Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.04.2016 13:24
  • A-
  • A
  • A+

“Azərbaycan-Macarıstan ədəbi əlaqələri və türkologiyanın inkişafında macar alimlərin rolu” mövzusunda elmi konfrans keçirildi

“Azərbaycan-Macarıstan ədəbi əlaqələri və türkologiyanın inkişafında macar alimlərin rolu” mövzusunda elmi konfrans keçirildi

Aprelin 16-da AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr edilən “Azərbaycan-Macarıstan ədəbi əlaqələri və türkologiyanın inkişafında macar alimlərin rolu” mövzusunda elmi konfrans keçirildi.

Əvvəlcə iştirakçılar “Tanınmış macar şərqşünaslar” mövzusunda sərgi ilə tanış oldular.

Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin 18 fevral 2016-cı il tarixli Sərəncamının əhəmiyyətini qeyd etdi. Bildirdi ki, bu il Bakıda türk xalqlarının, o cümlədən Azərbaycan xalqının mədəni həyatında müstəsna rol oynayan Birinci Türkoloji Qurultayın 90 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq. Artıq Birinci Türkoloji Qurultayın keçirilməsi istiqamətində ölkəmizdə və Akademiyada tədbirlərə başlanılıb.

AMEA-nın vitse-prezidenti qeyd etdi ki, Sərəncamdan irəli gələn vəzifələrin icrasına uyğun olaraq bu gün hər iki ölkənin alimlərinin iştirakı ilə Azərbaycanda ilk türkoloji konfrans işinə başlayıb. Tədbirdə nümayəndələrin Azərbaycan-Macarıstan ədəbiyyatı, dilçlik, tarix, etnoqrafiya, folklor əlaqələri üzrə məruzələri dinləniləcək.

İ.Həbibbəyli konfransın ölkələrimiz arasında münasibətlərin və elmi əlaqələrin inkişafına mühüm töhfə verəcəyinə əminliyini bildirib. Qeyd etdi ki, bu istiqamətdə digər ölkələrdəki şərqşünas və türkoloq alimlərlə birgə tədbirlərin davam etdirilməsi nəzərdə tutulub. Tədbirlər Macarıstanda və bu ölkənin timsalında Avropada türkologiyanın, türkoloji əlaqələrin inkişafına, formalaşmasına, nəticələrinə və perspektivlərinə mühüm töhfəsini verəcək.

Akademik İ.Həbibbəyli Azərbaycan-Macarıstan ictimai, siyasi, ədəbi və mədəni əlaqələrinin tarixindən də danışdı, ölkələrimiz arasındakı qarşılıqlı dostluq münasibətlərini qeyd etdi. O, türkologiyanın inkişafında macar alimlərin rolunu xüsusi vurğuladı.

Konfransda çıxış edən Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi. Səfir qardaş Azərbaycan və Macar xalqları arasında elmi əlaqələrin bundan sonra da möhkəmləndirilməsi baxımından bu elmi konfransın böyük əhəmiyyət daşıdığını vurğuladı.

Tədbirdə Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Məmməd Əliyev “Türk xalqları folklorunun öyrənilməsində Macar alimlərinin rolu”, Macarıstanın Seged Universitetinin Orta əsr araşdırmalar kafedrasının müdiri, professor İştvan Zimonyi “Macarıstandakı türkoloji çalışmalar”, Azərbaycan Dillər Universitetində Macar dili üzrə lektor, etnoqrafiya və mədəni antropologiya üzrə fəlsəfə elmləri doktoru Edina Dalloş “Folklor və dilçilik: Volqa-Türk Macar tədqiqatçıları” və Ədəbiyyat İnstitutunun doktorantı Rəna Cahangirli “Azərbaycan-Macar ədəbi əlaqələri tarixinə baxış” mövzusunda məruzələrlə çıxış etdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

 

  • Paylaş: