Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

15 İyun həm də milli tariximizin xilası anıdır
12.06.2026 20:14
  • A-
  • A
  • A+

15 İyun həm də milli tariximizin xilası anıdır

1991-ci ilin oktyabrında Azərbaycan dövlət müstəqilliyini bərpa etsə də məlum və mənfur qonşuların terrorçu-separatçı niyyət və fəaliyyətləri, eləcə də daxili səriştəsizlik, mənəm-mənəmlikdən doğan qarşıdurma və bəzi hallarda xəyanət təzahürləri fonunda ölkənin nəinki durumu, hətta yaxın gələcək üçün taleyi şübhə altında idi. Vətənin bu ölüm-qalım dövründə Azərbaycanın xilas yolu alternativsiz olaraq, yalnız bir şəxs ilə bağlı idi. Və bunu XX əsrdəki Milli Tariximizin dialektikası da diktə edirdi. Bu dahi şəxs, 1969-1982-ci illərdə, Azərbaycana rəhbərlik etmiş, daha sonra Sovet İttifaqının istər partiya rəhbərliyində, istər də Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışaraq nəhəng bir ölkənin ən nüfuzlu, dərin bilik və bacarıqlı simalarından biri kimi tanınmış, Moskvadakı məqamlarından istefa verdikdən sonra, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi Vətənimizin bu köklü milli diyarının taleyinin xilası yolunda fədakarlıq nümunələri göstərən Heydər Əliyev idi. Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasının hakimiyyətinə qayıdışı yalnız xalqın təkidli tələbləri ilə deyil, TARİXİN HÖKMÜ İLƏ, TARİXİN MƏNTİQİ İLƏ baş vermişdir.

Axı Milli müstəqilliyimizi gözü götürməyən istər qlobal, istər də regional miqyaslı düşmənlər yalnız torpaqlarımızı qamarlamaq, daxili səbatsızlıq yaratmaq deyil, ciddi-cəhdlə, bir növ, Azərbaycan Tarixinin gedişini dayandırmaq istəyirdilər. Yəni zamanın bu anı, 1993-cü ilin iyunun 15-i millətin Ulu Öndəri Heydər Əliyev tərəfindən Milli Qurtuluşumuzun təmin edilməsi ilə yanaşı, Azərbaycan Milli Tarixinin də xilası günü anlamına gəlir.

Bu material üzərində işləyərkən, internetdə tarixçi alim, professor Cəbi Bəhramovun bir müsahibəsində rast gəldiyim çox maraqlı məqamı bölüşmək istəyirəm. Orada qeyd edilir ki, Heydər Əliyev özünün uzun illər ərzində formalaşdırdığı milli strategiyasını Azərbaycanın istər xanlıqlar, istər də Rusiyaya birləşdirilmə və ondan sonrakı, eləcə də Sovet dövründəki tarixinin ən vacib anlarını dərindən analiz edərək, çıxardığı nəticələr və onların gələcəkdə fəaliyyət üçün konseptual şəkildə nəzərə alınması üzərində qurub.

Həmin yazıdan sitat: “Heydər Əliyev tarixi hadisələri çox dərinliyi ilə, nöqtəsinə qədər bilirdi. O, 1967-ci ildə, hətta ondan əvvəlki dövrlərdə də dövlətin təhlükəsizlik orqanlarında işləyərkən, tarixçi alimlərlə mütəmadi görüşürdü. 1969-cu ildən 2003-cü ilə qədər bütün mərhələlərdə onun maraqlandığı sənədləri ona veriblər. Özü də dəfələrlə söhbətlərində tarixçi alimlərimizə “sizin 1918-ci il hadisələrinə, XI Qızıl Ordu və Dağlıq Qarabağla bağlı məsələlərə münasibətinizi bilmək istəyirəm” deyirdi” (bax: Professor Cəbi Bəhramov: “Qurtuluş Günü mənim üçün vətənimin – Azərbaycanın xilası deməkdir”. “Xalq qəzeti”, 18.06.2013, həmçinin https://old.xalqqazeti.com/az/news/education/35262 ).

Yəni bu dahi şəxsiyyət müasir dövrdəki siyasi hadisələrin gedişində tarixi təcrübədən gələn nəticələrə və ondan doğan proqnozlara əsaslanıb.

Milli Qurtuluş anından sonra, həyatının qalan  on ili ərzində də Ulu Öndər Heydər Əliyevin tarixi-siyasi təcrübəsi, dəqiq intuisiya və dərin intellekti müasir Azərbaycanın dünya xəritəsində müstəqilliyi əbədi və dönməz olan ölkə kimi öz layiqli yerini almasına xidmət etmişdir.

Zakir MURADOV, AMEA Gəncə Bölməsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: