Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

04.06.2026 10:26
  • A-
  • A
  • A+

ABŞ və İngiltərənin tanınmış tədqiqatçıları ilə görüş keçirilib

ABŞ və İngiltərənin tanınmış tədqiqatçıları ilə görüş keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev xüsusi layihə çərçivəsində Azərbaycanda tədqiqatlar aparan Tulane (Nyu-Orlean, ABŞ) Universitetinin Alman və Slavyanşünaslıq kafedrasının dosenti, Harvard (Kembric, ABŞ) Universitetinin Müqayisəli Ədəbiyyat üzrə fəlsəfə doktoru Dr. Elio Brankaforteni (Elio Brancaforte) və Oksford Universitetinin (İngiltərə) Tarix fakültəsinin müxbir üzvü, tarix və antropologiya üzrə arxeoloq Dr. İrina Şingirayla (Irina Shingiray) görüşüb.

F.Quliyev qonaqları salamlayaraq rəhbərlik etdiyi elmi müəssisənin arxeologiya və antropologiya üzrə apardığı son tədqiqatlar, əldə edilmiş uğurlar və qarşıda duran vəzifələr barədə məlumat verib.

Dr. Elio Brankaforte Səfəvilər dövründə Azərbaycanda olmuş Avropalı səyyahların, xüsusilə Adam Olearinin səfər marşrutları barədə məlumatlar topladığını qeyd edib. Dr. İrina Şingiray isə, bildirib ki, onun əsas elmi maraq dairəsinə ilk orta əsrlərdə Avrasiyada hunların və Hun ittifaqına daxil köçəri tayfaların, xüsusilə də Xəzər tayfa birliklərinin tarixi və arxeologiyası daxildir. Qonaqlar öz maraq dairələrində olan elmi mövzular üzrə birgə tədqiqatların və əməkdaşlığın məhsuldar nəticələr verəcəyinə əminliklərini qeyd ediblər.

Fərhad Quliyev qonaqlar tərəfindən qeyd edilən tədqiqat mövzuları üzrə rəhbərlik etdiyi institut tərəfindən hər bir dəstəyin göstəriləcəyini bildirib. Xüsusi olaraq Azərbaycanda Hun-Xəzər-Suvar tayfalarının arxeologiyası üzrə tədqiqatlara böyük marağın olduğunu vurğulayıb.

Qeyd edək ki, Dr. Elio Brankaforte və Dr. İrina Şingiray Oksford Nizami Gəncəvi Mərkəzinin (The Oxford Nizami Ganjavi Centre / ONGC) üzvləridirlər və uzun illər Azərbaycanda tədqiqatlar aparıb, ali məktəblərdə elmi mühazirələrlə çıxış ediblər. Görüşdə həmçinin Tulane Universitetinin nümayəndəsi Emma Şubert (Emma Schubert) də iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: