Aprelin 23-də AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunda “Saxta erməni soyqırımının növbəti ifşası” mövzusunda “dəyirmi masa” keçirilib.
Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq, “dəyirmi masa”nın son dərəcə aktual məsələyə həsr olunduğunu diqqətə çatdırıb. Bildirib ki, artıq 200 ilə yaxındır dünyanın aparıcı dövlətlərinin əlində alətə çevrilmiş erməni millətçiləri xalqımıza qarşı siyasi, hərbi, ideoloji təcavüzə bir an belə fasilə vermirlər. Erməni-daşnak qüvvələri əslində tarixdə heç vaxt baş verməmiş qondarma “erməni soyqırımı” uydurmasını ortaya ataraq hər il aprelin 24-ü ərəfəsində daha da fəallaşır, dünyanın nüfuzlu dövlətlərini və beynəlxalq təşkilatları Türkiyəyə və Azərbaycana qarşı qaldırmağa cəhd göstərirlər.
Akademik İ.Həbibbəyli dünyanı bürüyən erməni yalanlarının və uydurmalarının, erməni saxtakarlığı və vandalizminin əsl mahiyyətini dünya ictimaiyyətinə daha dəqiq çatdırılmasının vacibliyini vurğulayıb, “dəyirmi masa”nın bu məqsədə xidmət etdiyini bildirib.
AMEA-da “Azərbaycanlılara qarşı soyqırımların tədqiqi” adlı nüfuzlu alimləri birləşdirən xüsusi komissiyanın yaradıldığını söyləyən akademik İsa Həbibbəyli komissiya tərəfindən həyata keçirilən tədbirlərin böyük tarixi əhəmiyyət kəsb etdiyini bildirib. Qeyd edib ki, komissiya tərəfindən soyqırımı mövzusunda bir sıra tədbirlər həyata keçirilmiş, zəruri tarixi sənədlər aşkara çıxarılıb kitab halında nəşr edilmiş, bu sahədə elmi-tədqiqat işləri genişləndirilmişdir.
Tədbirdə əsrlər boyu ermənilər tərəfindən xalqımıza qarşı planlı şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasətindən bəhs edən sənədli film nümayiş etdirilib. ”Azer-Globe” İctimai-Siyasi Tədqiqatlar İnstitutu yanında Qafqaz Tarixi Mərkəzi, ATV kanalı və AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun birgə istehsalı olan filmdə Azərbaycanın tarixi ilə bağlı ilk dəfə Rusiya, Türkiyə və Gürcüstanın arxivlərindən əldə olunmuş nadir sənədlər təqdim edilib.
“Dəyirmi masa”da çıxış edənlər ermənilərin tarixi saxtalaşdırmaq cəhdlərindən bəhs ediblər. Qeyd edilib ki, tarix boyu xalqımıza qarşı misli görünməmiş soyqırımı cinayətləri və terror aktları törətmiş ermənilərin əsl simalarını dünya ictimaiyyətinə çatdırmaq üçün qondarma “erməni soyqırımı”nın növbəti “ildönümü” ərəfəsində bu cür tədbirlərin keçirilməsi vacibdir.
Çıxışlarda məşhur amerikalı siyasətçi Bryus Feinin, ABŞ-ın ali komissarı admiral Mark Bristolun, britaniyalı siyasətçi və hərbçi, admiral Kolbi Çesterin məruzələrinə, o cümlədən dünyanın nüfuzlu alimləri olan Stenford Şounun, Castin Makkartinin, Prinston Universitetinin professoru Hitom Lourinin, britaniyalı tarixçi professor Norman Stounun, amerikalı professor Günter Levinin, türkiyəli alim Mehmet Perincəkin tədqiqatlarına istinadlar edilib, tutarlı arqumentlər gətirilib. Faktlar əsasında növbəti dəfə erməni soyqırımının əslində cəfəngiyyatdan başqa bir şey olmadığı qənaəti ortaya qoyulub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.