Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Folklorun dili milli kimliyimizin qoruyucusudur
13.02.2026 14:52
  • A-
  • A
  • A+

Folklorun dili milli kimliyimizin qoruyucusudur

Xalqın, millətin varlığını, mövcudluğunu təsdiqləyən mühüm amillərdən biri, bəlkə də, ən birincisi onun dilidir. Dil milli kimlik, milli mənsubiyyətdir. Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dilidir, ana dilimizdir, dil açarkən heca-heca, kəlmə-kəlmə öyrəndiyimiz dildir, anamızın bizə öyrətdiyi, xalq şairi B.Vahabzadənin dili ilə desək, “ruhumuza gilə-gilə içirdiyi dil”dir. Dili varsa, dili yaşayırsa, o millət mövcuddur. Firidun bəy Köçərlinin yazdığı kimi, “dil hər bir millətin ən əsas simvoludur: millət hər şeyi, hətta torpağını belə itirə bilər. Bununla belə, o, hələ də yaşaya bilər. Amma bir xalq dilini itirərsə, ondan geriyə heç nə qalmaz”. Bu mənada Azərbaycan dili var olduğu müddətdə millət olaraq biz də varıq, Azərbaycan dövləti də var olacaqdır!

Ölkə başçısı, Prezident İlham Əliyevin ana dilimizə göstərdiyi diqqət hər bir Azərbaycan vətəndaşının ürəyindən xəbər verir. Azərbaycan dilinin dövlət dili kimi bütün sahələrdə tətbiqi, yüksək tribunalarda təqdir edilməsi son dərəcə aktualdır. Milli dilin qorunması, inkişafı və zənginləşməsi ilə bağlı dövlət başçısının qəbul etdiyi fərmanlar, o cümlədən AMEA-nın 80 illik yubileyi münasibətilə keçirilmiş tədbirdəki çıxışı və 5 yanvar 2026-cı il tarixində yerli televiziya kanallarına verdiyi müsahibəsi ana dilini sevən, dilə bağlı olan hər kəsin böyük rəğbətinə səbəb oldu.

Dilimizin min illərlə öz mövcudluğunu qoruyub yaşatmasında, keçmişdən bugünədək ötürülməsində və zənginləşməsində şifahi ədəbiyyatın, o cümlədən folklor örnəklərinin rolu böyükdür. Dilin qüdrətini atalar sözləri və deyimlərimizdə, frazeologizmlərdə, məcazlarda və digər söz qruplarında izləmək mümkündür. Dilin zənginliyi mükəmməl şifahi və yazılı ədəbiyyat incilərinin yaranmasına şərait yaradır. Həyatın ilk günündən ana laylasını eşidən körpə zaman keçdikcə nənəsindən dinlədiyi nağıllarla böyüyür, əfsanələri, rəvayətləri öyrənir, atasından, babasından öyüd-nəsihət alaraq xalq hikmətini – ata sözlərini dərk edir. Həmyaşıdları, tay-tuşları ilə oyunlar qurur, sanamalar, tapmacalar deməklə düşünür, düşündürür, açmasını açarkən həyatın fəlsəfəsini anlayır. Bu minvalla insan doğma dilin, ana dilinin cazibəsində böyüyür, kamilləşir, müdrikləşir. Ömrün bütün mərhələlərində daşlaşmış, qəlibləşmiş ifadələrin – alqışların, xeyir-duaların, məsəllərin, deyimlərin funksionallığını görmək, folklor örnəklərində dil möcüzəsini izləmək mümkündür. Toplumun müxtəlif istiqamətlərində, ayrı-ayrı mərasimlərdə – toyda, nişanda, xınayaxdı günlərində alqışlardan, xeyir-dualardan istifadənin aktivləşdiyini müşahidə edirik. Dünyadan köçərkən də insanlar əzizlərini ağılarla, həzin, kövrək laylalarla yola salır. Demək ki, dil və folklor paralelliyi ömrün bütün çağlarında həmahəng gedir. Belə qənaətə gəlinir ki, insan övladı dünyaya gəldikdən, mövcud olduğu ilk gündən yaşadığı ən sonuncu anadək cəmiyyətin bir parçası olmaqla xalq etnoqrafiyasının, mərasimlərin, adət-ənənələrin, həm də folklorun – ana dilinin, xalq düşüncəsinin – nağılın, əfsanənin, laylanın, bayatının sirli-sehirli cazibəsində yaşayır. Folklor mətnləri ana dilinin təmiz, zəngin leksikasını özündə qoruyur, bu xəzinəni nəsillərdən nəsillərə ötürür. Folklor örnəkləri ana dilinin yaşamasında, yad təsirlərdən qorunmasında, dialekt və şivələrin unudulmamasında, “diri” qalmasında və zənginləşməsində müstəsna mövqeyə sahibdir.

Nağıl dilinin şirinliyi, özünəməxsusluğu kiçik yaşlardan insanların xəyal dünyasına, mənəviyyatına təsir edir. “Biri var idi, biri yox idi...”, “göydən üç alma düşdü: biri mənim, biri nağıl deyənin, biri nağıla qulaq asanın...” kimi nağıl formulları yaşlı və orta nəsillərin ən sevdiyi, ruhuna yaxın bildiyi kəlmələrdir. Dastanlardan tanıdığımız Oğuz igidlərinin şücaəti, əzmkarlığı oğul övladlarının tərbiyəsində çox mühümdür. Dastan qəhrəmanlarının danışıq dili, həyat tərzi – mərdliyi, əyilməzliyi, vüqarlı, hünərli olmaları bütün Azərbaycan gəncləri üçün həmişə örnək olmuşdur. Vətən sevgisini, doğma yurda, torpağa bağlılığı, onu göz-bəbəyi kimi qorumağı dastan qəhrəmanlarının örnəyində öyrətmək həm bu günün, həm də gələcək nəsillərin tərbiyəsində vacibdir. Azərbaycan türkcəsinin ən dəyərli və qədim söz incilərindən olan “Kitabi-Dədə Qorqud” dastanında dilimizin zənginliyi, möhtəşəmliyi aydın görünür:

Qurulu yaya bənzər çatma qaşlım!

Qoşa badam sığmayan dar ağızlım!

Payız almasına bənzər al yanaqlım!

Qar üzərinə qan dammış kimi qızıl yanaqlım!

Akademik T.Hacıyevin milli dilin qüdrətini təsdiqləyən yuxarıdakı məcazlarla bağlı yazısında oxuyuruq: “Dillə belə rəssam işi görmək, əlbəttə, dilin qüdrətidir. Bu sözlər dildə var. Ancaq təbiətdə dolu olan daşdan, mərmərdən, qranitdən sənət abidəsi yaratmaq üçün memar, heykəltaraş təfəkkürü olmalıdır. Türkün o təfəkkürü yetişib ki, çatma qaş modeli üzrə qurulu yay tablosunu çəkir, güz almasının ülgüsü əsasında al yanaq mənzərəsini – lövhəsini yaradır. Türk təbiətdə mövcud olanları dilin sayəsində təhlil edib qavrayır və qavrayaraq, dərk edərək qazandıqlarını dil cildində translyasiya edir, cəmiyyətə çatdırır, cəmiyyətin malına çevirir”.

Ana dilinin gözəlliyi, obrazlılığı bütün digər örnəklər kimi bayatılarda da təzahür edir. Bayatıların da dili obrazlıdır, məzmun cəhətdən zəngindir. Dörd misralıq bir mətndə bitkin süjet xətti təqdim edilir, böyük bir romanda baş verən hadisələrə bərabər informasiya yükü ötürülür. Bayatıların, ümumiyyətlə, folklorun dili ürəyəyatımlıdır, daha sadə, anlaşıqlı və xəlqidir. Folklorun əksər örnəkləri lirik-poetik elementlərlə zəngindir. Hətta epik təhkiyədə də – nağılların, dastanların, xüsusən yanıltmacların dilində xüsusi ahəngdarlıq, alliterasiya izlənilir.

Azərbaycan dilinin tarixi Azərbaycan xalqının özü qədər qədimdir. Azərbaycan dilinin taleyi Azərbaycan xalqının taleyi ilə sıx şəkildə bağlıdır. Məhz buna görə də milli mənsubiyyətimizi, milli kimliyimizi, milli dilimizi, milli folklorumuzu, milli adət və ənənələrimizi daim qorumalı, yaşatmalı, gələcək nəsillərə ötürməliyik. Bu hər birimizin vətəndaşlıq borcumuzdur.

Aynurə Səfərova, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, dosent

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: