Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Füzuli şeirinin poetik nizamı və dil fəlsəfəsi: Aynur Mahmudun tədqiqatında
27.01.2026 15:52
  • A-
  • A
  • A+

Füzuli şeirinin poetik nizamı və dil fəlsəfəsi: Aynur Mahmudun tədqiqatında

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dili tarixi şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmudun "Azərbaycan ədəbi dilinin Məhəmməd Füzuli zirvəsi (türkcə qəzəllərinin linqvopoetik xüsusiyyətləri)" (Bakı, 2025) adlı monoqrafiyası dahi şairin 530 illik yubileyi ərəfəsində Füzuli irsinə linqvistik və poetik prizmadan yanaşan fundamental bir tədqiqat əsəridir. Müəllif haqlı olaraq qeyd edir ki, Füzuli yaradıcılığı ədəbiyyatşünaslıq baxımından geniş öyrənilsə də, onun türkcə qəzəllərinin linqvistik-poetik mənzərəsi hələ də əhatəli tədqiqata ehtiyac duyur. Kitabın əsas yeniliyi Füzuli dilini təkcə keçmişin abidəsi kimi deyil, müasir dilimizin normativ bazası və intellektual sistem kimi təqdim etməsidir. Müəllif göstərir ki, “XVI əsrdən sonrakı Azərbaycan ədəbiyyatının formalaşmasında Füzuli yaradacılığı məhək daşı olmuş, hər dövrdə fərqli, spesifik şəkildə öz varlığını göstərmiş, dili və ədəbiyyatı yönləndirmişdir”.

Monoqrafiya giriş, beş fəsil və nəticədən ibarət olmaqla, Füzulini Azərbaycan ədəbi dilinin zirvəsi kimi xarakterizə edir. Tədqiqatda şairin özündən əvvəlki sələflərinin – Nəsimi, Həbibi və Xətainin ənənələrini necə yeni keyfiyyət mərhələsinə qaldırdığı elmi şəkildə əsaslandırılır. Müəllif Füzuli yaradıcılığının interpretasiya imkanlarını və sonrakı dövrlərdə yaranan nəzirəçilik ənənəsini təhlil edərək vurğulayır ki, heç bir davamçı Füzuli mətninin poetik potensialına ekvivalent ola bilməmişdir.

Monoqrafiyanın “Füzuli qəzəllərində linqvopoetik mənzərəsi" başlıqlı fəsli elmi baxımdan çox dəyərli və orijinal hissədir. Monoqrafiyanın əvvəlki hissələri daha çox tarixi-müqayisəli və ümumi ədəbi mənzərəyə həsr olunduğu halda, bu fəsildə bilavasitə Füzuli mətninin daxili strukturuna nüfuz edilir. Burada dilçiliklə ədəbiyyatşünaslığın sintezi (linqvopoetika) ən yüksək nöqtəyə çatır.

Müəllif monoqrafiyada Füzuli qəzəllərindəki bədii təzadların (antitezaların) sadəcə bir "söz oyunu" olmadığını, onların şairin fəlsəfi dünyagörüşü ilə necə qırılmaz şəkildə bağlı olduğunu elmi dəlillərlə göstərir. Füzulinin yaratdığı metaforik sistemin linqvistik təhlili onun "söz"ə olan münasibətini yeni tərəfdən işıqlandırır. Əsərdə klassik poeziyanın mürəkkəb obrazlar sistemi (məsələn, "saç", "qara rəngin major və minor ifadələri", "dodaq") həm də linqvistik vahid kimi araşdırılır. Şairin söz ehtiyatının (leksikonunun) necə bir poetik enerji yaratdığı və bu enerjinin Azərbaycan dilinin emosional qatlarını necə zənginləşdirdiyi məhz bu hissədə fundamental şəkildə sübuta yetirilir. Füzuli şeirinin musiqisini təmin edən səs təkrarları və fonetik incəliklər burada statistika və linqvistik təhlillə təqdim olunur ki, bu da Füzuli "zirvəsinin" təkcə məna deyil, həm də səs və forma zirvəsi olduğunu göstərir.

Müəllif göstərir ki, Füzuli ölüm konseptini ifadə etmək üçün geniş leksik-semantik şəbəkə yaradır. Onun mətnlərində “ölmək”, “fənaya varmaq”, “can vermək”, “vücuddan keçmək”, “məhv olmaq”, “cəfa içrə fanilik” kimi ifadələr yalnız fiziki məhvolmanı deyil, ruhi sublimasiyanın müxtəlif dərəcələrini bildirir.

Aynur Mahmud sübut edir ki, Füzuli türkcəni təkcə hisslərin dili deyil, həm də elmi-fəlsəfi təfəkkürün ifadə vasitəsinə çevirmiş, XVI əsrdə Azərbaycan ədəbi dilinin fonetik, leksik və qrammatik normalarının sabitləşməsində müstəsna rol oynamışdır.

Aydın, akademik və obrazlı bir dillə yazılmış bu monoqrafiya, füzulişünaslıq tarixinin elmi nailiyyətlərinə söykənərək, şairin dilini Azərbaycan xalqının milli kimliyinin və intellektual ruhunun "pasportu" kimi qiymətləndirir. Aynur Mahmudun bu tədqiqatı həm klassik irsimizlə maraqlanan mütəxəssislər, həm də ali məktəblərin filologiya fakültələri üçün dəyərli bir mənbədir.

Xədicə HEYDƏROVA, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dili tarixi şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: