Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.04.2016 16:54
  • A-
  • A
  • A+

Akademik Zərifə Əliyevanın anadan olmasının 93-cü ildönümü münasibətilə tədbir keçirilib

Akademik Zərifə Əliyevanın anadan olmasının 93-cü ildönümü münasibətilə tədbir keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası Alimlər Evi və Nəsimi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Anım günü ilə əlaqədar “İnsanlara nur bəxş edən alim” adlı tədbirdə millət vəkilləri, AMEA və ali təhsil müəssisələrindən olan nümayəndələr iştirak ediblər.

Tədbir Sevil Əliyevanın şair Fikrət Qocanın sözlərinə bəstələdiyi "Əziz anam" mahnısının ifası ilə başlayıb.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə tədbiri giriş sözü ilə açaraq akademik Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edib, alimin Azərbaycan tibb sahəsinə bəxş etdiyi dəyərli töhfələri elmimizin yüksək nailiyyəti kimi qiymətləndirib. AMEA rəhbəri Zərifə xanım Əliyevanın Əziz Əliyev kimi görkəmli dövlət xadimi, elm ictimaiyyətinin tanınmış nümayəndəsinin ailəsində anadan olduğunu, insanlarla həssas ünsiyyətə xüsusi diqqət yetirdiyini bildirib: "Mən Zərifə xanımı ailə qayğısı çəkən fədakar ana kimi xatırlayıram. Zərifə Əliyeva Azərbaycanın mübariz qadınlarından olub. Zərifə xanım Heydər Əliyevlə ailə həyatı qurduqdan sonra mürəkkəb, mürəkkəb olduğu qədər də şanlı bir həyat yaşayıb. O, xalqımıza İlham Əliyev kimi şəxsiyyət bəxş edib”.

Zərifə xanım Əliyevanın tibb elmində əldə etdiyi nailiyyətlərdən söz açan akademik Akif Əlizadə alimin müxtəlif göz xəstəliklərinin diaqnostikası, profilaktikası və müalicəsi ilə bağlı dərin elmi araşdırmalar apardığını diqqətə çatdırıb.

Sonra Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, fəlsəfə doktoru Asif Əsgərov akademik Zərifə Əliyevanın həyat yolundan, elmi-pedaqoji və ictimai fəaliyyətindən, səhiyyədə atdığı uğurlu addımlardan danışıb. Şərəfli ömür sürən alimin tibb elminin ən yüksək zirvəsinə ucaldığını deyən natiq onun müəllifi olduğu əsərlərin bu gün də öz aktuallığını qoruyub saxladığını söyləyib.

Tədbirdə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov da çıxış edərək akademik Zərifə Əliyevanın oftalmologiya elmindəki xidmətlərindən bəhs edib. Görkəmli alimin bütün uğur və nailiyyətlərinin bünövrəsində daim gərgin zəhməti, oftalmologiya elminin inkişafındakı səmərəli fəaliyyəti durduğunu vurğulayıb.

Bildirilib ki, Zərifə xanım Əliyeva dünyada ilk dəfə görmə orqanının peşə patologiyasını araşdıran elmi tədqiqat laboratoriyası yaradıb və praktik olaraq elm aləmində yeni bir istiqamətin – "peşə oftalmologiyası"nın əsasını qoyub. Ən mötəbər mükafat olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına SSRİ-də layiq görülən ilk qadın alim kimi oftalmologiya elminin tarixinə düşüb. Bütün bunlarla kifayətlənməyən akademik yüksəkixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə xüsusi diqqət yetirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: