Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

12.05.2026 14:32
  • A-
  • A
  • A+

Əlyazmadan milli yaddaşa: “Kitabi-Seyyid Battal Qazi” və türk-islam qəhrəmanlıq ənənəsi

Əlyazmadan milli yaddaşa: “Kitabi-Seyyid Battal Qazi” və türk-islam qəhrəmanlıq ənənəsi

Aybəniz Mustafa qızı Rəhimovanın “Kitabi-Seyyid Battal Qazi” adlı monoqrafiyası Azərbaycan türkologiyası, əlyazmaşünaslığı, mətnşünaslığı və dastanşünaslığı üçün mühüm elmi əhəmiyyət daşıyan tədqiqat əsəridir. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda hazırlanmış bu kitab “Kitabi-Seyyid Battal Qazi” dastanının Azərbaycan əlyazma nüsxəsi əsasında aparılmış tarixi, filoloji və tekstoloji araşdırmaya həsr olunmuşdur.

Monoqrafiyanın əsas dəyəri ondan ibarətdir ki, burada Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun fondunda saxlanılan “Kitabi-Seyyid Battal Qazi” əlyazması elmi dövriyyəyə cəlb olunur. Dastan islamiyyətin yayılması, türk-oğuz qəhrəmanlıq düşüncəsi, dini-əxlaqi dəyərlər, qəzavət ideologiyası və xalqın qəhrəmanlıq yaddaşı baxımından qiymətli yazılı abidədir. Kitabda vurğulandığı kimi, “Battal Qazi” dastanı “Kitabi-Dədə Qorqud”dan sonra Anadoluda yaranmış dini və tarixi qəhrəmanlığı ehtiva edən ilk oğuz-türk abidələrindən biri kimi səciyyələndirilir.

Əsərdə Battal Qazi obrazı yalnız döyüşkən qəhrəman kimi deyil, inamı, mənəvi gücü, ədalət duyğusu, dini əqidəsi və xalq yaddaşındakı ideal qəhrəmanlıq modeli ilə təqdim olunur. Dastanın qəhrəmanı Cəfər – Battal Qazi, islam uğrunda mübarizə aparan, haqqı və ədaləti müdafiə edən, şəxsi mənafeyi deyil, ilahi rizalığı əsas götürən mənəvi qəhrəman kimi təsvir edilir. Onun “nəfsim üçün etmədim” məzmunlu həyat mövqeyi, zəiflərə, öksüzlərə yardım etməyi, dünyaya və igidliyə məğrur olmamağı tövsiyə edən vəsiyyəti dastanın yalnız qəhrəmanlıq yox, həm də əxlaqi-didaktik mətn olduğunu göstərir.

Monoqrafiyanın diqqətəlayiq cəhətlərindən biri Battal Qazi obrazının Azərbaycan elmi və mədəni yaddaşı ilə əlaqələndirilməsidir. Dastanın Bakı əlyazma nüsxəsinin prof. Əbdüləzəl Dəmirçizadənin kolleksiyası vasitəsilə Əlyazmalar İnstitutuna daxil olması, əsərin Azərbaycanda qorunması və tədqiqata cəlb edilməsi bu abidənin yalnız Anadolu epik ənənəsi çərçivəsində deyil, Azərbaycan əlyazma mühiti və türkoloji araşdırmaları baxımından da əhəmiyyətini artırır. Bu fakt Azərbaycan alimlərinin türk-islam yazılı irsinə münasibətini, əlyazma fondlarının regional deyil, ümumtürk mədəni yaddaşını qoruyan xəzinə kimi dəyərləndirilməsinin vacibliyini göstərir.

Monoqrafiyada İren Məlikovanın Battal Qazi ilə bağlı mülahizələrinə də xüsusi yer verilir. Görkəmli tədqiqatçının “Babək Xürrəmi və Seyyid Battal Qazi” mövzusunda irəli sürdüyü fikirlər, xüsusən Babəkin Battalla çağdaşlığı, Babək-Afşin-Battal paralelləri və bu mətnin Babək Xürrəmi üsyanının öyrənilməsi üçün mənbə kimi dəyərləndirilməsi azərbaycanşünaslıq baxımından mühüm elmi istiqamət açır. İren Məlikovanın bu yanaşması dastanı yalnız dini-qəhrəmanlıq mətnləri sistemində deyil, həm də Azərbaycan tarixi yaddaşı, Babək hərəkatı və orta əsr siyasi-ideoloji qarşıdurmaları fonunda oxumağa imkan verir.

Əsərdə Babəklə bağlı süjet xətti xüsusilə maraq doğurur. Dastan mətnində Seyyid Battal Qazinin Babəklə qarşılaşması, qalanın mühasirəsi, Babəkin Zəngana doğru çəkilməsi, burada yenidən döyüş səhnələrinin təsviri və “dövr Babəkdür” kimi polemik ifadələrin işlənməsi mətnin Azərbaycan tarixi-coğrafi yaddaşı ilə əlaqəsini gücləndirir. Bu epizodlar, əlbəttə, dastan poetikasının şərti və ideoloji təbiəti daxilində qiymətləndirilməlidir; lakin onların mövcudluğu Battal Qazi haqqında rəvayətlərin Azərbaycanla bağlı tarixi-mənqəbəvi motivlərlə kəsişdiyini göstərir. Məhz bu cəhət monoqrafiyanın elmi əhəmiyyətini artırır: əsər Battal Qazini yalnız Anadolu sərhəd qəhrəmanı kimi deyil, daha geniş türk-islam və Azərbaycan tarixi yaddaşı daxilində təqdim edir.

Dastanın Azərbaycanla əlaqəsini gücləndirən digər mühüm cəhət onun dilində yaşayan atalar sözləri, deyimlər, xalq məsəlləri və canlı danışıq ünsürləridir. Tədqiqatda “Kəfəni boğazına taqmaq”, “Səxavətdə Hatəm Tayidir”, “Acı ilə nəsnə olmaz” kimi ifadələrin işlənməsi xüsusi qeyd olunur. Bu tip nümunələr dastanın dilinin xalq yaradıcılığı ilə bağlılığını, dastançının fikri yığcam, obrazlı və təsirli vermək üçün xalq hikmətindən yaradıcı şəkildə istifadə etdiyini göstərir. Belə ifadələr həm qədim türk-oğuz danışıq mühitinin, həm də Azərbaycan türkcəsi ilə səsləşən frazeoloji qatın öyrənilməsi üçün qiymətli materialdır.

Monoqrafiyada dastanın türk epik ənənəsi daxilində yeri geniş şəkildə izah olunur. Müəllif “Alp Ər Tonqa”, “Oğuz Kağan”, “Ərgənəkon”, “Manas”, “Kitabi-Dədə Qorqud”, “Danişmənd Qazi”, “Saltuk Qazi” və digər abidələrlə bağlı müqayisələr apararaq “Kitabi-Seyyid Battal Qazi”nin oğuz-türk dini-qəhrəmanlıq dastanları silsiləsindəki mövqeyini müəyyənləşdirir. Bu baxımdan əsər yalnız bir əlyazmanın nəşri və təsviri deyil, həm də türk dastançılıq sistemində ardıcıllıq, süjet varisliyi, ideya-məzmun bağlılığı və qəhrəmanlıq modelinin tədqiqidir.

Kitabda “Kitabi-Seyyid Battal Qazi”nin “Kitabi-Dədə Qorqud”la səsləşən məqamları da xüsusi maraq doğurur. Atanın qisasının alınması, qəhrəmanın ad qazanması, düşmənlə döyüş, dinin qəbulu, kilsənin məscidə çevrilməsi, igidliklə iman arasında qurulan əlaqə kimi motivlər iki abidə arasında tipoloji yaxınlığı göstərir. Bununla yanaşı, müəllif Battal Qazi obrazının özünəməxsusluğunu da açır: o, yalnız fiziki gücü ilə seçilən qəhrəman deyil, həm də elmli, dindar, xətib, həkim, əqidəsində möhkəm, sadə və təvazökar bir şəxsiyyət kimi təqdim olunur.

Aybəniz Rəhimovanın bu monoqrafiyası “Kitabi-Seyyid Battal Qazi” dastanının Azərbaycan əlyazma nüsxəsi əsasında öyrənilməsi istiqamətində mühüm addımdır. Əsər yazılı dastan abidələrinin tədqiqi, əlyazmaların elmi dövriyyəyə gətirilməsi, türk epik irsinin sistemli araşdırılması və Azərbaycan türkologiyasının zənginləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Monoqrafiyanın elmi dəyəri həm də ondadır ki, o, bir tərəfdən unudulmuş və ya uzun müddət diqqətdən kənarda qalmış bir əlyazmanı araşdırma obyektinə çevirir, digər tərəfdən isə həmin abidəni geniş türk-islam dastan ənənəsi daxilində qiymətləndirir.

Ümumilikdə, “Kitabi-Seyyid Battal Qazi” monoqrafiyası qədim türk qəhrəmanlıq düşüncəsini, islam mənəviyyatını, oğuz epik ənənəsini və yazılı dastan mədəniyyətini öyrənmək istəyənlər üçün qiymətli elmi mənbədir. Kitab həm elmi ictimaiyyət, həm ali məktəb müəllimləri və tələbələri, həm də türk ədəbiyyatı, Azərbaycan əlyazmaları və klassik dastan irsi ilə maraqlanan geniş oxucu kütləsi üçün əhəmiyyətli nəşrdir. Bu əsər Battal Qazi obrazını yalnız keçmişin qəhrəmanı kimi deyil, iman, mərdlik, ədalət, seyyidlik nüfuzu, xalq hikməti və milli yaddaşın qovuşduğu mürəkkəb epik obraz kimi yenidən oxucuya təqdim edir.

Xədicə Heydərova, AMEA Dilçilik İnstitutu Azərbaycan dilinin tarixi şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: