Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva
24.05.2026 16:50
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva

Respublikamızda fizika elminin inkişafinda layiqli xidmətləri olan tanınmış alim, Azərbaycan Milli Elmlər Akademiyasının fizika üzrə ilk və indiyədək yeganə qadın üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Səlimə İbrahim qızı Mehdiyevanın 85 yaşı tamam olur.

Səlimə Mehdiyeva 1941-ci il may ayının 21-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş, 1958-ci ildə Bakı şəhəri 14 saylı orta məktəbi,  1963-cü ildə indiki Bakı Dövlət Universitetinın fizika fakültəsini bitirmiş, həmin ildə Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutunda aspiranturaya daxil olaraq burada görkəmli alim akademik Həsən Abdullayevin elmi rəhbərliyi ilə selen yarımkeçiricisinin müxtəlif aqreqat hallarının fiziki xassələrinin tədqiqi üzrə elmi-tədqiqat işləri aparmağa başlamışdır. Qısa müddətdə bu istiqamətdə maraqlı elmi nəticələr almağa nail olaraq onları həmin dövrün çox nüfuzlu ittifaq və xarici jurnallarında (SSRİ EA-nın Məruzələri, Physica Status Solidi, Physics Letters, Физика и техника полупроводников və s.) dərc, bir neçə beynəlxalq konfranslarda məruzə etmişdir.

O, apardığı tədqiqatlar və aldığı yeni elmi nəticələr əsasında 1967-ci ildə Vilnüs Dövlət Universitetində “Yüksək təmizlikli selenin bəzi fiziki xassələri” mövzusunda namizədlik, 1988-ci ildə “Selen və polietilen əsasında xətti polimer yarımkeçirici və dielektriklərin quruluşu və fiziki xassələri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 1993-cü ildə professor elmi adı almış, 2017-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. Professor Səlimə Mehdiyeva Fizika İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, uzun müddət institutun Elmi katibi, 1976-ci ildən  2021-ci ilədək Fizika İnstitutunda təşkil etdiyi  yeni “Qeyri-krisrallik yarımkeçiricilərin fizikası” laboratoriyasının rəhbəri, hazırda həmin laboratoriyada baş elmi işçi, 1995-2002-ci illərdə elmi işlər üzrə direktor müavini vəzifələrində işləmiş, əməyə məsuliyyətli və yaradıcı yanaşması, böyük təşkilatçılıq bacarığı, əzmkarlığı, qayğıkeşliyi hesabına rəhbərliyin və kollektivin böyük hörmətini qazanmışdır.

Texnikada geniş tətbiq olunan selen yarımkeçiricisinin, onun əsasında polimer sistemlərin və şüşəvarı xalkogenidlərin kompleks tədqiqi ilə məşğul olan professor S.Mehdiyeva bu sahədə elmi məktəb yaratmış, fundamental elmi və tətbiq əhəmiyyətli nəticələr almışdır. Həmin tədqiqatlar sayəsində selendə köçürmə hadisələrinin, tarazlıqda olmayan bir sıra elektron proseslərinin mexanizmləri, amorf, poli- və monokristal, maye selenin elektrik, fotoelektrik, istilik, mexaniki xassələrinə müxtəlif aşqarlarm təsir qanunauyğunluqları, bu əsasda selenin fiziki xassələrinin məqsədyonümlü idarə olunma üsulları müəyyənləşdirilmişdir. Selenin xassələrindəki özünəməxsusluqların onun polimer quruluşu və onda olan, adi üsurlarla təmizlənilməyən oksigenlə bağlılığı aşkarlanmışdır. Bu nəticələr selen cihazlarının, xüsusilə selen düzləndiriciləri və elektrofotoqrafıya lövhələrinin parametrlərinin yaxşılaşdırılmasına köməklik göstərmişdir. Selen əsasında şüşəvarı sistemlərin fiziki xassələrinin tədqiqi kristallaşmaya davamlı fotohəssas, yüksək elektrik müqavimətli materialların alınmasına və onların tətbiq imkanlarının genişləndirilməsinə imkan yaratmışdır. Bu materialların elektrik, fotoelektrik, optik xassələrinə halogen aşqarlarının təsirinin kompleks tədqiqi vidokonlar üçün yüksək həssaslıqlı fotohədəfin işlənib hazırlanmasına gətirmişdir. Habelə, şüşəvarı xalkogenidlərdə işığın Raman səpilməsinə, xətti və qeyri- xətti sındırma əmsallarına, optik xassələrə tərkibin və aşqarlarm təsirinin tədqiqi nəticəsində yaxın və orta infraqırmızı oblastda həssas olan fıber-ötürücülər üçün yararlı funksional materiallar təklif olunmuşdur. Görkəmli alimin və onun tələbələrinin aldığı elmi nəticələr yeni elektron texnikası çeviricilərinin yaradılmasında, mövcud cihazların xarakteristikaların yaxşılaşdırımasında əhəmiyyət kəsb etdiyi kimi, polimer yarımkeçiricilərdə, qeyri-kristallik materiallarda, xüsusilə amorf şüşəvarı sistemlərdə baş verən taraz və qeyri-taraz elektron hadisələrinin mexanizminin araşdırılması üçün faydalıdır, bu nəticələrə dünya elmi ədəbiyyatında çox sayda istinadlar vardır.

Professor S.Mehdiyeva bir monoqrafiyanın, böyük əksəriyyəti yüksək reytinqli beynəlxalq jurnallarda dərc olunmuş 350-ə yaxın elmi əsərin, 14 müəlliflik şəhadətnaməsi və patentin müəllifidir. Elmi rəhbərliyi və məsləhətçiliyi ilə 2 elmlər doktoru, 16 fəlsəfə doktoru yetişdirilmişdir. O, bir neçə beynəlxalq qrant layihələrinin iştirakçısı olmuş, 40-dan artıq beynəlxalq və Respublika konfransda məruzə ilə çıxış etmişdir, müntəzəm olaraq müxtəlif Dissertasiya şuraları tərəfindən elmlər doktoru və fəlsəfə doktoru dissertasiyalarına rəsmi opponentliyə dəvət olunur. Alim fəal elmi-tədqiqat işi ilə yanaşı böyük elmi-təşkilatı və ictimai iş də aparır. O, 1969-78-ci illərdə Azərbaycan MEA Fizika İnstitutunun Elmi katibi, 1995 - 2002-ci illərdə elmi işlər üzrə direktor müavini, uzun müddət laboratoriya rəhbəri vəzifələrində çalışmış, institutda elmi-tədqiqat və tətbiq işlərinin müəyyənləşdirilib planlaşdırılması, aparılmasının təşkili və icrası, yüksək ixtisaslı elmi kadrların hazırlanmasına, müxtəlif tədbirlərin hazırlanıb keçirilməsinə böyük faydalı əmək sərf etmişdir. Xüsusilə, Dövlət müstəqilliyimizin ilk ağır illərində institutun kadr potensialının və maddi-texniki bazasının qorunub saxlanılmasında onun əvəzsiz xidmətləri vardır.

Respublika Elmi əlaqələndirmə şurasının sədr müavini, institut müdafiə şurasının həmsədri olmuş, hazırda Fizika İnstitutu Elmi şurasının, institut nəzdində fəaliyyət göstərən Dissertasiya şurasının, “AMEA-nm Xəbərləri” FRTE seriyası və Fizika jurnallarının redaksiya heyətinin üzvü, institut Qadınlar təşkilatının sədridir. O, uzun müddət Bakı Dövlət Universitetində ixtisas kurslarından mühazirə dərsləri aparmış, tələblərdə fizika elminin əsaslarına və təcrübi tədqiqat işlərinə böyük  maraq yaratmışdır. Səlimə Mehdiyeva institut kollektivi, respublikamızın elmi və pedaqoji ictimaiyyəti arasında layiqli hörmətə malikdir. O, böyük təcrübəyə malik tanınmış alim, yaxşı təşkilatçı, mehriban insan, yaxşı həmkar, qayğıkeş valideyndir. Yarımkeçiricilər fizikası və texnikasının inkişafına mühüm töhfələr vermiş, görkəmli alim və elm təşkilatçısı, xeyirxah insan Səlimə Mehdiyevanı şərəfli yubileyi münasibəti ilə təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı, yeni böyük uğurlar arzulayırıq!

Arif HƏŞİMOV, AMEA-nın akademik-katibi, akademik

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: