Aprelin 8-də AMEA Rəyasət Heyətində Aqrar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib.
İlk olaraq torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclası giriş sözü ilə açan bölmənin akademik-katibi, akademik Qərib Məmmədov aprelin 1-dən 2-nə keçən gecə Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti silahlı təxribatdan danışıb. Akademik Q.Məmmədov alimlərimizin Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclasında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin çıxışını dəstəklədiyini diqqətə çatdırıb. Azərbaycan ordusunun əldə etdiyi nailiyyətlərdən söz açan akademik əsgərlərimizin şücaəti nəticəsində bir çox strateji mövqelərimizin erməni işğalından azad edilməsinin böyük qələbə kimi qiymətləndirildiyini vurğulayıb. Bu işdə dövlət başçısının məqsədyönlü və ardıcıl siyasətinin, ordu quruculuğu sahəsində verdiyi mühüm qərarların böyük rolu olduğunu xüsusi qeyd edib. Bölmə rəhbəri Azərbaycan elmi ictimaiyyətinin milli ordumuzu sonadək dəstəklədiyini və işğal altında olan torpaqlarımızın tezliklə azad olunacağına əminliyini bildirib.
Sonra akademik Qərib Məmmədov gündəlikdəki məsələlər barədə məlumat verib.
Tədbirdə bu ayın sonunda keçiriləcək AMEA-nın illik Ümumi yığıncağına hazırlıqla bağlı məsələlər müzakirə edilib. Bildirilib ki, Ümumi yığıncaqda Akademiyanın 2015-ci ildəki fəaliyyətinə dair hesabatı dinləniləcək və bir sıra mühüm məsələlər müzakirə olunacaq.
İclasda AMEA-nın Ümumi yığıncağının sərgisinin təşkilinə dair məsələlərə də baxılıb. Elmi nailiyyətlərin təbliği şöbəsinin rəisi, sərginin icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva elmi müəssisə və təşkilatların sərgiyə hazırlıq prosesi haqqında məlumat verib. O, nümayiş olunacaq materiallara dair təklif və tövsiyələrini səsləndirib.
Yığıncaqda ölkə başçısı tərəfindən qəbul olunmuş "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya" çərçivəsində yaxın gələcək üçün prioritet vəzifələrə dair təkliflərin Rəyasət Heyətinə təqdim edilməsi qərara alınıb.
Tədbirdə müzakirəyə çıxarılan növbəti məsələ bölmənin elmi müəssisələrinin 2016-cı il üçün doktorantura və dissertanturaya qəbul planına dair təkliflər haqqında olub. Həmçinin Genetik Ehtiyatlar İnstitutunda Təhsil şöbəsinin yaradılması, Texniki, yem və dərman bitkiləri şöbəsinin Texniki və yem bitkiləri şöbəsi adlandırılması və institutun Elmi Şurasının tərkibində qismən dəyişiklik edilməsi haqqında qərarlar qəbul olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.