Elm insan mədəniyyətinin tərkib hissəsi, insan sivilizasiyasının əsas nailiyyəti, insan nəslinin şüurluluğunun parlaq göstəricisidir. İnsan oğlunun bu dünyadakı əsl missiyasının nədən ibarət olduğunu anlayan və dəyərləndirənlər alim hesab olunur. Tanrı dərgahında məqamları yüksək olan alimlər elə bu dünyadakı nizamın qorunmasında da ən böyük cavabdehlik daşıyan insanlardır. Təsadüfi deyil ki, insanlığın fəxri Həzrəti peyğəmbərimiz Məhəmməd (s.ə.s.) deyirdi ki, alimlərə hörmət edən, elə bil mənə hörmət edib.
Ölkəmizdə elmin təşkili formalarından biri Elmlər Akademiyası olmuşdur. 1997-ci il yanvarın 31-də Akademiyanın aparıcı alimləri ilə görüşdə Ulu Öndər Heydər Əliyev “Akademiyanın öz strategiyası olmalıdır və öz işini bu strategiya əsasında qurmalıdır” tələbini ortaya qoydu. Cənab Prezident İlham Əliyev qeyd edir: “Azərbaycan Milli Elmlər Akademiyası yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin bir yol keçmiş, respublikanın elmi-intellektual potensialını milli sərvətə çevirən mərkəz kimi tanınmışdır. Akademiyanın ötən müddət ərzindəki səmərəli fəaliyyətinin əsasında elmin zamanın tələblərinə uyğun prioritet problemlərinin araşdırılması, ən müxtəlif elmi istiqamətlər üzrə yüksək hazırlıqlı kadrların yetişdirilməsi, elmi məktəblərin formalaşdırılması və nüfuzlu beynəlxalq elm qurumları ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi prinsipləri dayanmışdır. Bu gün də Akademiya elm sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsində fəal iştirak edir, sosial-humanitar tədqiqatlarla cəmiyyətin yeni biliklərə yiyələnməsi və elmi-mədəni səviyyəsinin yüksəldilməsi işinə töhfələr verir.”
Müasir elmin inkişaf xüsusiyyətlərindən biri də onun sürətli inteqrasiyası və praktikaya tətbiq edilməsidir. Azərbaycanda elm sahəsində gənclərin yaradıcı potensialını və onun iqtisadi, mədəni və mənəvi sorğularının təmin olunmasına yönəldilmiş innovasiya aspektlərini özündə əks etdirən gənclər siyasəti formalaşdırılmışdır. Ölkədə bu siyasətin normativ-hüquqi bazası təkmilləşdirilmiş, sosial, iqtisadi həllinə yönəldilmiş əhəmiyyətli qanunverici aktlar və proqramlar qəbul edilmişdir. Azərbaycan Respublikasında elm sahəsində tərəqqinin əsas komponenti elmi tədqiqatlarda və innovativ həllərdə fəal iştirak edən gənclərdir.
Mənim də akademik karyeramda mühüm mərhələlər olaraq və onların hər biri bir tədqiqatçı kimi inkişafımda mühüm rol oynayıb. 2009-cu ildə Siyasi Bilik Olimpiadasının qalibi oldum və bu, akademik maraq və bacarıqlarımın ilk ciddi təsdiqi oldu. 2012-ci ildə Təhsil Nazirliyinin təşkil etdiyi Doktorantların və Gənc Tədqiqatçıların Konfransında 1-ci yeri tutaraq, tədqiqatlarımın əhəmiyyətini nümayiş etdirərək elmi ictimaiyyətdə mövqeyimi möhkəmləndirdim.
2019-cu ildə Akademiyanın təşkil etdiyi “Gənc Qadınlar Elmdə” müsabiqəsində iştirakım mənə qələbə və Akademiyanın prezidenti tərəfindən mükafat gətirdi ki, bu da elmi tədqiqatlara verdiyim töhfənin tanınması idi.
Rəqəmsallaşma dövründə Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasəti strateji əhəmiyyət kəsb edib. Gənclərin hərtərəfli inkişafı üçün şəraitin yaradılması, insan kapitalına sərmayə qoyuluşu, gənc alimlərin dəstəklənməsi ölkənin intellektual gələcəyinin formalaşmasına yönəlmiş dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Prezident İlham Əliyevin bütün fəaliyyəti Azərbaycan gənclərini ruhlandırır və inanırıq ki, onlar ölkənin inkişafına öz töhfələrini verəcəklər. Prezidentin diqqət və qayğısı Azərbaycan gənclərinə uğur qazanmaqda hər zaman stimul verir. Buna görə də biz gənclər özümüzü çox xoşbəxt hiss edirik.
Cənab Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley yığıncağında iştirakı və mükəmməl, dərin məzmunlu nitqi biz gənc alimlər üçün böyük bayram oldu. Prezident çıxışında vurğuladı ki, Azərbaycan alimləri bundan sonra da ölkəmizin uğurlu inkişafina öz töhfələrini verməlidirlər.
Ümid edirəm ki, biz alimlər də Prezident İlham Əliyevin şərəfli yolunun əsgəri olaraq qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcəyik.
Günel MƏLİKLİ, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Sosial psixologiya şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.