Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında AMEA-nın görkəmli alimlərin adlarını daşıyan mükafatlar təqdim olunub.
Ümumi yığıncaqda AMEA-nın adlı mükafatları üzrə müsabiqənin Rəyasət Heyətinin 17 fevral 2016-cı il tarixli qərarı ilə elan edildiyi xatırladılıb. Bildirilib ki, müsabiqəyə qatılmış alimlər barədə təqdimatlar və müvafiq sənədlər Ekspert Komissiyasına verilərək AMEA-nın adlı mükafatlarına namizədlər haqqında hazırlanmış müvafiq rəylər Rəyasət Heyətinə təqdim edilib. Rəyasət Heyətinin son iclasında müsabiqənin nəticələri nəzərə alınaraq alimlərin sözügedən mükafatlara layiq görülməsi barədə qərar qəbul olunub.
Beləlikə, yarımkeçiricilərin zona strukturu və rəqs spektrlərinin hesablanması, darzolaqlı və Keyn spektrli yarımkeçiricilərin nəzəriyyəsinin yaradılması üzrə silsilə əsərlərinə görə akademik Firudin Məmmədəli oğlu Haşımzadəyə AMEA-nın Nəsirəddin Tusi adına, görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin musiqi irsinin tədqiqində xidmətlərinə görə professor Firəngiz Əliağa qızı Əlizadəyə AMEA-nın akademik Üzeyir Hacıbəyli adına, Azərbaycanda körpə və uşaqlarda ürək-damar sistemi xəstəliklərinin yayılmasının tədqiqi, kliniki xüsusiyyətlərinin aşkar edilməsi, terapevtik və cərrahi müalicə üsullarının sistemli tətbiqinə görə akademik Adilə Əvəz qızı Namazovaya AMEA-nın akademik Mirəsədulla Mirqasımov adına mükafatları verilib.
Azərbaycanın neft-qaz yataqlarından çıxarılan neftin tərkib və xassələrinin öyrənilməsi, yüksək keyfiyyətli baza yağlarının tədqiqi və istehsalatda tətbiqi sahəsində xidmətlərinə görə AMEA-nın müxbir üzvü Fəzilə İbrahim qızı Səmədova AMEA-nın akademik Yusif Məmmədəliyev adına, Azərbaycan ərazisində yer qabığının dərinlik quruluşunun geofiziki üsullarla öyrənilməsi sahəsində əldə etdiyi fundamental nəticələrə görə akademik Pərviz Ziya oğlu Məmmədov AMEA-nın akademik Musa Əliyev adına, bitkilərin mühafizəsi və bitki xəstəliklərinin tədqiqi sahəsindəki əsərlərinə görə akademik Siddiqə Rza qızı Məmmədova AMEA-nın Həsən bəy Zərdabi adına, Azərbaycanın dövlətçilik tarixinin araşdırılması və erməni saxtakarlığına qarşı tarixi həqiqətlərin aşkarlanması sahəsindəki xidmətlərinə görə isə AMEA-nın müxbir üzvü Yaqub Mikayıl oğlu Mahmudov AMEA-nın Abbasqulu ağa Bakıxanov adına mükafatları ilə təltif olunublar.
Qeyd edək ki, AMEA-nın adlı mükafatlarına layiq görülmüş namizədlərin hər birinə 5 min manat məbləğində pul mükafatı veriləcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.