Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyi ilə əlaqədar silsilə materiallar davam etdirilir. AzərTac AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Lalə Hüseynovanın “Türkoloji düşüncədə Qarabağ izi: Fərhad Ağazadə və əlifba islahatı” adlı məqaləsini təqdim edir.
XIX əsrin sonu - XX əsrin əvvəlləri Azərbaycan tarixində maarifçilik, savadlanma və milli oyanış baxımından mühüm mərhələ təşkil edir. O dövrdə formalaşmış ziyalı nəslin əsas məqsədi xalqın maariflənməsi, ana dilinin inkişafı və təhsilin müasirləşdirilməsi idi. Həmin ziyalılar sırasında türk əlifbası islahatının ardıcıl tərəfdarlarından biri də maarifpərvər ziyalı, publisist və pedaqoq Fərhad Ağazadə olub.
Fərhad Ağazadə XX əsrin əvvəllərindən etibarən Azərbaycan dili və ədəbiyyatının inkişafı, xüsusilə yazı məsələləri ilə ciddi şəkildə maraqlanıb. Alimin baxışları ərəb əlifbasının türk dilinin fonetik xüsusiyyətlərini tam əks etdirməməsi və savadlanma prosesini çətinləşdirməsi fikrinə əsaslanırdı. O, Yaxın və Orta Şərqdə əsrlər boyu istifadə edilən ərəb qrafikalı əlifbanın çatışmazlıqlarını göstərib və demək olar ki, Mirzə Fətəli Axundzadədən sonra bu sahədə ikinci mühüm sima hesab olunur.
1920-ci il aprelin 28-dən sonra Azərbaycanda həyata keçirilən maarif və mədəniyyət islahatları Fərhad Ağazadənin ideyalarının gerçəkləşməsi üçün imkanlar yaradıb. Onun “Ərəb əlifbası türk dilinə niyə yaramır?”, “Yeni türk əlifbasının tarixi” kimi əsərləri bu sahədə fundamental nəzəri mənbələr hesab olunur.
Azərbaycanın yeni əlifba tərəfdarlarının apardıqları ardıcıl və sistemli fəaliyyət nəticəsində latın qrafikalı türk əlifbası ideyası ümumittifaq miqyasında geniş maraq doğurmuşdu. Bu marağın nəticəsi olaraq 1926-cı ildə Azərbaycan Yeni Türk Əlifbası Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə Bakıda Birinci Türkoloji Qurultay keçirilib. Qurultayda latın qrafikalı yeni türk əlifbasının qəbulu, vahid imla qaydalarının yaradılması, türk dillərinin fonetik və qrammatik problemlərinin həlli kimi mühüm məsələlər geniş müzakirə olunub. Fərhad Ağazadə bu müzakirələrdə fəal mövqe sərgiləyıb. Onun Qurultay materiallarında yer alan məruzə və məqalələri Türk dünyasında dil və yazı birliyi ideyasının yayılmasına mühüm töhfə verib. Bu toplantı türk xalqlarının yazı mədəniyyətinin yeniləşməsi istiqamətində dönüş nöqtəsi kimi tarixə düşüb. Qurultay Fərhad Ağazadənin elmi baxışlarının formalaşmasında və ictimai nüfuzunun artmasında mühüm rol oynayıb.
Əlifba islahatının davamı olaraq 1927-ci ildə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri Səmədağa Ağamalıoğlunun rəhbərliyi ilə Ümumittifaq Mərkəzi Yeni Türk Əlifbası Komitəsi yaradılıb. Komitənin tərkibinə yeni əlifba hərəkatının fəal ideoloqlarından biri olan görkəmli pedaqoq Fərhad Ağazadə də daxil edilib.
Nəhayət, 1928-ci il oktyabrın 11-də Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin IV sessiyasının qərarı ilə respublikada latın qrafikalı Azərbaycan əlifbasına keçid rəsmiləşdirilib. Xalqın maariflənməsində mühüm rol oynayan bu islahatın həyata keçirilməsində, yeni əlifbanın tətbiqi və cəmiyyət arasında yayılması istiqamətində Fərhad Ağazadənin xidmətləri xüsusilə diqqətəlayiqdir. O, latın qrafikalı yeni türk əlifbasına keçidi yalnız texniki bir dəyişiklik kimi deyil, milli tərəqqinin mühüm şərti kimi dəyərləndirib.
Nəticə etibarilə, Fərhad Ağazadə Azərbaycan maarifçilik tarixində milli dil siyasətinin formalaşmasında fəal iştirak edən mütəfəkkir kimi xüsusi qeyd edilməlidir. Onun yeni əlifba uğrunda apardığı mübarizə Azərbaycan dilinin inkişafında və milli şüurun möhkəmlənməsində mühüm mərhələ təşkil edir.