Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.04.2016 15:28
  • A-
  • A
  • A+

AMEA-da rus şairi Nikolay Qumilyovun 130 illiyinə həsr olunmuş tədbir keçirildi

AMEA-da rus şairi Nikolay Qumilyovun 130 illiyinə həsr olunmuş tədbir keçirildi

Aprelin 26-da AMEA-nın Əsas binasında görkəmli rus şairi, nasir Nikolay Qumilyovun 130 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

AMEA və Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə nümayəndəliyin əməkdaşları, AMEA-dan olan bir sıra alim və mütəxəssis, o cümlədən Bakı Dövlət Universitetinin tələbələri iştirak edirdilər. 

Öncə tədbir iştirakçıları AMEA-nın fəaliyyəti və elmi nailiyyətlərini əks etdirən foto-stendlərdən ibarət sərgi ilə tanış oldular.

Tədbiri giriş sözü ilə açan AMEA Alimlər Evinin direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva rəhbərlik etdiyi qurumun bu yaxınlarda təntənəli açılış mərasiminin baş tutduğunu diqqətə çatdırdı. Bildirdi ki, Alimlər evinin yaradılmasında əsas məqsəd tanınmış dövlət və ictimai xadimlərlə görüşlər keçirmək, alimlərin informasiya mübadiləsi aparmaları üçün şərait yaratmaqdır.

Tanınmış rus şairi Nikolay Qumilyovun 130 illik yubileyinə həsr olunmuş tədbirin əhəmiyyətindən danışan N.Quliyeva təqdim olunacaq məruzələr barədə məlumat verdi. Tədbir iştirakçılarını məruzələr ətrafında aparılacaq müzakirələrdə fəal iştirak etməyə çağırdı.

O, həmçinin Akademiyada son zamanlar həyata keçirilən islahatlardan söz açaraq, burada prioritet elmi istiqamətlərdə aparılan araşdırmalar barədə məlumat verdi.

Sonra AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, professor Rahid Xəlilov N.Qumilyovun həyat və fəaliyyəti ilə bağlı məruzə etdi. O, N.Qumilyovun dünya ədəbiyyatı tarixinə akmeizm məktəbinin (1912-1913-cü illərdə rus ədəbiyyatında meydana gəlmiş burjua zadəgan cərəyanı) banilərindən biri, nasir, tərcüməçi və ədəbi tənqidçi kimi düşdüyünü nəzərə çatdırdı. Bildirdi ki, şairin “Konkvistadorların yolu” adlı ilk şeirlər toplusu 1905-ci ildə Peterburqda dərc olunmuşdur. Tələbəlik illərindən Rusiyanın dövri mətbuatı ilə fəal əməkdaşlıq edən N.Qumilyov həmin dövrdə gənc şairlər üçün “Şeirin akademiyası”-nı yaratmışdır. 1911-1912-ci illər təşkilati birlik və akmeizmin yüksək inkişaf etdiyi bir dövrdə şairin ən “akmeistik” şeirlər toplusu hesab edilən “Özgənin səması” kitabı nəşr olunmuşdur. Rus poeziyasının “Gümüş dövrü”nün nümayəndələrindən hesab edilən görkəmli yazar ömrünün son üç ilini yaradıcı, təşkilati və pedaqoji işlərlə fəal məşğul olaraq “Tonqal”, “Çadır”, “Çini pavilyon” və “Alovlu dirək” adlı kitablarını nəşr etdirmişdir.

Əksinqilabi hərakatda iştirak etməkdə ittiham olunan N.Qumilyov 1921-ci ildə həbs edilmiş, elə həmin il avqustun 25-də güllələnmişdir.

Məruzəçi N.Qumilyovun oğlu - türk dünyasının tanınmış tədqiqatçısı, etnoloq, sosioloq və tarixçi alim Lev Qumilyov haqqında da məlumat verdi. Bildirdi ki, görkəmli alim Lev Qumilyov “Etnogenez və yerin biosferi”, ”Qədim türklər”, ”Xəzər ətrafında minillik”, ”Son və yenidən başlanğıc”, ”Birinci türk xaqanlığının müfəssəl siyasi tarixi” kitablarının və digər fundamental əsərlərin müəllifidir.

Türk dünyası qarşısındakı xidmətlərinə görə Kazanda Lev Qumilyova abidə qoyulmuş, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə 1996-cı ildə Astanada şairin adına Avrasiya Milli Universiteti açılmış, 2002-ci ildə isə universitetdə Lev Qumilyov adına muzey yaradılmışdır.

Tədbirdə çıxış edən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Xəliyəddin Xəlilli, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Natiq Əliyev, həmin nümayəndəliyin Təhsil proqramlarının əlaqələndiricisi Lyubov Yakunina görkəmli alimin zəngin elmi fəaliyyətinin müxtəlif istiqamətlərindən bəhs etdilər.

Sonda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırıldı, xatirə şəkli çəkildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: