Məcnun operasının partiturasının hazırlanması, bəstəkarın əlyazmalarının bərpası və s. sahəsində xidmətləri qeyd olunmuşdur. Z.Səfərovanın ən böyük xidmətlərindən biri də, ilk dəfə olaraq, Layihə rəhbəri, elmi redaktoru, baş redaksiya Şurasının sədri kimi beşcildlik Azərbaycan Musiqi Tarixinin yaradılması ideyasının həyata keçirməsi və ilk akademik nəşrinin hazırlanaraq çap olunmasıdır. Bu coxcildlik təkcə musiqi elminə deyil, eyni zamanda, təhsil sahəsinə böyük bir töhvədir. İndi çoxsaylı tələbə ordusunun ən çox yararlandığı kitab-dərsliklərdən biridir. Bəzən belə bir ifadə də eşidirik: Tarix yazan insan. Bu sözlər xalqı, vətəni qarşısında böyük xidmətləri olan insanlar haqqında deyilir. Bu ifadəni birbaşa Zemfira Səfərovaya da aid etmək olar. Çünki, o “Azərbaycan musiqi tarixi” kimi - ən qədim dövrlərdən indiki zamanadək olan, böyük bir dövrü əhatə edən musiqi tariximizin coxcildliyini yaradan musiqişünas alimdir.

Ülkər Talıbzadənin təqdim olunan elmi tədqiqat işi peşəkarcasına, alim səriştəsi ilə və öz müəlliminə böyük ehtiram və sevgi hissi ilə yazılmış bir əsərdir. Onun çox səmimi, səlis, aydın, eyni zamanda, milli nitqin özəlliklərini özündə daşıyan danışıq tərzi vardır. Onun bu xüsusiyyəti yazı üslubuna da ös təsirini göstərmişdir. Kitabın dili də səmimi, aydın, oxunaqlıdır, eyni zamanda, elmidir.

Ülkər xanım respublikamızın tanınmış musiqişünaslarından biridir. Kollektiv arasında böyük hörmət qazanmış, nüfuzlu, alim-mütəxəssisdir. Ülkər Talıbzadənin yaradıcılığı çox genişdir. O, musiqi və poetik mətnin qarşılıqlı əlaqələri, uşaq musiqi folkloru haqqında, eləcə də, müxtəlif mövzularda çoxsaylı məqalələrin, “Azərbaycan Musiqi tarixi”nin cildlərinə daxil olan hissələrin müəllifidir, daim konfrans və elmi simpoziumlarda məruzələr edir, Dissertasiya işlərinin arzuolunan rəsmi opponenti kimi çıxış edir. O, eyni zamanda, Abdulla Şaiqin Mənzil-muzeyinin direktorudur və babası Abdulla Şaiqin, atası Kamal Talıbzadənin layiqli davamçısıdır. O, həmçinin, UNESCO-nun nəzdində Beynəlxalq Muzeylər Şurası Azərbaycan Milli Komitəsinin üzvüdür. Ülkər Talıbzadəni yeni çapdan çıxmış kitabı münasibətilə təbrik edir, ona yaradıcılıq uğurları arzulayırıq. Bir musiqişünas alim kimi, ondan gözləntilərimiz çoxdur və yeni-yeni əsərlərin yaranmasını səbirsizliklə gösləyirik. 

İradə KÖÇƏRLİ, AMEA Memarlıq və İncəsənət İnstitutunun Musiqi folkloru şöbəsinin müdiri sənətşünaslıq doktoru, professor

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: