Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

04.06.2026 14:02
  • A-
  • A
  • A+

AMEA əməkdaşının əsəri Uzaq Sibir səhnəsində

AMEA əməkdaşının əsəri Uzaq Sibir səhnəsində

Rusiya Federasiyasının Qərbi Sibir regionunda yerləşən Xantı-Mansi Muxtar Dairəsinin Nefteyuqansk şəhərində AMEA-nın “Elm” Nəşriyyatının direktor müavini Vüqar Haqverdiyevin yazdığı “Pis uşaqlar planeti” pyesi əsasında hazırlanmış "Düzəlmə planetinə səyahət" ("Путешествие на планету исправлений") tamaşasının premyerası olub.

İyunun 3-də şəhərin “Yunost” Mədəniyyət Mərkəzində böyük anşlaqla baş tutan premyera izləyicilərin gur alqışları ilə müşayiət olunub.

Tamaşa Rusiyanın nüfuzlu “Zvezda Teatrala” (“Звезда Театрала”) mükafatının laureatı olan “Çayka” Gənclər Teatr-Studiyası tərəfindən səhnələşdirilib. Tamaşada studiyanın müxtəlif yaş qruplarını təmsil edən istedadlı aktyorlar çıxış ediblər.

Səhnə əsərinin quruluşçu rejissoru teatrın rəhbəri Larisa Miroslavina, tərtibatçı rəssamı Marina Vixrova, işıq rejissoru Sergey Katanenko, səs rejissoru isə Konstantin Fridrixdir. Səhnə arxasında aktyorların və texniki heyətin koordinasiyasını rejissor köməkçiləri Mixail Nefedov və Violetta Proxorova həyata keçiriblər.

Qeyd edək ki, “Pis Uşaqlar Planeti” pyesi son illərdə Rusiyanın müxtəlif bölgələrində, o cümlədən Sankt-Peterburq, Vıborq, Yamal və Omskda uğurla səhnələşdirilərək tamaşaçılara təqdim olunub.

Azərbaycanlı müəllifin qələmə aldığı əsərin uzaq Sibir regionunda səhnə həyatı tapması Azərbaycan dramaturgiyasının xarici ölkələrdə uğurla təmsil olunmasının və müasir Azərbaycan müəlliflərinin əsərlərinə olan marağın daha bir nümunəsidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: