Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

27.04.2026 10:46
  • A-
  • A
  • A+

Musiqişünas alim Bakı Musiqi Akademiyasında keçirilən konfransda məruzə edib

Musiqişünas alim Bakı Musiqi Akademiyasında keçirilən konfransda məruzə edib

Bakı Musiqi Akademiyasının təşkil etdiyi beynəlxalq elmi-praktiki konfrans baş tutub.

“Avrasiyanın musiqi irsi: ənənə, modallıq, innovasiya” mövzusunda keçirilən konfransa yerli alimlərlə yanaşı, çoxlu sayda, qonaqlar da qatılıb. Özbəkistan, Qırğızıstan, İran, Rusiya, Türkiyə və Qazaxstanı təmsil edən elm adamları həm birbaşa, həm də onlayn formada iştirak edərək maraqlı mövzularla çıxış edib.

Konfransda AMEA Memarlıq və İncəsənət İnstitutu Musiqi folkloru şöbəsinin müdiri, sənətşünaslıq doktoru, professor İradə Köçərli də iştirak edib. O, konfransın plenar iclasında “Ü.Hacıbəylinin publisistik və təşkilatı fəaliyyəti I Türkoloji Qurultay kontekstində” adlı məruzə ilə çıxış edib. Onun məruzəsu böyük maraqla qarşılanıb. Professor İ.Köçərli 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultayın təkcə dilçilik sahəsi deyil, həm də türk xalqlarının mədəni-ictimai dirçəlişi üçün mühüm hadisə olduğunu söyləyib. Alim dahi Üzeyir Hacıbəylinin bu prosesdəki rolunun həm bir bəstəkar, həm publisist, həm də yeni əlifba hərəkatının tərəfdarı və təşkilatçı kimi böyük əhəmiyyət kəsb etdiyini xüsusi qeyd edib. Qeyd edilib ki, Ü.Hacıbəyli hələ qurultaydan çox-çox əvvəl ərəb əlifbasının dəyişdirilməsini arzulayırdı və öz yazılarında savadsızlığın əsas səbəblərindən birini köhnə əlifbanın çətinliyində görürdü. Üzeyir bəyin türk xalqlarının ortaq terminologiyasının yaradılması və milli musiqinin elmi əsaslarla öyrənilməsi məsələləri haqqındakı fikirləri də qurultayın gedişində mühüm rol oynayıb. Ü.Hacıbəylinin bu sahədəki fəaliyyəti dilçi alimlər tərəfindən çox yüksək qiymətləndirilib. Tədqiqatçıların fikrinə görə, “İ.Qaspıralının, Ü.Hacıbəylinin, C.Məmmədquluzadənin, M.Şahtaxtinskinin, F.Köçərlinin, Ə.Topçubaşovun, A.Şaiqin, V.Xuluflunun və başqalarının  maarifçilik fəaliyyətində əlifba, ana dili və onun tədrisi problemi ön sıralarda olub.” Bu alıntıdan (sitatdan) göründüyü kimi, ədəbiyyatşünas, yazıçı və başqa böyük şəxsiyyətlərin sırasında Üzeyir Hacıbəylinin adının İsmayıl Qaspıralıdan sonra çəkilməsi onun bu sahədə ilk cərgədə dayandığının göstəricisidir. Ü.Hacıbəylinin ilk publisistik yazıları, I Qurultay ərəfəsində və sonrasında mətbuatda dərc olunan məqalələri əlifba islahatı və ana dili məsələləri ilə birbaşa səsləşir. Tədqiqatçılar onun baxışlarını I qurultayın elmi kontekstində təhlil edirlər.

Ü.Hacıbəyli dilçi alimlər tərəfindən Azərbaycan dilçilik fikrində sistemli dil konsepsiyası olan ilk publisistlərdən biri kimi qiymətləndirilir və onun bəzi məqalələri milli dil ideologiyasının əsas mətnlərindən sayılır. Qurultay günlərində Ü.Hacıbəylinin “mədəni proqram”ın təşkilatçısı kimi rolu da böyük olub. Keçirildiyi on gün müddətində qurultay iştirakçılarına hazırlanmış proqram çərçivəsində bəstəkarın “Leyli və Məcnun” operası, “Arşın mal alan” operettasının tamaşaları göstərilmiş, üç dildə yazılmış librettolar paylanılmışdır. Qurultayın açılış mərasimində və fasilələrdə Azərbaycan musiqini səsləndirməkdən ötrü Şərq orkestri təşkil edilmiş, xor tərəfindən xalq mahnıları ifa olunmuşdur. 

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: