Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

15.04.2026 16:45
  • A-
  • A
  • A+

ABŞ-nin səhiyyə təşkilatlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti ilə AMEA Biologiya və Tibb Elmləri Bölməsi arasında görüş keçirilib

ABŞ-nin səhiyyə təşkilatlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti ilə AMEA Biologiya və Tibb Elmləri Bölməsi arasında görüş keçirilib

Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin qlobal səhiyyə təhlükəsizliyi sahəsində aparıcı yardım proqramı olan STRİDES layihəsinin direktoru Bekka Prays, Black & Veatch şirkətinin Beynəlxalq İnkişaf üzrə direktoru Kyle Huston, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) Şərqi Avropa və Mərkəzi Asiya ofisinin icraçı direktoru Stiven Beknell, CDC-in icraçı direktorunun müavini Coel Stanoeviç və baş texniki müşavir Lia Gvinjiliyadan ibarət nümayəndə heyəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova arasında görüş keçirilib. Görüşdə AMEA Rəyasət Heyəti aparatı Xarici əlaqələr və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva, AMEA Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) üzvləri, AMEA-nın müxbir üzvləri – Bakı Dövlət Universitetinin kafedra müdiri Elşad Qurbanov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Həkimləri Təkmilləşdirmə İnstitutunun kafedra müdiri Şakir Musayev və AR ETN Molekulyar Biologiya İnstitutunun laboratoriya müdiri Pənah Muradov, müvafiq şöbənin və Bölmənin əməkdaşları iştirak ediblər.

Akademik İradə Hüseynova qonaqları səmimi salamlayaraq, onların fəaliyyətinə uğurlar arzulayıb və AMEA ilə beynəlxalq təşkilatlar arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, ötən il AMEA-nın və BTEB-in 80 illik yubileyinin qeyd olunduğunu xatırladaraq, Azərbaycan elminin zəngin inkişaf yoluna diqqət çəkib. Vitse-prezident müxtəlif dövrlərdə bölməyə rəhbərlik etmiş görkəmli alim və səhiyyə təşkilatçılarının fəaliyyətini qeyd edərək, onların biologiya və tibb elmlərinin inkişafına verdiyi töhfələrdən danışıb.

Bildirilib ki, BTEB-in əlaqələndiriciliyi ilə ölkədə biologiya, aqrar və tibb elmlərinin müxtəlif istiqamətlərində – məhsuldarlığın fizioloji və genetik əsasları, stresə davamlılığın molekulyar mexanizmləri, biomüxtəlifliyin qorunması, mikroorqanizmlərin ekologiyası və biokimyası, eləcə də xəstəliklərin diaqnostikası və müalicəsi sahələrində mühüm elmi nəticələr əldə olunub. Hazırda Bölmə bu sahələrdə elmi fəaliyyətin koordinasiyasını həyata keçirir, prioritet istiqamətləri müəyyənləşdirir və əldə olunan nəticələrin praktik tətbiqinə dəstək verir.

Akademik İradə Hüseynova çıxışında müvafiq dövlət qurumları, o cümlədən Səhiyyə Nazirliyi, ali təhsil müəssisələri və elmi-tədqiqat institutları ilə əməkdaşlığın genişləndirildiyini vurğulayıb. Qeyd olunub ki, bu əməkdaşlıq elmi potensialın birləşdirilməsi və innovativ nəticələrin praktik sahəyə transferi baxımından xüsusi əhəmiyyət daşıyır.

Pandemiya təcrübəsinə toxunan vitse-prezident qlobal səhiyyə təhlükəsizliyinin təmin olunmasında beynəlxalq elmi əməkdaşlığın həlledici rol oynadığını bildirib. Onun sözlərinə görə, bu sahədə birgə fəaliyyət həm risklərin operativ qiymətləndirilməsinə, həm də effektiv cavab mexanizmlərinin formalaşdırılmasına imkan yaradır. Eyni zamanda, ABŞ ilə elmi əlaqələrin uğurla inkişaf etdiyini qeyd edən akademik bir neçə Azərbaycan aliminin – akademik Cəlal Əliyev məktəbinin tanınmış nümayəndələrinin ABŞ-ın nüfuzlu elmi mərkəzlərində uğurla fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Görüşdə çıxış edən STRİDES layihəsinin direktoru Bekka Prays qonaqpərvər qarşılanmaya görə təşəkkürünü bildirib və rəhbərlik etdiyi proqramın məqsədləri barədə məlumat verib. O qeyd edib ki, layihə çərçivəsində əsas diqqət ölkələrdə ictimai səhiyyə sistemlərinin gücləndirilməsinə, epidemioloji nəzarət imkanlarının artırılmasına və kadr potensialının inkişafına yönəlib.

Görüş zamanı tərəflər arasında əməkdaşlığın perspektivləri, birgə layihələrin həyata keçirilməsi, mütəxəssis hazırlığı, prioritet istiqamətlər və mövcud ehtiyaclar ətrafında geniş fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, belə təmaslar Azərbaycan ilə ABŞ arasında elmi və institusional əməkdaşlığın daha da dərinləşməsinə, eləcə də qlobal səhiyyə təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfə verə bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: