Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Azərbaycan dilinin inkişafının strateji hədəfləri və prioritet istiqamətləri
19.01.2026 10:38
  • A-
  • A
  • A+

Azərbaycan dilinin inkişafının strateji hədəfləri və prioritet istiqamətləri

Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 14 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının qısa xülasəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin azərbaycançılıq məfkurəsi əsasında yeni milli ideologiyanın və buna əsaslanan yeni mədəniyyət siyasətinin formalaşdırılması izah olunur.

Konsepsiyanın əsas məqsədi belə şərtləndirilir: “Azərbaycan mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası (bundan sonra – Konsepsiya) qlobal və ölkədaxili çağırışlar nəzərə alınmaqla, Azərbaycanın milli kimliyinə əsaslanan müasir mədəniyyət modelinin yaradılması, inkişafı və 2040-cı ilədək digər mədəniyyətlərlə qarşılıqlı əlaqələrinin genişləndirilməsi üçün dövlət mədəniyyət siyasətinin istiqamətlərini müəyyən edən və mədəniyyət sahəsi ilə bağlı fəaliyyətə vahid, sistemli və dayanıqlı yanaşmanı təmin edən strateji planlaşdırma sənədidir”. Azərbaycan dili xalqımızın milli kimliyinin, tarixi yaddaşının və mədəni irsinin əsas sütunlarından biridir. Müstəqil Azərbaycan Respublikasında dövlət dili kimi Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi və cəmiyyətin bütün sahələrində düzgün istifadəsinin təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bu baxımdan “Azərbaycan mədəniyyəti – 2040” strateji baxış sənədində Azərbaycan dili məsələsinə xüsusi yer ayrılmışdır. Bu sənədin 2-ci bəndində Azərbaycan dili ilə bağlı çağırışlar: Azərbaycan dilinin inkişafı, o cümlədən beynəlxalq aləmdə təbliği və təşviqi ilə bağlı əlaqələndirilmiş fəaliyyətin həyata keçirilməsi, Azərbaycan dilində elmi, elmi-publisistik və bədii əsərlərin sayının və keyfiyyətinin artırılması və digər məsələlər yer alıb. Konsepsiyanın 8.2-ci bölməsi Azərbaycan dilinin inkişafı ilə bağlıdır.

Azərbaycan dili milli kimliyimizin, mədəni irsimizin və dövlətçilik ənənələrimizin əsas dayaqlarından biridir. Müasir dövrdə qloballaşma, rəqəmsallaşma və informasiya mühitinin sürətli inkişafı dil siyasətinin daha sistemli, məqsədyönlü və davamlı şəkildə həyata keçirilməsini zəruri edir. Bu baxımdan Azərbaycan dilinin funksionallığının artırılması, elmi əsaslarla inkişaf etdirilməsi, təbliği və təşviqi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir.

Konsepsiyada Azərbaycan ədəbi dilinin bədii, elmi, publisistik, rəsmi-işgüzar və məişət üslublarında funksional imkanlarının genişləndirilməsi mühüm prioritet hesab olunur. Bu məqsədlə müvafiq dövlət qurumları tərəfindən üslubların elmi əsaslarla araşdırılması, dilin müxtəlif sahələrdə tətbiq imkanlarının təhlili, təhsil müəssisələrində ədəbi dil bacarıqlarının sistemli şəkildə tədrisi istiqamətində tədbirlər həyata keçiriləcəkdir. Ümumtəhsil müəssisələrinin Azərbaycan dili dərsliklərində ədəbi dilin funksionallığına dair bilik və bacarıqların şagirdlərə ardıcıl şəkildə aşılanması gənc nəslin dil mədəniyyətinin formalaşmasına xidmət edəcəkdir.

Azərbaycan dilinin tarixi, məzmunu və mədəniyyətin inkişafındakı rolu ilə bağlı elmi tədqiqatların genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Müasir elmi metodların tətbiqi ilə aparılan araşdırmalar Azərbaycan dilinə dair elmi əsərlərin sayının artmasına, tədqiqatların keyfiyyətinin yüksəlməsinə, lüğət ehtiyatının zənginləşdirilməsinə, dilin istifadə arealının genişlənməsinə şərait yaradacaqdır.

Bu tədqiqatların nəticələrinin “e-culture” platformasında, nüfuzlu elmi jurnallarda və mediada yayımlanması, həmçinin ictimai müzakirələrə çıxarılması dil siyasətinin şəffaflığını və effektivliyini artıracaqdır.

Azərbaycan dilində, xüsusilə elmi və publisistik sahədə yeni əsərlərin yaranması və yayılması dilin inkişafında mühüm rol oynayır. Yerli və xarici elm və təhsil müəssisələri ilə dayanıqlı əməkdaşlığın qurulması keyfiyyətli elmi əsərlərin təşviqinə, Azərbaycan dilində yazılmış materialların beynəlxalq səviyyədə tanıdılmasına, milli elmi potensialın gücləndirilməsinə xidmət edəcəkdir.

Azərbaycan dilinin ictimai və rəqəmsal mühitdə istifadəsi ictimai yerlərdə, mediada, rəqəmsal məhsullarda və digər sahələrdə Azərbaycan dilindən istifadənin genişləndirilməsi dil siyasətinin əsas hədəflərindən biridir. Maarifləndirmə mexanizmlərinin hazırlanması və tətbiqi vasitəsilə Azərbaycan dilindən düzgün və səmərəli istifadə təşviq ediləcək, dil mədəniyyəti üzrə ictimai məsuliyyət artırılacaq, rəqəmsal mühitdə ana dilinin mövqeyi möhkəmləndiriləcəkdir. Bu istiqamətdə həyata keçirilən tədbirlər Azərbaycan dilinin gündəlik həyatın bütün sahələrində aparıcı mövqedə olmasını təmin edəcəkdir.

Uzun illərdir bu sahədə çalışan tədqiqatıç-alim kimi qeyd edim ki, konsepsiyada nəzərdə tutulan Azərbaycan dilinin lüğət ehtiyatının zənginləşdirilməsi, dialektlərin sinxron və diaxron tədqiqi, dil normalarının təkmilləşdirilməsi istiqamətində aparılan işlər dilin elmi əsaslarla inkişafını təmin edəcəkdir. Bu proses yeni terminlərin formalaşdırılmasına, dil normalarının təkmilləşdirilməsinə, ictimai məlumatlılığın artırılmasına xidmət edəcəkdir.

Tərcümə lüğətlərinin hazırlanması məsələsi də konsepsiyanın əsas istiqamətlərindən biridi. Azərbaycan dilindən BMT-nin əsas dillərinə, türk dillərinə və əksinə tərcümə lüğətlərinin hazırlanması dilin beynəlxalq kommunikasiya imkanlarını genişləndirəcəkdir. Mütəxəssis qruplarının formalaşdırılması və təşkilati işlərin həyata keçirilməsi nəticəsində keyfiyyətli tərcümə lüğətləri hazırlanacaq, bu lüğətlər geniş ictimaiyyət üçün əlçatan olacaqdır. Bu təşəbbüs Azərbaycan dilinin beynəlxalq nüfuzunun artmasına mühüm töhfə verəcəkdir.

Konsepsiyanın əsas hədəflərindən biri də dil normalarına nəzarətin gücləndirilməsi məsələsidir. Azərbaycan dili haqqında normativ hüquqi aktlara və dil normalarına əməl olunmasına nəzarətin effektivliyinin artırılması vacib məsələdir. Bu məqsədlə təhlillər aparılacaq, səmərəli nəzarət mexanizmləri hazırlanacaq, aidiyyəti qurumlara müvafiq təkliflər təqdim ediləcəkdir. Belə ki, 2026-2030-cu illər üçün Konsepsiyanın həyata keçirilməsi üzrə Tədbirlər Planında Azərbaycan Milli Elmlər Akademiyasının da bu sahədə öhdəlikləri müəyyənləşdirilmişdir. Əməli tədbirlər həyata keçirildikdən sonra Azərbaycan dilindən düzgün və standartlara uyğun istifadənin təmin olunması mümkün olacaqdır.

Son olaraq qeyd edək ki, “Azərbaycan mədəniyyəti – 2040” sərəncamında Azərbaycan dili yalnız ünsiyyət vasitəsi kimi deyil, milli-mənəvi dəyər, mədəni irs və dövlətçilik rəmzi kimi təqdim olunur.

Azərbaycan dilinin inkişafı üzrə həyata keçirilən sistemli fəaliyyətlər dilin funksionallığının artırılmasına, elmi əsaslarla zənginləşdirilməsinə və cəmiyyətin bütün sahələrində geniş istifadəsinə şərait yaradır. 2026-2040-cı illəri əhatə edən bu strategiya Azərbaycan dilinin həm milli, həm də beynəlxalq səviyyədə mövqeyini gücləndirməyə yönəlmişdir. Dil siyasətinin uğuru dövlət qurumlarının koordinasiyalı fəaliyyəti, elmi ictimaiyyətin fəallığı və cəmiyyətin bu prosesə aktiv cəlb olunması ilə birbaşa bağlıdır. Dilin qorunması, inkişafı və gələcək nəsillərə ötürülməsi Azərbaycanın mədəni strategiyasının əsas istiqamətlərindən biridir. Bu yanaşma milli kimliyin möhkəmləndirilməsinə, mədəni irsin davamlılığına və cəmiyyətin mənəvi inkişafına mühüm töhfə verir.

Zülfiyyə İsmayıl, AMEA Naxçıvan Bölməsi, filologiya üzrə fəlsəfə doktoru, dosent

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: