“Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev
Prezident İlham Əliyev son 23 il ərzində gənclərə diqqət və qayğını daim diqqət mərkəzində saxlayıb. Buna görə də Azərbaycanda gənclik sözügedən dövrdə cəmiyyətin aparıcı qüvvəsi kimi çıxış edib, sabitliyin, təhlükəsizliyin təmin olunmasında, möhkəmlənməsində xüsusi rol oynayıb, eyni zamanda, həyatın ayrı-ayrı sahələri ilə bağlı çağırışlara operativ yanaşmaqla beynəlxalq inteqrasiya prosesinin fəal iştirakçısına çevrilib.
Azərbaycan dövləti gənclər siyasətini prioritet istiqamət kimi diqqət mərkəzində saxlamaqla, gəncliyin cəmiyyətin inkişafında sosial təbəqəyə çevrilməsinə, demokratikləşmədə, sosial-iqtisadi sahələrdə uğurlar əldə etməsinə, islahatların gerçəkləşdirilməsi prosesinə qoşulmasına dəstək verir.
Onu da xatırlatmaq istərdim ki, Prezident İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, həmçinin “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı” dövlət gənclər siyasətinin daha da inkişafına mühüm təsir göstərib.
Ötən dövr ərzində adıçəkilən strategiya və proqram gənclər siyasətinin səmərəli həyata keçirilməsində, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaradılmasında əhəmiyyətli rol oynayıb. Bu, eyni zamanda, təhsil sisteminin gücləndirilməsinə, ölkədə elm potensialının artırılmasına əsaslı şərait yaradıb.
Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Hazırda ölkədəki yüzlərlə qeyri-hökumət və gənclər təşkilatının səmərəli fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsi hər bir gəncimizdə özünə, öz gücünə, istedadına, potensialına inam hissini artırıb. Azərbaycan gəncləri Vətənini sevir və cənab Prezidentimizin ətrafında sıx birləşirlər. Azərbaycan gəncləri Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini bundan sonra da daha dərindən mənimsəməsi işinə töhfə verəcək, Ulu Öndərin dövlətçilik ənənələrinin qorunub saxlanılması ilə bağlı üzərlərinə düşən məsuliyyəti daim hiss edəcəklər.
Prezident İlham Əliyevin bütün fəaliyyəti Azərbaycan gənclərini ruhlandırır və inanırıq ki, onlar ölkənin inkişafına öz töhfələrini verəcəklər. Prezidentin diqqət və qayğısı Azərbaycan gənclərinə uğur qazanmaqda hər zaman stimul verir. Buna görə də biz gənclər özümüzü çox xoşbəxt hiss edirik.
Cənab Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley yığıncağında iştirakı və mükəmməl, dərin məzmunlu nitqi biz gənc alimlər üçün böyük bayram oldu. Prezident çıxışında vurğuladı ki, Azərbaycan alimləri bundan sonra da ölkəmizin uğurlu inkişafina öz töhfələrini verməlidirlər.
Ümid edirəm ki, biz alimlər də Prezident İlham Əliyevin şərəfli yolunun əsgəri olaraq qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcəyik.
Günel MƏLİKLİ, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.