Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyi ilə əlaqədar silsilə materiallar davam etdirilir. AzərTac AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı Firuzə Həmidovanın “Bakı Türkoloji Qurultayı: Türk elminin inkişafında tarixi hadisə” adlı məqaləsini təqdim edir.
XX əsrin əvvəllərində türk xalqları arasında dil, mədəniyyət və elmin inkişafı məsələləri aktual problemlər sırasında idi. Həmin problemlərin elmi əsaslarla müzakirəsi və ümumi qərarların qəbul edilməsi məqsədilə 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay Türk dünyası ölkələrinin elm tarixində mühüm mərhələ olub. Qurultay türk xalqlarının dil birliyi, əlifba islahatı, terminologiya, elmi əməkdaşlıq məsələlərinin sistemli şəkildə müzakirə edildiyi ilk beynəlxalq elmi toplantı kimi xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan SSR-in təşəbbüsü ilə təşkil olunmuş bu tədbir yüksək elmi səviyyədə keçirilib. Qurultayda Azərbaycan, Türkiyə və Rusiyadan, o cümlədən Başqırdıstan, Tatarıstan, Yakutiyadan, habelə Qazaxıstan, Özbəkistan, Türkmənistan və digər respublikalardan gəlmiş 131 nəfər nümayəndə iştirak edib. Tədbir çərçivəsində 17 iclas keçirilib, türk xalqlarının dili, tarixi, ədəbiyyatı və mədəniyyəti ilə bağlı 38 elmi məruzə dinlənilib.
Vasili Bartold türk xalqlarının tarixinin müasir vəziyyətini və öyrənilmə perspektivlərini təhlil edib, Sergey Oldenburq türk xalqları arasında mədəni əlaqələrin metodoloji əsaslarını araşdırıb. Bəkir Çobanzadə türk dillərinin yaxınlığı və qarşılıqlı əlaqələri məsələsinə toxunub, Fuad Körpülüzadə isə türk xalqlarının ədəbi dillərinin inkişaf mərhələlərini elmi şəkildə şərh edib.
Tədbirin ən mühüm müzakirə mövzularından biri əlifba islahatı olub. Qurultay iştirakçıları ərəb qrafikalı əlifbanın türk dillərinin fonetik xüsusiyyətlərini tam əks etdirmədiyini əsaslandırıb və latın qrafikalı əlifbaya keçidin elmi cəhətdən daha məqsədəuyğun olduğunu qeyd ediblər.
Bu Qurultay türk xalqlarının elmi inteqrasiyasını gücləndirib, türkologiyanın inkişafına yeni istiqamət verib. Qurultay həm də Azərbaycanda latın qrafikalı əlifbaya keçid prosesinin sürətlənməsinə ciddi təsir göstərib. 1923-cü ildə Azərbaycan hökuməti “Yeni türk əlifbasının dövlət əlifbası kimi qəbul edilməsi” adlı qərar da çıxarmışdı. Bununla belə, Azərbaycanda bütünlükdə latın əlifbasına keçid mərhələsi bir neçə il sonra gerçəkləşib.
Birinci Türkoloji Qurultayda səsləndirilən ideyalar sonrakı illərdə türk dillərinin müqayisəli-tarixi tədqiqinin genişlənməsinə, terminoloji vahidliyin formalaşmasına və elmi metodların təkmilləşməsinə zəmin yaradıb.
Qurultayın qərar və tövsiyələri türk xalqları arasında mədəni inteqrasiyanın dərinləşməsinə, elmi biliklərin mübadiləsinə və ortaq dəyərlərin qorunmasına xidmət edib. Bu baxımdan Qurultay Türk dünyasının intellektual birliyinin rəmzi kimi qiymətləndirilə bilər. Onun nəticələri uzun illər ərzində türkoloji tədqiqatların istiqamətini müəyyən edib və bu gün də aktuallığını qoruyub saxlayır.
Beləliklə, Birinci Türkoloji Qurultay türk xalqlarının dil birliyinin qorunması, milli-mədəni özünüdərk prosesinin gücləndirilməsi, müasir türkologiya elminin əsaslarının formalaşdırılması baxımından tarixi əhəmiyyətə malikdir.