Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin aprelin 20-də keçirilən iclasındakı məruzə "AMEA-da islahatlar və müasir mərhələdə Azərbaycan tarixinin aktual problemləri" mövzusuna həsr olunub. Məruzə ilə çıxış edən Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov son illər institutda görülən işlər, aparılan islahatlardan danışıb: "Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan tarixinin öyrənilməsinə göstərdiyi xüsusi diqqət bu gün Tarix İnstitutunda köklü islahatların, fundamental araşdırmaların aparılması, bir sözlə, milli tariximizin dirçəldilməsi kimi mühüm işlərin görülməsinə səbəb olub".
İnstitut direktoru qeyd edib ki, ölkə başçısının çağırışları, tövsiyə və tapşırıqları ilə Tarix İnstitutu son illərdə "Qarabağ: real tarix, faktlar və sənədlər", "Naxçıvan: tarixi və abidələri", "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi", dörd kitabdan ibarət üçcildlik "Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı" sənədlər toplusu, "Azərbaycan xalçaları: İrəvan, Qarabağ, Naxçıvan qrupları", "Heydər Əliyev ideyalarının zəfər yürüşü", "Real tarix və "Böyük Ermənistan" uydurması", "İlham Əliyev və Azərbaycan tarix elmi" və digər fundamental tədqiqatlardan ibarət 300-dən çox əsər nəşr etdirib. Ölkə Prezidentinin 25 may 2012-ci il tarixli Sərəncamı ilə Qarabağın, Naxçıvanın və İrəvan xanlığının tarixinə dair silsilə əsərlərə görə institutun 13 əməkdaşına “Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı” fəxri adının verildiyini deyib. Bildirib ki, həmin tədqiqatlar müxtəlif xarici dillərə – rus, ingilis, rumın, italiyan, ispan, ərəb və s. tərcümə olunaraq dünya ölkələrində yayılıb. Alim qeyd edib ki, Tarix İnstitutunda aparılan elmi araşdırmalar nəticəsində ermənilərin azərbaycanlılara qarşı Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, İrəvan və Naxçıvanda, Urmiya gölü ətrafında, Şərqi Anadoluda törətdikləri soyqırımlarını sübut edən çoxsaylı fundamental əsərlər və sənəd topluları işıq üzü görüb.
Yaqub Mahmudovun sözlərinə görə, Azərbaycan tarixini ilk mənbələrdən öyrənmək məqsədi ilə institutda "Azərbaycan tarixi ilk mənbələrdə" adlı yeni bir layihə həyata keçirilir: "Moskva, Sankt-Peterburq, Dərbənd, Mahaçqala, Tiflis, Həştərxan, İstanbul, Ankara, Paris, London, Berlin, Dehli və digər şəhərlərin arxivlərindən əldə olunan sənədlər çoxcildli toplular şəklində hazırlanaraq tədqiqatçılara və geniş oxucu kütləsinə təqdim edilməkdədir".
Məruzədə qeyd olunub ki, Tarix İnstitutu "Azərbaycan tarixinə dair ilk mənbələrin nəşri" layihəsinin həyata keçirilməsi sayəsində Səfəvi tarixşünaslıq məktəbinin görkəmli nümayəndəsi İsgəndər bəy Münşinin "Dünyanı bəzəyən Abbasın tarixi" (fars dilində) əsərinin doğma dilimizə tərcüməsinin akademik nəşrini həyata keçirib.
Alim institutun həyata keçirdiyi islahatların mühüm tərkib hissəsi kimi, 30 ildən çox bir müddət ərzində nəşr olunmayan "Tarix İnstitutunun elmi əsərləri" dərgisinin yenidən fəaliyyətə başladığını və 50-dən çox sayının işıq üzü gördüyünü də vurğulayıb.
Məruzəçi çıxışında qeyd edib ki, Tarix İnstitutu AMEA-nın Rəyasət Heyəti və Türkiyə Cümhuriyyətinin Atatürk Araşdırma Mərkəzi ilə birgə Azərbaycanda və Şərqi Anadoluda ermənilərin türk-müsəlman əhaliyə qarşı həyata keçirdikləri soyqırımlarına həsr olunmuş 3 beynəlxalq elmi konfrans reallaşdırıb.
"2012-ci ildə Tarix İnstitutu Beynəlxalq Sokrat Komitəsinin Oksford sammitində elmi-tədqiqat fəaliyyətinə görə "Ən yaxşı müəssisə" diplomuna layiq görülüb", - deyə Yaqub Mahmudov bildirib.
Yuxarıda göstərilən uğurlara görə Tarix İnstitutunun direktoru XXI əsrin ən görkəmli alimləri siyahısına daxil edilib, 2012-ci ildə Beynəlxalq Sokrat Komitəsinin "Elmdə ad" fəxri tituluna, 2013-cü ildə isə "Kraliça Viktoriya" diplomu və medalına layiq görülüb.
Məruzəçi qeyd edib ki, Tarix İnstitutunun "Tarixi şəxsiyyətlərimizə sahib çıxaq" layihəsi çərçivəsində Bakı şəhərinin müxtəlif lisey və orta məktəblərində "Heydər Əliyev", "Şah İsmayıl Xətai", "Şah Təhmasib Səfəvi", "Nadir şah Əfşar", "Ağa Məhəmməd şah Qacar", "Vətən qeyrətli qadın hökmdarımız - Tomiris" mövzusunda elmi-praktik konfranslar keçirilib.
Məruzədən sonra mövzu ətrafında müzakirələr aparılıb. AMEA Rəyasət Heyəti Azərbaycan tarixinin yeni nəşrinə hazırlıq işlərinin başlanılması, Zəngəzur, Göyçə, İrəvan, Borçalı, Dərbənd, Cənubi Azərbaycan və başqa ərazilərin tarixinin araşdırılması işinin daha da genişləndirilməsi, Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımların daha dərindən araşdırılması üçün xarici ölkə arxivlərindən sənədlərin ölkəmizə gətirilməsi işinin davam etdirilməsi, tərcüməsi başa çatdırılmış Həsən bəy Rumlunun "Əhsən ət-təvarix" əsərinin I cildinin akademik nəşrinin təmin edilməsi ilə bağlı qərarlar qəbul edib.
İclasda bir sıra elmi-təşkilati məsələlər də müzakirə edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.