Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon MKS-nin 1 nömrəli kitabxana filialında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyi və 9 May – Qələbə Gününə həsr olunmuş “Ulu Öndərin irsi və Qələbənin qüruru” adlı tədbir keçirilib.
Tədbirdə AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Xəyalə Ağayeva iştirak edib və “Heydər Əliyev və “Kitabi-Dədə Qorqud” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə Ümummilli Lider Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində həyata keçirdiyi fəaliyyətdən bəhs olunub. Bildirilib ki, məhz Heydər Əliyevin hakimiyyəti dövründə “Kitabi-Dədə Qorqud” eposunun tədqiqi, nəşri və təbliği sahəsində mühüm dönüş yaranıb, dastanın yenidən elmi və mədəni dövriyyəyə daxil olması təmin edilib.
Çıxış zamanı “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin keçirilməsi haqqında imzalanmış fərmanın, UNESCO səviyyəsində təşkil olunan tədbirlərin və qorqudşünaslıq sahəsində aparılan elmi tədqiqatların əhəmiyyətindən danışılıb. Həmçinin qeyd olunub ki, bu gün də Prezident İlham Əliyevin diqqət və qayğısı ilə milli-mədəni irsin öyrənilməsi və təbliği istiqamətində ardıcıl işlər görülür.
Tədbir iştirakçıları tərəfindən məruzə maraqla qarşılanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.