Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən AMEA-nın 80 illik yubileyinə həsr olunmuş tədbirdə, eləcə də yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirilən fikirlər Azərbaycan dilinin bu günü və gələcəyi ilə bağlı aydın istiqamət müəyyənləşdirən strateji çağırış, dövlətin dil siyasətində yeni mərhələyə keçidin ifadəsi idi.
Bu fikirləri Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid AMEA-nın və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilən “Medianın dili elmi müzakirə müstəvisində” adlı konfransda çıxışı zamanı səsləndirib. O, əvvəlcə dil məsələsinə həsr olunan tədbirin aktuallığını və əhəmiyyətini önə çəkib, iki qurum arasında formalaşmış əməkdaşlıq münasibətlərindən söz açaraq bu tərəfdaşlığın media dilinin inkişafına mühüm töhfə verdiyini bildirib.
Rəşad Məcid AMEA-nın 80 illik yubileyinə həsr olunmuş tədbirdə Prezident İlham Əliyevin nitqinə diqqət çəkərək bildirib ki, dövlət başçısı çıxışı zamanı Azərbaycan dilinin saflığının qorunmasını mühüm vəzifə kimi önə çəkmiş və konkret tapşırıqlar qoymuşdur. O, ölkə başçısının Akademiyanın 80 illik yubileyindəki parlaq nitqindən bir neçə gün sonra AMEA, Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilmiş “Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” mövzusunda konfransı xatırladıb. Bildirib ki, tədbirin əsas məqsədi mediada ədəbi dil normalarına əməl olunmasını gücləndirmək və nitq mədəniyyətini yüksəltmək olub.
Şura sədri qeyd edib ki, dövlət başçısının həm AMEA-nın 80 illik yubileyindəki çıxışında, həm də yerli televiziyalara müsahibəsində jurnalistləri ədəbi dil məsələsində xüsusi məsuliyyət daşıyan peşə sahibləri kimi vurğulaması medianın üzərinə daha böyük öhdəliklər və vəzifələr qoymuşdur. Rəşad Məcid vurğulayıb ki, jurnalistlər və ümumilikdə media nümayəndələri dilimizin inkişafında, qorunmasında mühüm rol oynayırlar. Buna görə də media nümayəndələrinin Azərbaycan dilini düzgün, səlis və ədəbi normalara uyğun şəkildə istifadə etməsi əsas vəzifələrdən biridir.
O, həmçinin Azərbaycan Mətbuat Şurasının Dil Komissiyasının fəaliyyəti barədə məlumat verərək bildirib ki, Şuranın İdarə Heyətinin 2025-ci ildə keçirilən iclasında Prezident İlham Əliyevin dil siyasəti ilə bağlı fikirlərindən irəli gələn məsələlər müzakirə olunub və Komissiyanın tərkibi yenidən formalaşdırılıb.
Rəşad Məcid 2026-cı ilin ilk iclasında isə Şuranın Dil Komissiyasının yeni tərkibinin təsdiqləndiyini söyləyib, ümumilikdə 12 nəfərdən ibarət tərkibdə tanınmış telejurnalistlər, teleaparıcılar, alimlər, media nümayəndələri və mütəxəssislərin təmsil olunduğunu bildirib.
O, çıxışının sonunda Komissiyanın fəaliyyətinin səmərəliliyinin artırılması üçün Azərbaycan Milli Elmlər Akademiyasının institutları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd edib, tədbirin bu baxımdan mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.